“Kimsə bir başqasının oxumağını, oynamağını, piano ifa etməsini bəyənmir. Kimsə deyə bilər ki, mən ondan yaxşıyam. Bu, yaradıcılıqdır. Hər yaradıcı şəxsin öz yolu, öz üslubu və düşüncəsi mövcuddur.
Onların hamısının yaşamağa və dəyərləndirilməyə haqqı var. Azərbaycanın hər bir yaradıcı şəxsiyyəti bizim üçün əzizdir. Cənab prezidentin qəbul etdiyi qərarlar hər kəsin yaradıcılığına verilən bir qiymətidir. Kiməsə əməkdar artist, kiməsə xalq artisti, kiməsə təqaüd verilir. Bütün bu qərarlara hörmətlə yanaşmaq lazımdır. Çünki hər bir insan öz yaradıcılığının bəhrəsini görür”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müğənni Ağasəməd Səmədovun bir neçə gün bundan əvvəl “Xalq artisti” fəxri adına layiq görülməsi ilə bağlı bəzi sənətçilər arasında narazılıqların yaranmasına münasibət bildirərkən deyib.
Nazir eləcə də bu cür narazılıqla bağlı şərh vermək istəyində olmadığını vurğulayıb: “Mən bu çıxışlara şərh vermək niyyətində deyiləm. Birincisi, cənab prezidentin sərəncamı var, heç kim bunu şübhə altına almamalıdır. Qərar verilib və bu, düzgün qərardır. Mən Səməd Səmədovu təbrik edirəm və ona yeni yaradıcılıq uğurları diləyirəm”.
Qeyd edək ki, müğənnilər Əli Mirəliyev, Cavanşir Məmmədov və digərləri S.Səmədovun bu fəxri ada layiq görülməsini Azərbaycan musiqisi üçün qara ləkə adlandırıblar.
Əli Mirəliyev Səməd Səmədovu hətta qoyunotaran adlandırıb.
“Mən Mədəniyyət və Turizim Nazirliyinə, cənab nazirə şəxsən “təşşəkür” edirəm ki, ömrünü musiqi sənətinin inkişafına həsr etmiş, yaşları 80-ni haqlamış Süleyman Abdullayev, Nazim Ağayev qala-qala, Səməd Səmədova "xalq artisti" adı verdi. Yəqin ki, yaxşı “görüm-baxım” edib. Amma bir papaqlarını qabalarına qoyub fikirləşsinlər ki, Səməd kimilər belə adlar aldıqca Azərbaycan musiqisinin axırı necə olacaq”-deyə Ə.Mirəliyev bildirib.
Modern.az