Modern.az az saytının məlumatına görə, Gəncədə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfransda şəhərin orta umumtəhsil məktəblərində təhsilin keyfiyyət göstəriciləri araşdırılıb və yeni dərs ilinə hazırlıq məsələləri müzakirə edilib.
Konfransdan öncə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və təhsil işçiləri məktəblilərin əl işlərindən ibarət sərgiyə baxıblar. Daha sonra konfransda təhsilin əldə etdiyi nailiyətlər və çatışmazlıqlar araşdırılıb.
Gəncə şəhər Təhsil İdarəsinin müdiri Mahal Əliyev təhsilə, təhsil işçilərinə və bu sahənin maddi-texniki bazasının gücləndirilməsinə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, 2011-2012-ci tədris ilində Gəncədə 3 yeni məktəb tikiləcək, 2 məktəb isə əsaslı təmir olunacaq.
“2010-2011-ci tədris ilində Gəncə şəhərindən ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş 1992 abituriyentdən 787 nəfər (39.51 %) tələbə adını qazanıb. Bu, son illərdə qeydə alınan ən yüksək göstəricidir. Ali məktəbə qəbul olan abituriyentlərdən 47 nəfər 600-dən, 137 nəfər isə 500-dən yuxarı bal toplayıb. 57 nəfər ali hərbi məktəblərə, 27 nəfər isə Naxçıvanski adına hərbi liseyə qəbul olunub”.
Mahal Əliyev təhsildə bir sıra nöqsanlara da toxunub və bildirib ki, bu il çatışmazlıqlar aradan qaldırılacaq.
Konfransın yekununda Prezident İlham Əliyevə Gəncə təhsil işçiləri adından müraciət qəbul olunub.
Xaliq Qurbanov
Gəncə