Modern.az

Dini Komitə ABŞ Dövlət Departamentinin hesabatını araşdırır

Dini Komitə ABŞ Dövlət Departamentinin hesabatını araşdırır

Təhsil

14 Sentyabr 2011, 16:27

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ABŞ Dövlət Departamentinin sentyabrın 13-də açıqladığı “Dini etiqad azadlığı” ilə bağlı 2010-cu ilin iyul-dekabr aylarını əhatə edən yarımillik hesabata münasibət bildirib.

Komitənin mətbuat katibi Saleh Aslanov Modern.az-a deyib ki, sözügedən hesabatın rəsmi variantı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə hələ daxil olmayıb.

“Ancaq qeyri-rəsmi olsa da, hesabatın elektron informasiya bazasında yerləşdirilmiş variantı tərəfimizdən öyrənilir. Hesabatda yer almış qeydlər tam araşdırılaraq təhlil olunduqdan sonra daha ətraflı məlumat veriləcək”-deyə S.Aslanov qeyd edib.

ABŞ Dövlət Departamentinin sentyabrın 13-də açıqladığı “Dini etiqad azadlığı” ilə bağlı 2010-cu ilin iyul - dekabr aylarını əhatə edən yarımillik hesabatında deyilir ki, “Azərbaycan Konstitusiyası dini etiqad azadlığına təminat versə də, digər qanunlar və qaydalar bu azadlığı məhdudlaşdırır və reallıqda hökumət bu qadağaları daha da artırır”.
Hesabata görə, Azərbaycandakı əksər dini qruplar hökumətin müdaxiləsi olmadan fəaliyyət göstərə bilir. Ancaq, bəzi dini təriqətlər dövlət tərəfindən daim nəzarətdə saxlanır və reydlərə məruz qalır, dini ədəbiyyatları müsadirə olunur, bəzi müsəlman və xristian təriqətlərin nümayəndələri həbs edilir, təzyiqə məruz qalır.

Hesabatda Azərbaycandakı orta məktəblərdə qızların hicab geyməsinə qoyulan qadağadan da bəhs olunub.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...