Modern.az

Rektor-deputat I kurs tələbələri ilə görüşdə onların qarşısına tələb qoydu (FOTOLAR)

Rektor-deputat I kurs tələbələri ilə görüşdə onların qarşısına tələb qoydu (FOTOLAR)

Təhsil

15 Sentyabr 2011, 11:46

Sentyabrın 15-də Azərbaycan Dillər Universitetində(ADU)  “Bilik günü” münasibətilə  universitetin rektoru, millət vəkili, professor Səməd Seyidov I kurs tələbələri ilə görüşdü. ADU-nun akt zalında keçirilən görüş Azərbaycanın Dövlət Himni ilə başladı. Sonra rektor Səməd Seyidov Bilik günü münasibətilə professor – müəllim heyətini, tələbələri təbrik etdi. Azərbaycanın təhsil sistemində özünəməxsus yer tutan Azərbaycan Dillər Universitetinə daxil olan tələbələrə uğurlar arzuladı. ADU tələbələrinin Azərbaycanın bayrağını daim uca tutduğunu, bundan sonra da bu istiqamətdə fəaliyyət göstərəcəklərini dedi. Rəhbərlik etdiyi ali təhsil ocağının yaranması tarixindən, universitetdə fəaliyyət göstərən fakültə və mərkəzlər haqqında məlumat verən rektor bildirdi ki, universitetin əsas fəaliyyəti Azərbaycanı dünyaya, dünyanı isə Azərbaycana gətirməkdir:
“Bu şərəfli məsələ bu gün məhz elə buradan – Akt zalından başlayır. Gəncliyimiz daha ağıllı, daha mübariz və daha da qüdrətlidir. ADU-nu seçməklə siz düzgün yolda olduğunuzu sübut etmisiniz”.
Dövlət rəhbərliyi səviyyəsində təhsilə, gəncliyə, xüsusi qayğının olmasından danışan rektor S. Seyidov məhz bu qayğının nəticəsində də ADU-da vacib islahatların aparıldığını dilə gətirdi. Bolonya prosesi haqqında da danışan rektor bir çox tələbələrin öz təhsillərini xarici ölkələrin ali təhsil müəssisələrində davam etdirdiklərini nəzərə çatdırdı. Hər bir tələbənin öz qarşısına məqsəd qoymasının vacibliyindən danışan rektor bununla yanaşı, əsl vətəndaş olmağın vacibliyini vurğuladı:
“Sizdən bir məsələ tələb olunur: oxumaq, təhsil almaq və öz vətəndaş mövqeyinizi ortaya qoymaq. Təhsil almağın bir çox çətinlikləri var. Bu çətinliyi dəf edən şəxs gələcəkdə yüksək tribunalardan çıxış edəcək və onu hər yerdə dinləyəcəklər. Mənəvi dəyərləri qorumaqla, yüksək savada malik olmaqla işğal altında qalan Qarabağ torpaqlarını azad edib Azərbaycanın bayrağını qaldırmalıyıq”.
Təhsillə elmin yanaşı addımladığını diqqətə çatdıran rektor S. Seyidov tələbələri fəal olmağa, elmi məqalələr yazmağa və universitetin Tələbə Elmi Cəmiyyətinin işində yaxından iştirak etməyə çağırdı. Çıxışının sonunda rektor bir daha I kurs tələbələrinə uğurlar arzuladı və universitet rəhbərliyini onlara təqdim etdi.

Sonra yüksək balla ADU-nun Tərcümə fakültəsinə daxil olan Nigar Məmmədova tələbə yoldaşlarına uğurlar arzuladı və yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlığını bildirdi.

Valideynlər adından danışan 1 saylı İngilis dili fakültəsinin I kurs tələbəsi Fidan Babayevanın atası Nizami Babayev övladının ADU-ya daxil olmasından şərəf hissi keçirdiyini dilə gətirdi. Əmin olduğunu bildirdi ki, gənclər öz təhsillərini başa vuraraq Azərbaycana layiqli şəxs kimi yetişəcəklər.

1 saylı İngilis dili fakültəsinin dekanı, professor Əfqan Abdullayev öz çıxışında tələbələri təbrik edərək uğurlar arzuladı və təhsil aldıqları müddətdə onlara kitabdan ayrılmamalarını tövsiyə etdi.

Daha sonra yüksək balla universitetə daxil olmuş tələbələrə tələbə biletləri və qiymət kitabçaları təqdim edildi. Görüş ADU-nun himninin səslənməsi ilə başa çatdı.

Qeyd edək ki, 2011-2012-ci tədris ilində ADU-ya 1000-dən çox tələbə daxil olub.




Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...