14 sentyabr 2011-ci ildə Strasburqda AVRONEST PA-nın ilk sessiyası işə başlayıb. Sessiyanın ilk günündə AVRONEST PA Bürosunun və komitələrinin iclasları keçirilib. İclaslarda müzakirə edilən məsələlər və qəbul edilən qərarlar barədə suallarımızı millət vəkili, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin sədri Elxan Süleymanov cavablandırıb.
- Büro iclasında müzakirə edilən məsələlərlə bağlı məlumat verməyinizi xahiş edirik.
- Əvvəlcədən bildirdiyimiz kimi, Büro iclasının gündəliyində AVRONEST PA-nın 2012-ci ilin may ayında Şərq Tərəfdaşlığı ölkələrində keçirilməsi ilə bağlı Azərbaycanın təklifi müzakirə ediləcək. Azərbaycan tərəfi Prosedur Qaydalarının 7-ci maddəsinə uyğun olaraq, AVRONEST PA-nın növbəti sessiyasının Bakıda keçirilməsi təklifi ilə çıxış etmişdi. Lakin Büronun 21 iyun 2011-ci il tarixli iclasında iclasında AVRONEST PA-nın növbəti Plenar iclasının 2012-ci ilin may ayında Bakıda keçirilməsi təklifi ilə bağlı səsvermə zamanı Azərbaycan, Ukrayna, Gürcüstan və AVRONEST PA-nın Avropa Parlamenti tərəfindən həmprezidenti Xristian Vigenin PA-nın Plenar iclasının Azərbaycanda keçirilməsini dəstəkləsələr də, Ermənistan, Büronun üzvləri olan polşalı deputat Saryuj-Volski və rumıniyalı deputat Trayan Unqreanu əleyhinə səs vermişdilər, Moldova isə bitərəf qalmışdı. Bunun nəticəsində 2/3 səs çoxluğu qazanılmadı. Odur ki, məsələyə sentyabr sessiyası zamanı Büro iclasında yenidən baxılması qərara alındı.
Müzakirələr zamanı AVRONEST PA-nın Aİ-dən olan üzvü, Polşalı deputat Saryuj-Volski AVRONEST PA-nın sessiyalarının növbəti 2 il ərzində Şərq Tərəfdaşlığı ölkələrində keçirilməməsi barədə təkliflə çıxış etdi. Mən dərhal Volskinin bu təklifi ilə bağlı öz fikrimi bildirdim və qeyd etdim ki, bu təklif açıq-aşkar etibarlılıq, qarşılıqlı etimad və aydınlıq prinsiplərinə əsaslanan əməkdaşlığın başlanğıcında Avropa Şərq Tərəfdaşı ölkələrinə qarşı ayrıseçkiliyə və ikili standartlara yol açır, bütövlükdə bu təşkilatı mənasız bir quruma çevirir. Şərq Tərəfdaşlığı ölkələri, xüsusən də Ukrayna, Gürcüstan və Moldova mənə dəstək göstərdilər. Belə olan halda cənab Saryuj-Volski bir daha söz alaraq soruşdu ki, Azərbaycandan başqa digər ŞT ölkəsi sessiyanın keçirilməsi ilə bağlı müraciət edibmi. Mən onun sualını cavablandıraraq, bildirdim ki, Ermənistan tərəfi cari ilin sentyabr sessiyasının bu dövlətin müstəqilliyinin ildönümü günlərində Yerevanda keçirilməsi ilə bağlı müraciət etmişdi, lakin 2012-ci il sessiyasının keçirilməsi ilə bağlı müraciət etməyib. Uzun müzakirələrdən sonra AVRONEST PA-nın ikinci növbəti sessiyasının 2012-ci ilin may ayında Bakıda keçirilməsi barədə qərar qəbul edildi. Hesab edirəm ki, bu qərar Azərbaycan nümayəndə heyətinin əldə etdiyi siyasi uğurdur.
Eyni zamanda qərara alındı ki, komitələrin iclaslarının hansı ölkədə keçiriləcəyi barədə məsələlər Büroda müzakirə edilsin. Büro Sosial komitənin iclasının 2012-ci ilin fevral ayında Ermənistanda keçirilməsi haqqında da qərar qəbul etdi. Büroda həmçinin yeni məruzə mövzuları, fəaliyyət planı müzakirə edildi.
- Komitə iclasları barədə nə deyə bilərsiniz?
- Sessiyanın ilk günü AVRONEST PA-nın Enerji təhlükəsizliyi, İqtisadi siyasət və Sosial məsələlər komitələrinin iclasları keçirildi və bu komitələrin hazırladıqları sənədlər qəbul edildi.
- Siz Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya Komitəsinin iclasını qeyd etmədiniz...
- 14 sentyabrda Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya Komitəsinin də iclası keçirildi. İclasda bu komitə tərəfindən hazırlanmış “2011-ci il Şərqi Tərəfdaşlıq Sammitinə tövsiyyələrə dair: məqsədyönlü fəaliyyət üçün yüksək gözləntilər”adlı məruzə müzakirə edildi. Məruzə ilə bağlı AVRONEST PA-nın ŞT ölkələrinin milli nümayəndə heyətləri və Aİ-dən olan üzvləri tərəfindən çoxsaylı düzəlişlər təklif edilmişdi. Qeyd edim ki, Ermənistan tərəfi Azərbaycanın mövqeyinə ciddi zərbə vura biləcək təkliflər etmişdi. Ermənistan tərəfinin təklifləri bu ölkənin nümayəndə heyətinin təklifləri əsasən ŞT ölkələri ərazisində mövcud olan münaqişələrin həlli ilə bağlı BMT TŞ, AŞPA, Avropa Parlamenti kimi beynəlxalq təşkilatların qəbul etmiş olduqları qətnamə və qərarlardan məruzədə yan keçilməsi, Ermənistanın enerji siyasətinə qoşulması, regional iqtisadi inteqrasiya proseslərində və regionun iştirak etdiyi transmilli layihələrdə iştirakı, ŞT ölkələri arasında sərhədlərin silinməsi və s. ibarət olmuşdur.
Lakin, Azərbaycan nümayəndə heyəti israrla bu təkliflərin qəbuledilməz olduğunu bildirmiş, Ermənistanın 20% Azərbaycan ərazilərini işğal etməsini, 1 milyondan artıq Azərbaycan vətəndaşının qaçqın və məcburi köçkün həyatı yaşamasını, indiyədək işğal altında olan ərazilərin azad edilməməsini, məcburi köçkünlərin öz yurdlarına qayıtmaq və təhlükəsiz yaşamaq hüquqlarının təmin edilməməsini, bu istiqamətdə Ermənistanın qeyri-konstruktiv mövqe tutmasını, bu dövlətin ümümiyyətlə regionda destruktiv siyasət həyata keçirməsini komitə üzvlərinin diqqətinə çatdırmışdır. Nəticədə, məruzədə nüfuzlu beynəlxalq təşkilatların qərarları nəzərə alınmaqla, Avropa İttifaqının ŞT ölkələri ərazisində münaqişələrin həllində aktiv iştirak etməsi, ŞT ölkələrinin suverenliyi, ərazi bütövlüyü və sərhəd toxunulmamazlığına hörmə edilməsi barədə bəndlərin əks etdirilməsi qərara alındı. Bundan əlavə, Ermənistanın “mənbə və ya tranzit ölkəsi olmasından asılı olmayaraq, hər hansı ŞT ölkəsinin enerji təhlükəsizliyi sahəsində tam regional əməkdaşlıqdan çıxarılması və ya təcridinə yönəlmiş siyasəti ittiham etmək” təklifi məruzədən silindi.
Azərbaycan nümayəndə heyəti adından çıxış edərək bildirdim ki, mən bu sənədi təsdiqləyə bilmərəm. Belə ki, bu sənəd Cənubi Qafqazdakı reallıqları əks etdirmir, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qərarlara hörmət və onların yerinə yetirilməsinin təsdiq edilməsi cəsarətini özündə əks etdirmir. Odur ki, AVRONEST PA üçün bu sahədə hər hansı irəliləyiş əldə etmək çətindir. Nəticədə, Azərbaycanın etirazı ilə bağlı məsələləri konsensus yolu ilə razılaşdırılmaq üçün AVRONEST PA-nın 15 sentyabrda keçiriləcək plenar iclasında müzakirəyə çıxarılması qərara alındı. İnanıram ki, Azərbaycan nümayəndə heyəti plenar iclasda Azərbaycanın maraqlarını sona qədər qoruya biləcək, ona cavab verməyən hər hansı bir qərarların qəbul edilməsinə imkan verməyəcək.
- Qəbul edilmiş qərarlar kontekstində Azərbaycan nümayəndə heyətinin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycan nümayəndə heyətinin üzvləri son dörd ay ərzində gərgin işlər aparmış, bu işlərin sayəsində AVRONEST PA-nın növbəti sessiyasının Bakıda keçirilməsi kimi siyasi uğur əldə etmiş, Azərbaycanın maraqlarına cavab verən qərarların qəbul edilməsinə nail olmuş, ölkəmizin mövqelərinin zəiflədilməsi istiqamətində Ermənistan tərəfinin düzəlişlərinin qarşısını almışdır. Odur ki, Azərbaycan nümayəndə heyətinin fəaliyyətini yüksək qiymətləndirirəm.
Modern.az