Türkiyənin Azərbaycandakı səfirliyi «Yeni Müsavat» qəzetinin ötən həftə dərc etdiyi «Hərbi məktəbdə türk müdavimlərinə təzyiq olunur» başlıqlı xəbərlə əlaqədar açıqlama verib. Səfirlik Türkiyənin “Anadolu” Xəbər Agentliyinə verdiyi və rəsmi şəkildə faksla Azərbaycanın Müdafiə Nazirliyinə göndərdiyi açıqlamada sözügedən xəbərin əsassız və həqiqətdən uzaq olduğu bildirib. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu Modern.az-a Türkiyənin Azərbaycandakı səfirliyinin açıqlamasını təqdim edib.
“Türkiyənin Bakıdakı səfirliyinin mətbuat müşavirliyi müvafiq açıqlamasında Azərbaycan və Türkiyə mətbuatında dərc olunan xəbərlərin iki ölkə arasında mövcud olan dostluğu, əməkdaşlığı və qardaşlığı pozmaq istiqamətində «gerçək olmayan» yazılar olduğunu ifadə edərək, «Biz yayımlanan xəbərləri ciddi qarşılamırıq və əhəmiyyət vermirik» şəklində açıqlama ilə çıxış etmişdir.
Açıqlamada ötən həftə dərc olunan xəbərlərin əsassız və həqiqətdən uzaq xəbər olduğu qeyd edilmişdir.
Açıqlamanın davamında Türkiyənin Bakıdakı səfirliyinin Azərbaycanın müdafiə naziri Səfər Əbiyev və Azərbaycanın dövlət qurumları ilə çox intensiv və gözəl əlaqələrin mövcud olduğu qeyd edilərək, Azərbaycan və Türkiyə mətbuatında dərc olunan xəbərlərin iki ölkə arasındakı əlaqələrə ziyan vurmaq istəyən qüvvələrin bir cəhdi olduğu vurğulanmışdır.
«Yeni Müsavat» qəzetində yayılan bu xəbərin anonim dərc edildiyini də xatırladan açıqlamada xəbərlərin məqsədinin Türkiyə-Azərbaycan əlaqələrinə kölgə salmaq və Türkiyənin dostu müdafiə naziri Səfər Əbiyevin nüfuzuna xələl gətirmək və ona təzyiq göstərmək olduğu ifadə edilmişdir”.
Mail Ağaxanov