“Nissan”ın Sanderlenddəki zavodu rəsmi fəaliyyətə başlamasının 25 illiyini qeyd edir. Qeyd edək ki, həmin zavodun açılış mərasimində o zamanlar Böyük Britaniyanın Nazirlər Kabinetinə rəhbərlik etmiş “dəmir ledi Marqaret Tetçer özü iştirak edib.
Geridə qalan 25 il ərzində “Nissan” bu zavodda bir sıra rekordlara imza atıb. Fəaliyyətə başladığı ilk ildə 5139 Bluebird istehsalından başlayaraq 2010-cu ildə 423 262 avtomobil istehsalına qədər yol keçən bu zavodun sayəsində Böyük Britaniyada avtomobil müəssisəsi ilk dəfə illik 400 000 avtomobil istehsalını adlayıb keçdi.
Bugünkü tarixə qədər Sanderlenddə 12 müxtəlif model – Bluebird, Primera, Micra, Almera, Note, Qashqai və Juke daxil olmaqla 6.2 milyon avtomobil istehsal olunub.
1986-cı ilin 8 sentyabr tarixində işə başlamış Sanderlend zavodunda əmək fəaliyyətinə başlayan 430 əməkdaşın 133-ü hal-hazırda öz karyerasını qürurla bu zavodda davam etdirir.
2013-cü ildən bu zavodda elektriklə çalışan Nissan Leaf avtomobilinin istehsalına start veriləcək.