Modern.az

Qənimət Zahid: “Uşaqlarımın o cür cəzalandırıla biləcəyini təsəvvür etmək belə dəhşətlidir”(MÜSAHİBƏ)

Qənimət Zahid: “Uşaqlarımın o cür cəzalandırıla biləcəyini təsəvvür etmək belə dəhşətlidir”(MÜSAHİBƏ)

Media

15 Sentyabr 2011, 13:27

Azərbaycanda ailəsinə olan təzyiqlər üzündən həyat yoldaşını və uşalarını Fransaya aparan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid “Yeni Müsavat” qəzetinə müsahibəsində bu məsələlərdən danışıb. Q.Zahid bildirib ki, ailəsinə və uşaqlarına olan təzyiq və hədə-qorxudan sonra onları Fransaya yerləşdirməyi qərara alıb. Q.Zahidin müsahibəsini təqdim edirik:

- Qənimət bəy, sizin Fransaya getmək bəyanatınız qəfil oldu. Çünki daha öncə Türkiyəyə müalicəyə getdiyinizi açıqlamışdız. Amma 4 ay öncə baş vermiş bir təhdid nəticəsində ailənizin mühacirət etdiyini açıqladız. Bu təhdid olayını uzun müddət gizli saxlamanızın səbəbi nə idi?

- Həqiqətən də Türkiyəyə müalicə üçün getmişdim. Amma ailəmi Bakıda saxlaya bilməzdim və bunun da səbəbi məhz həmin təhdidlərlə bağlı idi. Mən bu təhdidlərlə bağlı çox məhdud sayda adamla məsləhətləşmişdim. İş o yerə çatmışdı ki, hətta müalicəyə qərar verməmişdən əvvəl uşaqları məktəbə buraxmamaq qərarı verməli oldum. Balacalar mayın əvvəllərindən, BDU-da oxuyan qızım Aysel isə mayın 10-dan sonra dərsə ara verməli oldu. Vəziyyət çox kritik idi. Hədə-qorxu mənim özümlə bağlı olsa, bunu ictimaiyyətə açıqlayar, ya təhlükəni sovuşdurmağa, ya da ən azı yüngülləşdirməyə çalışardım. Amma ortalıqda uşaqların təhlükəsizliyi ilə bağlı ciddi bir problem vardı və mən risk etmək istəmədim. Məsləhətləşdiyim adamlar da mənim qərarımın doğru olduğunu təsdiqlədilər.

-  Övladlarınıza qarşı təhdidin detalları ilə bağlı məlumat verə bilərsiniz? Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etmisinizmi?

- Mən hələ 2007-ci ilin may ayında öldürüləcəyimlə bağlı bir xəbər almışdım və onu cəmiyyətə açıqladım. Hətta onu da xatırlayıram ki, o zamanlar hələ fəaliyyəti tamam dağılmamış Redaktorlar Birliyi bu təhlükə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmişdi. Hesab edirəm ki, bu açıqlamanın və həmin müraciətlərin xeyri oldu: məni həbs etmək qərarı verildi və razılaşın ki, bu daha nikbin nəticədir.

Bu dəfə isə uşaqların həyatı üçün təhlükənin planlaşdırıldığı barədə məlumat öyrənə bildim. Bu azmış kimi böyük qızım Aysel və kiçik qızım Hunay dərsdən çıxıb evə gələrkən tamamilə fərqli naməlum adamlar onlara çox sərt hədə-qorxu gəlmişdilər. Onlara açıq tekstlə deyilmişdi ki, "atanız sizi nəzərə almırsa, biz də nəzərə almayacağıq". Mən vəziyyətin ciddi olduğunu qiymətləndirməklə yanaşı onların təhlükəsizliyini təmin etməyə də imkanımın olmayacağının fərqindəydim. Uşaqların hamısı müxtəlif məktəblərdə oxuyur və onları qorumaq fiziki cəhətdən də mümkün deyil. Mən sadəcə onu dəqiqləşdirə bildim ki, Azərbaycan hökumətinin çox yüksək səviyyəli məmurlarının himayə etdiyi hansısa bir cəza dəstəsi fəaliyyət göstərir. Bahəddin Həziyevin və Seymur Həziyevin cəzalandırılması olaylarını xatırlayın: burada eyni dəst-xətt mövcuddur. Hətta Ramin Deko da eyni qrup tərəfindən təqib edilib. Bu cinayətlərin üstünün açılmaması da onunla bağlıdır ki, bu qrup xüsusi olaraq bu cür məqsədlər üçün yaradılıb və onu ifşa etmək faktiki olaraq mümkün deyil. Burada siyasi iradə var və hüquq mühafizə orqanlarına müraciətin də heç bir mənası yoxdur. Mən bunu təcrübi olaraq öz üzərimdə sınaqdan keçirmiş adamam.

Bəyəm Azərbaycanın hüquq mühafizə orqanları mənim şərlənərək həbsə alınmağımın memarı deyillər ki? Mən Azərbaycanın hüquq mühafizə orqanlarının hansı məqsədlər üçün fəaliyyət göstərdiyini anlamayacaq dərəcədə sadəlövh deyiləm.

- Məqsəd sizin “Azadlıq” qəzeti rəhbərliyindən getməniz idi, yoxsa bu qəzetin qapadılması?

- Bu hədə-qorxuların məqsədinin nə olduğunu dəqiqliyi və təfsilatı ilə deməyə çətinlik çəkə bilərəm. Söhbət yalnız ondan getmir ki, mən “Azadlıq”ın rəhbərliyindən getdim, ya qaldım. Mən 2 il yarım həbsdə oldum, qəzetin işində bilavasitə iştirak edə bilmədim, amma nə dəyişdi ki?

“Azadlıq”ın qapanmasını kimlərsə məmnuniyyətlə arzu edərdilər, amma bunu təsəvvür etmək belə çox çətindir. Mənə qarşı hər hansı bir təxribat, hətta mənim aradan götürülməyim və ya ölkədən qovulmağım belə qəzetin qapanması üçün səbəb, əsas ola bilməz. “Azadlıq”ın kollektivi bu qəzeti yaşatmaq imkanındadır. Amma cəmiyyətdə xofu dərinləşdirmək, bütün hallarda işlək mexanizmdir. Xüsusilə dünya şəffaflaşdıqca, demokratik proseslər ən qatı avtoritar rejimlərin yaxasından silkələdikcə diktaturaların müqaviməti aqressivləşir.

- Övladlarınızı təhdid edənlər sizə konkret hansı mesajı göndərmişdilər?

- Mənim əldə edə bildiyim xəbər övladlarıma birbaşa yönələn təhdidlərdən bir neçə gün əvvəl idi. Amma düşünürəm ki, onlara verilən mesaj elə mənə ünvanlanmışdı. Mənim övladlarım sosial baxımdan passiv deyillər, həm gənclər təşkilatlarında, həm də virtual məkanda xüsusi fəallıq göstərirlər. Xatırlayırsınızsa, hətta böyük qızım aprel ayı ərzində iki dəfə polisin qanunsuz təzyiqləri ilə üzləşmiş, qanunsuz olaraq polis idarəsinə aparılmışdı. Amma bu hallar məni qətiyyən narahat etmirdi. Sosial-siyasi fəallığa görə Azərbaycan gənclərinin hamısı eyni münasibətlə üzləşirlər. Amma onların məhz mənə görə cəzalandırılması üçün plan hazırlanmışdı və bunu təsəvvür etmək belə istəməzdim. Düşünürəm ki, Azərbaycanda heç bir ata öz övladının, qız uşaqlarının Bahəddin Həziyevi cəzalandıran bir qrup tərəfindən cəzalandırılmasını təsəvvür etmək istəməz.  Bunu təsəvvür etmək belə dəhşətlidir. Amma görünür, hansısa şərəfsiz çevrələr var ki, onlar bu cür hadisələri nəinki təsəvvür edirlər, hətta planlaşdırırlar da...

- Hazırda ailənizin mühacirəti ilə bağlı son durum nə yerdədir? Övladlarınıza məktəb tapıldımı?

- İndi ailəm Fransadadır. Dəqiq ünvan deməyəcəyimi yəqin ki, bilirsiz. Avropada məktəb problemi yoxdur, təbii. Uşaqların təhsil səviyyəsindən və oxumağa olan münasibətlərindən isə narazılığım yoxdur. Böyük qızım Bakı Dövlət Universitetinin ən yaxşı fakültələrindən birində oxuyurdu, ortancıl bu il İqtisad Universitetinə daxil olacaqdı, o birilər isə türk liseyində yaxşı oxuyurdular. Məktəb və təhsillə bağlı yeganə problem o olacaq ki, onlar ən azı bir il geri düşəcəklər: fransız dilini mənimsəmə mərhələsində... Amma bürokratik prosedurlar var ki, bunlar bir qədər vaxt alır. Buna görə də bir neçə gün artıq ləngiməli oluram.

- Mühacirət üçün məhz Fransanı seçməyinizin özəl səbəbi varmı? “Sərhədsiz reportyorlar” təşkilatının dəvəti ilə baş tutdu bu mühacirət?

- Mən övladlarıma qarşı planlaşdırılan əməliyyatla bağlı “Sərhədsiz reportyorlar”ı məlumatlandırmışdım. Bu təşkilatın Azərbaycanla bağlı məsələlərdə çox geniş bilgiləri var və buradakı vəziyyətin nə qədər həssas olduğunu bilir. Ailəmi buraya gətirməyimdə bu təşkilatın bizimlə bağlı prosesi nəzarətdə saxlamasının rolu ola biləcəyini təxmin edə bilərsiniz.

- Qənimət bəy, sizin qayidacağınız dəqiqdirmi?

- Qayıdacağım dəqiqdir. Bunun əksini kim və necə təsəvür edə bilər ki?

- Bəs ailənizin sizdən bu qədər aralıda yaşaması qərarını vermək çətin olmadımı? Həm məişət, həm də təhlükəsizlik baxımdan problemlər sizi qayğılandırmır?

- Təbii, çətinliklər olacaq. Amma mən onların sağ-salamat olduqlarını biləcəyəm. Əsas olan da budur. Burada onlarla bağlı hər hansı təhlükənin olmayacağına əminəm. Məişət məsələlərinə gəlincə isə biz avtoritar bir rejimin mövcudluğu şəraitində yaşamağa öyrənmiş bir müxalifətçi ailəsiyik. Bizim yüksək tələblərimiz yoxdur axı.

- Özünüz ilin nə qədər hissəsini Bakıda, nə qədərini Parisdə keçirəcəksiniz?

- Bu məsələ ilə bağlı ciddi problemin olmayacağını düşünürəm. İndi dünya çox kiçikdir. Bakıdan Kürdəmirə gedə biləcəyin vaxt ərzində Parisə də gələ bilərsən. Ona görə də bunu reqlamentləşdirmək haqqında bir dəqiq bir planım yoxdur. Mənim üçün əsas məsələ övladlarımın həyatı və təhlükəsizliyidir, bunun təmin edildiyinə inanıram.

- Ailənizə orada necə yaşayış şəraiti yaradılıb? Hansı məktəbə gedəcəklər? Dolanışıq, həyat yoldaşınızın işlə təmin olunması kimi detallar həll olundumu?

- Ailəmin burada yerləşməsi ilə bağlı narahatlıq və narazılıq yoxdur. Təkrar edirəm ki, biz yüksək təminatlı həyat sorağında olmayan və öz idealları üçün yaşayan bir ailəyik. Təminatları isə sadəcə həyatı davam etdirmək üçün material əlavə hesab etmişik. Hələlik burada yerləşmələri və fransız dilini öyrənmələri lazımdır. Sonrakı mərhələlər sonrakı zamanlar üçündür.

- Qənimət bəy, ailəniz nə vaxtsa Azərbaycana qayıdacaqmı?

- Onların Azərbaycana qayıtmayacağını da təsəvvür etmirəm. Onlar öz ölkələrinə çox bağlı adamlardır. Hətta mühacirətə getmək fikrini uzun müddət yaxına buraxmaq belə istəmirdilər. Amma uşaqların həyatı ilə risk etmək istəmədiyimizdən bu barədə qərar qəbul etməyə məcbur olduq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi