Modern.az

Misir Mərdanovun müavinləri nazirə qarşı çıxdıqlarına görə “vurulublar”

Misir Mərdanovun müavinləri nazirə qarşı çıxdıqlarına görə “vurulublar”

Təhsil

15 Sentyabr 2011, 16:48

Yeni dərs ili başlayan ərəfədə təhsil naziri Misir Mərdanovun hər üç müavininin birdən işdən çıxarılması “təhsildə zəlzələ” kimi qiymətləndirilir. İndi hamı uzun illərdir nazirlə çiyin-çiyinə işləyən müavinlərin eyni vaxtda “vurulması”nın səbəblərini araşdırır. Hökumətdəki adının çəkilməməsini istəyən etibarlı mənbə Modern.az saytına təhsil nazirnin müavinləri İsgəndər İsgəndərov, Elmar Qasımov və İradə Hüseynovanın işdən çıxarılmasının səbəblərinə dair maraqlı məlumat verib.

Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, nazir müavinlərinin işdən çıxarılmasının ölkə təhsilindəki nöqsanlarla heç bir əlaqəsi yoxdur. Əsas səbəb Təhsil Nazirliyinin rəhbərliyi daxilində yaranan ixtilafdır. Belə məlum olur ki, müavinlər birləşib nazirə qarşı çıxırmışlar. Nazirlik rəhbərliyində yaranan bu ixtilafın kökləri isə xeyli uzaqdan başlayır.

Son illər təhsil naziri Misir Mərdanovun “vurulacağı” barədə məlumatların dövriyyəyə buraxılması da müavinlərin adı ilə bağlanılır.

Verilən məlumatlarda bildirilir ki, yeni dərs ili ərəfəsində ölkədə təhsillə bağlı keçirilən müxtəlif  tədbirlərə qatılan nazir müavinləri təhsil sahəsində ciddi islahatların aparılacağını, özlərinin isə sanki bu islahatlar nəticəsində daha yüksək pillə tutacaqlarını qeyd edirmişlər. Nazir müavinlərində bir əminlik yaranıbmış ki, son vaxtlar təhsil sahəsilə bağlı söylənilən bütün nöqsanlarda yalnız Misir Mərdanovun adının keçməsi, eyni zamanda Əmək Məcəlləsi və “Dövlət qulluqu haqqında” qanuna edilən dəyişiklik nəticəsində 65 yaş həddinin tətbiqi doğrudan da nazirin vəzifədən uzaqlaşdırlmasıyla nəticələnəcək.

Amma dünən tamam başqa hadisə baş verdi. Hər üç nazir müavini tutduqları postdan uzaqlaşdırıldı. İnformasiya qaynağının sözlərinə görə, sabiq nazir müavinləri Təhsil Nazirliyindən gül-çiçəklə yola salınıblar. Özlərinə də deyiblər ki, “bu, sizin söylədiyiniz təhsildəki islahatlarla bağlı atılan addımlardan biridir”.
Məlumata görə, nazirin sabiq kişi müavinlərindən biri özünü ağlamaqdan belə saxlaya bilməyib.

Modern.az saytına verilən məlumata görə, ictimai rəyə Misir Mərdənovun işdən çıxarılacağı barədə məlumatları sırıyan nazir müavinləri bununla yanaşı, bir neçə dəfə ondan yuxarılara ciddi şikayətlər də təşkil ediblər. Bildirilir ki, Misir Mərdanov sonuncu dəfə məzuniyyətdə olarkən müavinlər onun fəaliyyətindən Prezident Adminstrasiyasına şıkayətlər çatdırılmasına nail olublar.
Məlumata görə, nazir müavinlərinin məqsədi bu üç nəfərdən birini nazir postuna gətirmək olub. Bu məsələdə onların bəzi hakimiyyət nümayəndələri tərəfindən dəstəkləndiyi də söylənilir. Prezident Administrasiyasında Təhsil Nazirliyinin rəhbərliyi daxilində yaranmış ixtilafla bağlı ciddi narahatlıq sonda müavinlərlə bağlı qəti qərar verilməsinə səbəb olub.

Müavinlərinin ona qarşı çıxması Misir Mərdanovu da hərəkətə gətirib və onun əks tədbirlərdən yararlandığı qeyd olunur. Bununla yanaşı, nazir son açıqlamalarında özünün  də əvəzolunmaz adam olmadığını deməklə işdən çıxarılmaqdan qorxmadığını nümayiş etdirib. Halbuki, indiyədək Misir Mərdanov heç vaxt belə açıqlamayla çıxış etməmişdi.

Modern.az saytına verilən məlumata görə, hazırda Misir Mərdanovun özünün də vəziyyəti yaxşı deyil və onun vəzifəsində qalıb-qalmayacağı bilinmir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...