Modern.az

Fəxri ad qalmaqalları... "Xalq artisti" və "Əməkdar artist"i necə seçirlər..?

Fəxri ad qalmaqalları... "Xalq artisti" və "Əməkdar artist"i necə seçirlər..?

16 Sentyabr 2011, 14:54

Azərbaycanda mədəniyyət və incəsənət adamlarına hansısa əlamətdar hadisə ilə bağlı müxtəlif fəxri adlar verilir: “Xalq artisti”, “Əməkdar artist” və s... Fəxri ad sahiblərinin sayı ildən-ilə artmaqdadır. Amma hər dəfə fəxri adların verilməsi elə sənət adamlarının öz aralarında mübahisələr, qalmaqallara səbəb olur. “Fəxri ad qalmaqalı” xüsusilə müğənnilərin iştirakı ilə baş verir. Ad almayanlar ad alanları “bir qara qəpiklik sənəti olmayan oxuyan” adlandırır. Qarşı tərəf də cavabsız qalmır, “onların sənəti olsaydı, onlara da ad verilərdi” ittihamını səsləndirirlər. Qarşılıqlı ittihamlar tədricən təhqirlərə keçir. Bizim mədəniyyət və incəsənət nümayəndələri saydığımız şəxslər bir-birlərinə bozbaş, qoyunotaran, atlanıb-düşən, ördəksəsli oxuyan deyirlər.

Budəfəki “fəxri ad qalmaqalı” ötən həftədən başlayıb. Müğənni Səməd Səmədova Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə “Xalq artisti” fəxri adının verilməsi cəmiyyətdə, xüsusilə sənət adamları arasında təpki ilə qarşılandı. Çoxları narazı qaldı, amma üzdə deyil, arxada danışdılar, müğənni Əli Mirəliyev isə həmişəki kimi yenə gurultu qopartdı. Bu təqdimata görə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi ittiham edən Əli Mirəliyev Səməd Səmədiovu da qoyunotaran adlandırdı: “Adamı ən çox yandıran isə onun bu adı alması üçün təqdimat verənlərin hərəkətidir. Bir nazir ki, Azərbaycan musiqisini bilmir, kimin sənətçi, kimin qoyunotaran olduğunu aydınlaşdıra bilmir, onun nə haqqı var bu vəzifədə oturmağa. Hesab edirəm ki, Səməd Səmədova “Xalq artisti” adı verilməsi bizim musiqimiz üçün qara ləkədir”.

Bu açıqlamadan sonra bəzi sənət adamları üzdə, bəziləri də arxada Əli Mirəliyevi dəstəklədiklərini gizlətmədilər.

Növbəti belə qalmaqal mütləq olacaq... Növbəti fəxri ad verilməsi zamanı şübhəsiz bunun şahidi olacağıq.

Maraqlıdır, fəxri adların verilməsində siyahı necə hazırlanır? Bu titula layiq görülənlərdə əsas hansı xüsusiyət, keyfiyyət üstün götürülür?

Modern.az saytının əməkdaşı mədəniyyət və incəsənət xadimlərinə müxtəlif fəxri adların verilməsi ilə bağlı prosedur qaydanı öyrənmək üçün Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat katibi İntiqam Hümbətov Modern.az-a açıqlamasında bildirib ki, bu proses - adların verilməsi, mükafatlarla təltif olunmalar əsasən hər hansı əlamətdar günlərdə baş verir. O, sentyabrın 15-də 26 nəfərə müxtəlif fəxri adların verilməsilə bağlı sərəncamın imzalanmasını 18 sentyabr Milli Musiqi günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə bağlı olduğunu vurğulayıb.

Nazirlik rəsmisi deyib ki, fəxri adlar, təqaüdlər bir qayda olaraq mədəniyyət və incəsənət xadimləri kimi öz fəaliyyətləri ilə seçilən insanlara verilir.

“Əsasən də əlamətdar günlərdə bu hadisə baş verir. Mədəniyyət və incəsənət sahəsində xidmətlərinə görə mədəniyyət və incəsənət xadimləri Prezident tərəfindən müxtəlif fəxri adlar, təqaüdlərlə təltif edilirlər”.

İntiqam Hümbətov deyirb ki, öz fəaliyyətinə görə seçilən insanların təltif olunması ilə bağlı təqdimat Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanır, Prezident Administrasiyasına göndərilir:

“Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu sahədə fəaliyyətilə fərqlənən insanların təltif olunması ilə bağlı təqdimatlar hazırlanır. Daha doğrusu bizdə müxtəlif sahələr üzrə şöbələr fəaliyyət göstərir. Həmin şöbələr öz istiqamətləri üzrə - muzey, kitabxana, musiqi, kinemotoqrafiya, mədəniyyət və incəsənət sahələrində xidmətlərilə fərqlənən insanların qiymətləndirilməsi üçün təqdimatlar hazırlayır. Nəticədə yekun siyahı formalaşır və Prezident Adminstrasiyasına təqdim olunur”.

Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş mədəniyyət və incəsənt sahəsində tanınmış sənət adamlarına fəxri adlarla yanaşı, prezident təqaüdü verilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az saytına bildirilib ki, Azərbaycanda prezident təqaüdü alanların sayı isə 34 min nəfərdən çoxdur. Onların arasında müğənnilər də var. “Xalq” və “Əməkdar” fəxri adıarını daşıyan şəxslərin sayı 1700 nəfər yaxındır ki, bu sırada da müğənnilər azlıq təşkil etmirlər.

Hazırda “Xalq” fəxri adına (“Xalq artisti”) görə 50 manat, “Əməkdar” fəxri adına (“Əməkdar artist”) görə isə 30 manat maddi vəsait verilir.

Prezidentin fərdi təqaüdünü alan şəxslərə ayda 1000 manat verilir.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı