Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri cənab Metyu Brayzanı onun xahişi ilə qəbul edib.
Ombudsmanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə Ombudsman qonağın təmsil etdiyi səfirliklə insan hüquqları sahəsində qarşılıqlı əlaqələrin davam etdirilməsinin əhəmiyyətini söyləyib.
Gələcək əməkdaşlığın prioritetlərinin müəyyənləşdirməsi məqsədini daşıyan görüşdə səfir M.Brayza ölkəmizdə dinamik inkişaf proseslərinin getdiyini diqqətə çatdırıb. O, böyük təcrübəyə malik olan Azərbaycan Ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyət göstərdiyini söyləyib.
Diplomat həbsdə olan Eynulla Fətullayevin bu yaxınlarda əfv olunaraq azadlığa buraxılmasını müsbət dəyərləndirib. Səfir həbs olunan Bəxtiyar Hacıyevin, Cabbar Savalanlının və b. hüquqlarının təmini vəziyyətinin monitorinqi, həmçinin vətəndaşların mülkiyyət hüquqlarının müdafiəsi istiqamətində Ombudsmanın həyata keçirdiyi fəaliyyətlə maraqlanıb, onun sualları ətraflı cavablandırılıb.
Müvəkkil dövlət qurumları, QHT-lər, vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini vurğulayıb.
Qeyd olunub ki, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu Protokolun icrasının təmin edilməsi barədə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə milli preventiv mexanizmin (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində müəyyən olunduqdan sonra bu sahədə fəaliyyətin daha səmərəli aparılması üçün Ombudsmanın ölkədə azadlıqdan məhrum edilib və ya azadlığı başqa cür məhdudlaşdırılan şəxslərin saxlandığı müəssisələrə, o cümlədən müvəqqəti saxlanma təcridxanaları, penitensiar müəssisələrə müntəzəm baxışlar keçirdiyi vurğulanıb, təsisatda yaradılan qaynar xətlər barədə məlumat verilib.
Ombudsmanın tapşırığına əsasən, MPM qrupu üzvlərinin penitensiar müəssisələrə gedərək, saxlanma şəraitini və vəziyyəti öyrəndiyi, bəzi problemlərin həllində yardım göstərildiyi, bu başçəkmələrin nəticələri ilə bağlı müvafiq dövlət orqanlarına müraciət edildiyi diqqətə çatdırılıb.
E.Süleymanova “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa Müvəkkilin milli preventiv mexanizm kimi fəaliyyətinin tənzimlənməsi, eyni zamanda “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə nəzarətin həyata keçirilməsi üzrə əlavə və dəyişikliklər edildiyini bildirib. Ombudsmana verilən yeni funksiyalarla əlaqədar olaraq təsisatın strukturunda dəyişikliklər aparılacağı nəzərə çatdırılıb. O, bununla əlaqədar olaraq, KİV nümayəndələri və informasiya sahibləri olan 35 dövlət qurumunun əməkdaşları ilə məsləhətləşmələrin keçirildiyini, daha bir tədbirin QHT təmsilçiləri üçün təşkil ediləcəyini vurğulayıb.
Ombudsman jurnalistlərin professionallığının, müvafiq qanunvericiliyin, normativ-hüquqi sənədlərin daha mükəmməl öyrənməsi, həqiqəti əks etdirən qərəzsiz, şəffaf məlumatları yaymaq qaydalarına yiyələnməsi, həmçinin onların rəylərini öyrənmək məqsədilə beynəlxalq və milli ekspertləri dəvət etməklə silsilə məsləhətləşmələrin, treninq-seminarların davam etdiriləcəyini bildirib. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, məlumatların verilməsi və bununla bağlı sorğuların cavablandırılması qaydalarının informasiya sahibləri olan dövlət qurumları nümayəndələrinə izah edildiyi bildirilib.
Görüşdə ABŞ-ın ölkəmizdəki səfirliyinin Siyasi işlər üzrə müşaviri xanım B.Buchet də iştirak edib.
Modern.az