“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi ekspertlərinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən, 2011-ci ildə ölkənin təhlükəsizlik və müdafiə sektorunda itkilərin ümumi sayında kəskin artım hiss olunur. Bu barədə təşkilatın rəhbəri Cəsur Sümərinli məlumat verib. Onun sözlərinə görə, mətbuatda əksini tapan məlumatlara istinad edərək adlı siyahı üzrə 2011-ci ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 68 nəfər təşkil edib. Ötən müddətdə 70 nəfər yaralanıb (və ya xəsarət alıb).
C.Sümərinli bildirib ki, müvafiq dövrdə döyüş itkiləri (8 nəfər erməni gülləsi, 1 nəfər mina partlayışı) 9 nəfər, qeyri-döyüş itkiləri isə 59 nəfər təşkil edir. 7 nəfər naməlum səbəbdən, 9 nəfər bədbəxt hadisədən (qar uçqunu, dəm qazından boğulma, ildırım vurması, yıxılma, elektrik cərəyanı vurması və s.), 10 nəfər avtoqəzadan, 7 nəfər xəstəlikdən (və ya zəhərlənmə), 1 nəfər əməliyyat tədbirlərindən, 16 nəfərsə bir-birinə qarşı silah tətbiq etmək - qeyri-nizamnamə hadisələrindən dünyasını dəyişib. 9 nəfərsə intihar edib. Dünyasını dəyişənlərin 61-i Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 2-i Daxili Qoşunların, 1 nəfərsə Xüsusi Dövlət Mühafizəsi Dəstəsinin hərbi qulluqçusu olub.
Eyni zamanda müxtəlif informasiyalara uyğun olaraq ordudakı bir sıra əlavə itkilərin (sayı 10-dan artıq) baş veridiyi bildirilir. Hazırda “Doktrina” JHAM ekspertləri tərəfindən onların araşdırlması həyata keçirilir. Məlumatlar təsdiq olunacağı təqdirdə onlar ictimaiyyətə təqdim olunacaq.
Yaralılara gəldikdə isə 10 nəfər qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 4 nəfər intihara cəhddən, 28 nəfər avtomobil qəzalarından, 7 nəfər bədbəxt hadisələrdən, 1 nəfər xəstəlikdən, 18 nəfər erməni gülləsindən, 2 nəfər mina partlayışından yaralanıb və ya xəsarət alıb. Onların 10-u Dövlət Sərhəd Xidmətinin, 1-i Hərbi Prokurorluğun, 2-i Xüsusi Dövlət Mühafizəsi Dəstəsinin, 57-ü isə Müdafiə Nazirliyinin hərbi qulluqçularıdır.
2011-ci ildə (yanvar-18 sentyabr) Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda baş verən itkilərin göstəriciləri
Səbəblər | say |
|
Qeyri nizamnamə hadisələri | 16 |
|
Intiharlar | 9 |
|
Avtomobil qəzaları | 10 |
|
Bədbəxt hadisələr | 9 |
|
Erməni gülləsi | 8 |
|
Mina və sürsat partlayışı | 1 |
|
Xəstəliklər (zəhərlənmə) | 7 |
|
Müəmmalı və ya naməlum ölümlər | 7 |
|
əməliyyat tədbirləri zamanı | 1 |
|
İtkilərin ümumi sayı | 68 |
|
Yaralananlar(xəsarət alanlar) | 70 |
|
2011-ci ildə (yanvar-18 sentyabr) Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda yaralıların (xəsarət alanların) göstəriciləri
|
|
C.Sümərinli bildirib ki, 2011-ci ilin sonunda 2003-2011-ci illərdə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda itkilərin və yaralıların ümumi sayına dair mətbuat konfransı keçiriləcək və onların adlı siyahısı ictimaiyyətə təqdim olunacaq. Burada söhbət min nəfərə yaxın hərbi qulluqçunun adının açıqlanmasından gedir.
Mail Ağaxanov