Modern.az

Metyu Brayza: “Mən ailəmlə yeni təyinat zamanı ancaq Azərbaycan üzərində dayanırdıq”

Metyu Brayza: “Mən ailəmlə yeni təyinat zamanı ancaq Azərbaycan üzərində dayanırdıq”

Təhsil

19 Sentyabr 2011, 13:29

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı qəbul edib.

Modern.az xəbər verir ki, Dövlət Komitəsinin sədri ABŞ-ın yeni səfirini salamlayaraq, onun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk Qrupunun
amerikalı həmsədri kimi keçmiş fəaliyyətini xatırlayıb və ölkəmizi yaxşı tanıdığını, regiondakı münaqişələrin tarixinə obyektiv bələd olduğunu vurğulayıb. Azərbaycanlıların milli-dini dözümlülük xarakterinin həm nəzəri, həm də həyati tərəflərinə şəxsən bələd olmağına şübhə etmədiyini açıqlayıb.

Hidayət Orucov əlavə edib ki, ABŞ-ın ölkəmizdəki səfirləri ilə Dövlət Komitəsi arasında  işgüzar münasibətlər ənənəsi mövcudur və bu davam etdiriləcək.

Səfir Metyu Brayza karyerasında növbəti yeni təyinat gözləyərkən ancaq Azərbaycanda  çalışmaq arzusunda olduğunu deyib. Ailəsinin də bu məsələdə ona dəstək olduğunu vurğulayan səfir, Azərbaycanın ABŞ-ın srtateji tərəfdaşı olduğunu önə çəkib, belə bir siyasi seçimdə dövlətimizin və millətimizin sosial-iqtisadi islahatlar fonunda əldə etdiyi nailiyyətlərin, milli-dini xarakterindəki tolerantlıq ənənəsinin, hər cür ayrı-seçkiliyə “yox” demək iradəsinə malikliyinin əsas rol oynadığını deyib.

“Azərbaycan Amerikanın dostudur, Amerika da Azərbaycanın dostudur. Mən bir səfir kimi bu mövqenin okeanın o tayında hamının diqqətinə çatdırmağa səy edəcəyəm”, - deyə M.Brayza xüsusi vurğulayaraq bildirib ki, ABŞ dövlətinin strategiyasında belə bir fikir formalaşıb: “Dövlət-din münasibətlərində din siyasiləşdirilməməlidir. Əgər hər hansı dövlət öz din siyasətini başqa ölkəyə ixrac edərsə, yerli xalq buna birmənalı olaraq   “yox, bizim öz dinimiz, öz dövlət-din münasibətlərimiz var” deməlidir. ABŞ isə xalqın bu iradəsinə dəstək verməli, kömək etməlidir. Bəzən Departament hesabat hazırlayarkən elə ifadələr işlədilir ki, bizim yerlərdəki fəaliyyətimizə mane olur. Səfir kimi məqsədim qurumlarımız arasında yaxşı və anlaşıqlı işgüzar münasibətlərə şərait yaratmaqdan ibarət olacaqdır”.

Hidayət Orucov əlavə edib ki, dinin siyasiləşdirilməsi bəzi ölkələrdə acı tendensiya xarakteri alıb, Azərbaycan isə təriqətlərüstü və saf din siyasəti aparır.
““Din dövlətdən ayrıdır” prinsipi Azərbaycanda sözün əsl mənasında yaşarlıdır. XXI əsrdə dini ekstremizmə yol verilə bilməz. Terrorizmdə dindən dəstək almaq olmaz. Dinləri, xüsusilə də İslamı terrorizmdə günahlandırmaq isə ən azı ədalətsizlik və savadsızlıq kimi dəyərləndirilməlidir. Bu istiqamətdə amerikalı dostlarımızla biz həmfikirik”-deyə H.Orucov bildirib.

Görüşdə insan hüquqları sahəsində əməkdaşlıqla bağlı tərəfləri  maraqlandıran digər məsələlər barədə də fikir mübadilələri aparılıb.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...