"Türkiyə ilə İsrail arasındakı münasibətlərin gərginləşdiyi bir dövrdə bizə qardaş olan Azərbaycan da bu ölkə ilə münasibətlərinə yenidən baxmalıdır". Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç belə deyib. Səfir daha sonra bildirib:
“Biz hər zaman, tarix boyunca Azərbaycanın yanında olmuşuq. Azərbaycana görə 18 ildir sərhədlərimiz bağlıdır. Türkiyə Azərbaycana görə 18 ildir sərhədlərini bağlayırsa, qardaş bir dövlətin problemi də Azərbaycanın problemi olmalıdır. Azərbaycanla İsrail arasında münasibətlərin hər zaman güclənməsini istəyirik. Amma bunun da bir şərti var. Bir tərəfdən Türkiyə ilə İsrail arasındakı münasibətlər pozulub və bu məsələnin belə şəkildə davam etməsi hər türk vətəndaşını rahatsız edir. Bu, münasibətlərə təsir etməlidir. Bunun ən sadə nümunəsi Türkiyə ilə Ermənistan münasibətləridir. Ceyhandan İsrailə neft daşındığını bilirik. İsrail bu haqda fikriləşməlidir. Burada bir problem olacağını nəzərə almalıdır. Azərbaycan hökuməti də nə edəcəyini bilən bir hökumətdir. Bizim Azərbaycana güvənimiz tamdır”.
Məsələyə millət vəkli Fazil Mustafa münasibət bildirib. Deputat Modern.az-a açıqlamasında deyib: “Mən Türkiyə və Ermənistan, Azərbaycan və İsrail münasibətlərinə eyni konteksdə baxılmağının tərəfdarı deyiləm. O baxımdan ki, Ermənistan birbaşa Azərbaycana müharibə elan edib və Azərbaycana müharibə elan etdiyinə görə, Türkiyə öz qardaşlıq borcunu yerinə yetirib, belə bir addım atıb. Bu da hər bir azərbaycanlı tərəfindən həmişə yüksək qiymətləndirilən bir addımdır. İsrail və Türkiyə münasibətlərində isə müharibə situasiyası və başqa daha maksimal bir situasiya yoxdur. Azərbaycan da İsrailin üzr istəməsi, İsrailin müəyyən addımlar atmasına səylər göstərməlidir. Əks halda İsrailin addımlarını gözləməyə müəyyən ehtiyac var. İsrail həqiqətən də PKK-nı dəstəkləmək, yaxud da ermənilərin qondarma “soyqırımı” dediyi avantüranı dəstəkləmək yolunu tutarsa, onda bu addımın Azərbaycan tərəfindən atılması daha məqsədəuyğun və yerində olar. Bütün hallarda bu prosesdə Azərbaycan Türkiyəni dəstəkləməlidir. Çünki İsrail bu məsələdə haqsızdır və Türkiyənin mövqeyini həm haqlı olduğuna görə Azərbaycan müdafiə etməlidir, həm də bir müttəfiqlik sədaqətinə görə məsələyə yanaşmalıdır. Amma indiki məqmada Azərbaycanın İsraillə münasibətləri dayandırması Türkiyənin də faydasına olmaz”.
Deputat deyib ki, bütün hallarda Azərbaycan Türkiyə-İsrail münasibətlərinin qaydaya salınmasınada - əgər gücü çatırsa - müəyyən məsələlərdə kömək göstərməyə çalışmalıdır: “Amma səfirin bu narahatçılığını anlıyıram və hesab edirəm ki, bu, haqlı, yerində olan narazılıqdır və biz bir yerdə iki qardaş kimi hərəkət etməliyik. Bununla belə situasiyanı dərinləşdirməyin də tərəfdarı deyiləm. Çünki Ermənistan torpağımız birbaşa işğal edib və Azərbaycana qarşı müharibə aparır. Eyni zamanda, Türkiyənin maraqlarını təhdid edir, yəni ona qarşı da ərazi iddiası ilə çıxış edir. Bütün hallarda Türkiyə ilə koordinasiyalı hərəkət etməyimizin tərəfdarıyam”.
Aytən Əliyeva