Modern.az

Nuru Paşaya abidə qoyulması üçün Prezident İlham Əliyevə müraciət edildi

Nuru Paşaya abidə qoyulması üçün Prezident İlham Əliyevə müraciət edildi

Təhsil

19 Sentyabr 2011, 14:28

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Qafqaz İslam Ordusunun komandanı general Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsi üçün Azərbaycan Prezidentinə  müraciət edib. Modern.az müraciətin mətnini təqdim edir.

- Möhtərəm cənab Prezident!

XX əsrin əvvəllərində çar Rusiyasının dağıldığı, Rusiyanı və bütün regionu inqilab alovlarının bürüdüyü bir vaxtda cərəyan edən tarixi-siyasi hadisələr, I Dünya müharibəsinin başlanması Türkiyə və Azərbaycanda yaşayan müsəlman-türk xalqlarını növbəti ağır sınağa məruz qoydu. Tarixin bütün dövrlərində olduğu kimi, həmin mərhələdə də ölüm-dirim mübarizəsi ilə üzləşən xalqlarımız qəddar və amansız düşmənlə mübarizədə bir-birinə dəstək verərək ayağa qalxdılar.

Eyni hadisələr 1918-ci ilin mart-sentyabr aylarında yenidən təkrarlandı. Bakıda hakimiyyəti ələ keçirmiş erməni-bolşevik daşnakları çar Rusiyasının ordusundan qalan silah-sursatı ələ keçirərək, Bakıda və Azərbaycanın digər bölgələrində misli görünməmiş vəhşiliklər – soyqırımlar, qətliamlar törədərək 50 mindən çox dinc azərbaycanlını qətlə yetirdilər.

Türkiyə özü I Dünya müharibəsində böyük dünya gücləri ilə üz-üzə olsa da, belə bir çətin vaxtda Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşanın qardaşı general Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu Azərbaycan xalqının köməyinə gəldi. Gəncə ətrafında, Göyçayda, Şamaxıda, Salyanda, Qubada, Lənkəranda və digər ərazilərdə gedən qanlı döyüşlərdə Qafqaz İslam Ordusunun 7500 nəfərlik əsgərin qəhramancasına döyüşməsi sayəsində erməni-daşnak bolşeviki Stepan Şaumyanın Azərbaycanı və Bakını tam ələ keçirib burada “dənizdən-dənizə böyük Ermənistan” dövləti yaratmaq ideyası həyata keçmədi. 1918-ci il sentyabr ayının 14-15-də Bakı ətrafında gedən döyüşlərdə cəsur və qəhraman sərkərdə olan Nuru Paşa Bakını erməni-daşnak və sentrokaspi diktaturasının təpədən-dırnağa qədər silahlanmış quldur dəstələrindən azad etdi. Məhz bu qələbədən sonra Azərbaycan hökuməti Bakıya köçdü və Azərbaycan Demokratik Respublikası dünya dövlətləri tərəfindən tanındı. Beləliklə də,  Bakı Azərbaycanın paytaxtı kimi əbədiyaşarlıq qazandı.

Cənab Prezident!

Oxşar hadisələri 1990-cı ildə SSRİ dağılarkən, Azərbaycan dövlət müstəqilliyi qazandığı dövrdə erməni millətçiləri tərəfindən Azərbaycan xalqı və onun torpaqlarına qarşı növbəti təcavüzkar hücumlar başlanan zamanlarda təkrar yaşadıq. Həmin ağır anlarda xalqın tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə çox ağır şəraitdə milli dövlətçilik quruculuğuna başladığı zaman xalqımızın köməyinə ilk gələn yenə də Türkiyə Respublikası oldu və Azərbaycanın ilk müstəqilliyini tanıdı. Ümummilli Liderimiz Heydər Əliyevin söylədiyi “bir millət – iki dövlət” şüarı əsl dostluq simvoluna çevrildi.

 Ulu Öndər Heydər Əliyevin  bütün fəaliyyəti dövründə türk xalqlarının tarixi keçmişinin, milli-mənəvi dəyərlərinin müdafiəsində dayanması sonralar müs­təqilliyini əldə etmiş ölkəmizin bu qardaş xalqlarla birgə hədəflər uğrunda birləşməsini şərtləndirən əsas amillərdən oldu. Ulu öndərimizin təməlini türk xalqlarının təbii birləşmək istəyindən alan bu siyasəti Sizin türk xalqlarının birliyinin möhkəmləndirilməsi istiqamətində apardığınız məqsədyönlü siyasətlə günü-gündən daha da inkişaf etmiş, Azərbaycan bu gün bütövlükdə türksoylu dövlətlərin əməkdaşlıq mərkəzinə çevrilmişdir.

Çox hörmətli cənab Prezident!

Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Azərbaycanda qazandığı tarixi zəfər günü hər il sentyabr ayının 15-də dövlət və ictimayyət nüma­yəndələrinin iştirakı ilə qeyd olunur. Azərbaycan xalqının ürəyində Qafqaz İslam Or­dusuna və onun komandanı general Nuru Paşaya böyük sevgi və rəğbət kök salmışdır. Hər il geniş ictimayyət, dövlət və hökumət nümayəndələrinin, çoxsaylı ziyalıların iştirakı ilə 15 sentyabr Bakının azad olunması günü ilə əlaqədar Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin keçirdiyi tədbirlərdə ziyalılar tərəfindən Türkiyə və Azərbaycan dövlətlərinin tarixi dostluq və qardaşlığının simvollarından biri kimi Nuru Paşanın tarixi xidmətlərinin miqyasının böyüklüyünü nəzərə alaraq dövlət səviyyəsində qiymətləndirilməsini arzu edirlər.

1918-ci ildə Bakını azad etmiş Qafqaz İslam Ordusunun komandanı general Nuru Paşanın adının əbədiləşdirilməsi bütün qədirbilən xalqımız kimi biz ictimayyət nümayəndələrinin də arzusudur. Azərbaycan xalqının bu böyük sərkərdəyə olan minnətdarlıq duyğusuna qarşılıq ola­raq, Bakı şəhərinin görkəmli yerlərinin birində və onun döyüş yolu keçdiyi digər ərazilərdə Nuru Paşanın abidəsinin ucaldılması və küçələrdən birinə onun adına verilməsi ilə əlaqədar müvafiq dövlət qurumlarına göstəriş verməyinizi xahiş edirik.

Dərin hörmətlə,
İlham İsmayılov
Azərbaycanlıların və digər Türkdilli Xalqların
Əməkdaşlıq Mərkəzinin sədri 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...