Modern.az

«Babək və Hürrəmilik: yalanlar və gerçəklər»

«Babək və Hürrəmilik: yalanlar və gerçəklər»

Qarabağ

19 Sentyabr 2011, 14:46

«OĞUZ» Müstəqil Araşdırmaçılar Qrupu Gəncliyə Yardım Fondunda növbəti tədbir keçirib. Tədbir birliyin həmtəsisçisi və İdarə Heyətinin üzvü Ceyhun Bayramlının «Babək və Hürrəmilik: yalanlar və gerçəklər» kitabının təqdimatına həsr edilib.
Kitab barədə məlumat verən qrupun rəhbəri Vüqar Zifəroğlu Babək şəxsiyyətinin hələ də yetərincə öyrənilmədiyinə, bu tarixi şəxsiyyətin 50 milyonluq Azərbaycan türkünün mübarizlik və azadlıq təcəssümü olduğuna diqqət çəkib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalq qəhrəmanı Babəkin adının əbədiləşdirilməsi ilə bağlı imzaladığı müvafiq sərəncamı alqışladıqlarını və prezidentə təşəkkür etdiklərini bildirib. Daha sonra söz müəllifə verilib.
Müəllif Babəkin kimliyinə və Hürrəmilik hərəkatına ənənəvi sovet konsepsiyası bucağından baxmağın yanlış olduğunu, yeni bəlgələrin Babəkin müsəlman kimliyini daha çox ortaya çıxardığını bildirib. O, kitabda ilk dəfə bir sıra tarixi mənbələrdən istifadə edildiyinə diqqət çəkib.
Müəllif “Babək və hürrəmilik” əsərinin əsas qayəsinin Hürrəmilik hərəkatının başlıca məqsədinin Azərbaycanda Abbasi xilafətindən asılı olmayan müstəqil Türk-İslam dövlətinin qurulmasını ictimaiyyətə göstərmək olduğunu vurğulayıb. Onun fikrincə, Babək hərəkatını tədqiq etdikdən sonra çəkinmədən demək olar ki, dünya tarixində ilk türk-müsəlman dövləti Babəkin qurduğu və 22 il ərzində hökmdarı olduğu Azərbaycan dövlətidir və mənbələrdə bunu isbatlayacaq yetərincə fakt var. Babək zirvəsi öz-özlüyündə bu gün dünya tarix elmində adları çəkilən Hannibal, Uilyam Uollas kimi tarixi şəxsiyyətlərin hər birindən qat-qat yüksək bir zirvədir. Bu mənada bütün Türk dünyası özünün bu cür tarixi şəxsiyyəti ilə fəxr etməlidir.
Ziyalılar, təşkilat rəhbərləri və media nümayəndələrinin iştirak etdiyi tədbirdə hamı  kitab haqqında öz fikrini bildirib. Müəllifin yeni kitabı tədbir iştirakçılarına hədiyyə olunub.
Qeyd edək ki, sözügedən kitab «OĞUZ» MAQ-ın geniş auditoriyaya təqdim etdiyi sayca 5-ci kitabdır. Birlik üzvlərinin müəllifləri olduğu daha bir neçə kitab yaxın zamanlarda Azərbaycan oxucularına təqdim ediləcək.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal