Modern.az

20 ildə 796 923  partlamamış hərbi sursat zərərsizləşdirilib

20 ildə 796 923  partlamamış hərbi sursat zərərsizləşdirilib

18 İyul 2018, 20:50

“Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin 20 illik fəaliyyəti ərzində 529 091 352 kv.m (52 909.13 ha) ərazi təmizlənib. Bu müddətdə 796 923 ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib”. Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA)  20 illik yubileyinə həsr olunan tədbirdə çıxış edən qurumun direktoru Qəzənfər Əhmədov bildirib.

 

Qəzənfər Əhmədov qeyd edib ki, 1998-ci il 18 iyulda ANAMA-nın yaradılması Azərbaycanda mina və PHS probleminin həlli istiqamətində atılan ilk addım olub: "Hazırda ANAMA-nın milli potensialı humanitar minatəmizləmə üçün bütün əsas resurs və vasitələrə - minaaxtaranlara, minaaxtaran itlərə, mexaniki minatəmizləmə maşınlarına, regional bazalara, təlim mərkəzlərinə, təlim, tədqiqat və keyfiyyətin təminatı qurumuna, xüsusi əməliyyat və çevik əməliyyat qruplarına malikdir. ANAMA-nın Mina Təhlükəsinə dair Maarifləndirmə və Minadan Zərərçəkənlərə Yardım sahələrində də kifayət qədər təcrübəsi var”.

 

Tədbirdə çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai isə bildirib ki, ANAMA təkcə Azərbaycanda deyil, digər ölkələrdə də minatəmizləmə əməliyyatlarında fəal iştirak edir.

 

Qulam İshaqzai ANAMA-nın fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, təmsil etdiyi təşkilat ANAMA ilə səmərəli əməkdaşlıq edir və bu əməkdaşlıq bundan sonra da davam edəcək.

 

Tədbirdə İordaniya şahzadəsi, Minalardan Təmizlənmə və Reabilitasiya üzrə İordaniya Milli Komitəsinin sədri Mired Raad Al-Hüsseyni də çıxış ediblər.

 

Qeyd edək ki, tədbirdə tədbirdə ANAMA-nın əməkdaşlıq etdiyi bir sıra hökumət qurumları, xarici ölkələrin Azərbaycanda akkreditasiya olunmuş səfirləri, hərbi attaşelər, beynəlxalq təşkilatların nümayəndələri və yüksək rütbəli xarici qonaqlar iştirak ediblər.

Tədbirin sonunda ANAMA barədə video-çarx nümayiş olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!