“Diffamasiya haqqında” qanun layihəsi Milli Məclisin payız sesiyasında müzakirə oluna bilər. Bu barədə Modern.az saytına Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. Onun sözlərinə görə, Mətbuat Şurasının hazırladığı “Diffamasiya haqqında”qanun layihəsi artıq Milli Məclisə göndərilib: “Mətbuat Şurası ATƏT- lə birgə “Diffamasiya haqqında” qanun layihəsini müzakirə edib, hazırda qanun layihəsi Milli Məclisdədir. Mənə elə gəlir ki, Milli Məclisin payız sesiyasında müzakirə oluna bilər, amma dəqiq bilmirəm” .
Qeyd edək ki, beynəlxalq təşkilatın media sahəsində hüquqşünas-eksperti Ələsgər Məmmədli bir müddət öncə mətbuata bildirmişdi ki, qanun layihəsi Avropa İnsan Hüquqları Konvensiyasına, Avropa məhkəməsi hüquq sahəsinə uyğun hazırlanıb, jurnalistləri cinayət təqiblərindən müdafiə etməyə qadirdir və jurnalistlərin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə həbsinin ləğvini nəzərdə tutur.
Lakin o qeyd etmişdi ki, kriminallaşdırılma haqqında qanunun qəbulu söz azadlığı sahəsində tam zəmanət vermir. Belə ki, digər konstitusion və qanunverici məhdudiyyətlər qalır ki, bunlardan da gələcəkdə jurnalistlərə qarşı cinayət təqibləri məqsədilə istifadə oluna bilər.
Sədaqət Süleymanova