Milli Məclisin deputatı Nizami Cəfərovun bu gün duğum günüdür. Modern.az saytının məlumatına görə, millət vəkili 52 yaşını tamam edib.
Nizami Qulu oğlu Cəfərov 21 sentyabr 1959-cu ildə Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Filologiya elmləri doktoru, professor, əməkdar elm xadimidir.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. 25 kitabın müəllifidir. Rus, ingilis və fars dillərini bilir.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
1985-ci ildən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olub.
1987-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müəllimi, professoru, filologiya fakültəsinin dekanı vəzifələrində çalışıb. 2000-ci ildən Bakı Dövlət Universitetinin kafedra müdiri, Azərbaycanda Atatürk Mərkəzinin müdiridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
2010-cu ilin noyabrında növbəti dəfə 108 saylı Ağstafa seçki dairəsindən deputat seçilib. Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Evlidir, 2 övladı var.
Modern.az