Avropa Birliyi Türkiyəyə suriyalı qaçqınları sığındırdığı üçün borclarını qaytarmağa başlayıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, AB-nin Türkiyə qarşısında boyun olduğu 3 milyard avroluq borcundan 400 milyon avroluq ilk ödənişi edib.
Bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının rəsmi nümayəndəsi Aleksandr Vinterştayn bəyan edib.
“Avropa Komissiyası suriyalı qaçqınların təhsili üçün 400 milyon avroluq yeni paketi təsdiq edib. Bu Türkiyə ilə AB ölkələri arasında Türkiyədəki qaçqınlara dəstək Fonduna ödəniləcək razılaşdırılmış 3 milyard avroluq məbləğin ilk ödənişidir” – Vinterştayn qeyd edib.
Qeyd edək ki, AB ölkələri ilə Türkiyə arasında Suriyadan köç edən şəxslərə sərhədlərini bağlayaraq onları Türkiyə daxilində saxlamaq barədə razılıq əldə olunub. Həmin razılığa görə AB Türkiyəyə qaçqınları öz torpaqlarında yerləşdirmək üçün 3 milyard avro ödəniş etməlidir. Lakin AB ölkələri dəfələrlə bu ödənişi ödəməyi təxirə salıb.
Əvəz ZEYNALOV