Modern.az

Bakıdakı bal yarmarkasında ara qarışdı

Bakıdakı bal yarmarkasında ara qarışdı

Ölkə

21 Sentyabr 2011, 16:00

Kənd Təsərrüfatı Nazirliyinin Naxçıvan arıçılarına güzəşt etməsindən narazı qalan digər bal satanlar qiymətləri qaldırdılar

Sentyabrın 20-dən Bakı şəhəri Xətai rayonunun ərazisində, metronun “Əhmədli” stansiyasının yaxınlığında yerləşən “Bakı” kinoteatrının qarşısında arıçılıq məhsullarının respublika sərgi satış yarmarkası açılıb.
Yarmarkanın təşkilatçısı olan Kənd Təsərrüfatı Nazirliyi hələ tədbirdən öncə bəyan etmişdi ki, 1 kq balın 15 manatdan baha satışına icazə verilməyəcək, qiymətlərə nəzarət olunacaq. Ancaq elə yarmarkanın ilk günlərindən qiymət üstündə həm arıçıların öz aralarında, həm də onlarla Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri arasında mübahisələr yaşanıb.

Modern.az saytının əməkdaşı bu gün yarmarkada Naxçıvan arıçıları ilə Azərbaycanın bölgələrindən olan arıçılar arasında dava-dalaşın da şahidi olub. Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanın bölgələrindən gələn arıçılardan öz məhsullarını 15 manatdan baha satmamağı tələb etsə də, Naxçıvandan gələnlərə güzəştə gedilib, onlara 1 kq balı 20-25 manata satmağa icazə verilib. Buna etiraz əlaməti olaraq bu gün Astara, Daşkəsən və digər bölgələrdən olan arıçılar da öz məhsullarını 20-25 manata satmağa başlayıblar. Rayonlardan gəlmiş arıçıların belə etirazı Naçxıvan arıçılarını qəzəbləndirib və yarmarkada yaranan mübahisələr aranı qarışdırıb. Hətta bəzi arıçıları əlbəyaxa dalaşmaqdan ayırıblar.

Məsələyə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri müdaxilə edərək Naxçıvan arıçılarına tətbiq edilən güzəşti onların uzaq məsafədən təyyarə ilə gəlmələri ilə izah ediblər. Lakin bu izahat etirazçı arıçıları qane etmədiyindən onlar da qiymətləri aşağı salmayacaqlarını bildiriblər.

Beləliklə, hazırda yarmarkada qiymət müxtəlifliyi mövcuddur. Bu gün yarmarkada 15, 20, 25, hətta 50 manata da bal təklif olunub.

Qeyd edək ki, arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasına 51 şəhər və rayondan 600-dən çox arıçı gəlib.

Arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası sentyabrın 20-dən oktyabrın 5-dək hər gün saat 9-dan 19-dək keçiriləcək. Yarmarkada 400 ton bal satılması gözlənilir.

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər