Azərbaycan mətbuat tarixinin araşdırıcısı, Bakı Dövlət Universitetinin professor Şirməmməd Hüseynov Məhəmməd Əmin Rəsulzadənin əsərlərinin üçüncü cildini mediada dərc etdirmək üçün “525-ci qəzet”də olub. Ş.Hüseynov Modern.az saytına bildirib ki, qəzetdə M.Ə.Rəsuzaldənin 1915-16-cı illərdə dərc olunan 200-ə yaxın məqaləsini çap etdirmək niyyətindədir.
“Çünki bu qəzet Məhəmməd Əmin Rəsulzadənin əsərlərinin ikinci cildini 98 nömrəsində dərc etmişdi. Sonradan mən onları götürüb ayrıca kitab halında çap etdirdim”.
Professor “525-ci qəzet”də dərc edilmək üçün verdiyi əsərlərin müstəqilliyimizin 20 illiyinə ən böyük hədiyyəsi olduğunu bildirib.
“İndi müstəqilliyinin bərpasının 20 illiyini qeyd edəcəyimiz Azərbaycan barədə bəzən deyirlər ki, kimsə bu dövləti yaradıb. Bu yanlışdır. Süleyman Dəmirəlin bir sözü var: “Dövlət başdır, hökümət şapkadır”. Şapka dəyişib, dövlət dəyişməyib. Bu dövlət 1918-ci ildə yaranan dövlətdir, sadəcə hakimiyyət dəyişib. Bunu qarışdırmaq lazım deyil”.
Ş.Hüseynov Müsavat Partiyasının yaranmasının 100 illiyinə həsr etdiyi Məhəmməd Əmin Rəsulzadənin əsərlərinin üçüncü cildi ilə bağlı çapa hazırladığı kitabının iki redaktoru olduğunu qeyd edib. Onlardan biri Bakı Dövlət Universitetinin müəllimi, professor Şamil Vəliyev, digəri isə tələbəsi Samir Musayevdir. Eyni zamanda professor artıq M.Ə.Rəsuzaldınin əsərlərinin dördüncü cildi üzərində də işləməyə başladığını söyləyib.
Azərbaycan mətbuatının hamısını yaxından izlədiyini deyən Ş.Hüseynov hazırda ölkədə qəzet bolluğunun olduğunu və oxucuların azlıq təşkil etdiyini vurğulayıb.
“Amma bir vaxtlar var idi ki, oxucu çox idi, qəzet az idi və eyni qəzet oxunurdu. İndiki zamanda isə oxucu problemi var...”.
Ş.Hüseynov səhhəti ilə bağlı sualımıza “heç problem yoxdur” deyə cavab verib. O, özünü bir müddət öncəki əməliyyatdan sonra daha gümrah və cavan hiss elədiyini vurğulayıb.
“Hələki başım işləyir, gözüm görür, qulağım eşidir, hərəkət edə, işləyə bilirəm”.
Aytən ƏLİYEVA