Sentyabrın 21-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi parlament nümayəndə heyətinin Türkiyə Respublikasına rəsmi səfəri başlayıb.
Azərbaycanın Ankaradakı səfirliyindən Modern.az-a bildirilib ki, səfər çərçivəsində Oqtay Əsədov və başçılıq etdiyi nümayəndə heyəti ilk olaraq Türkiyə Respublikasının öndəri Mustafa Kamal Atatürkün movzoleyi “Anıtkabir”i ziyarət edib, movzoleyə əklil qoyub, xatirə dəftərinə öz ürək sözlərini yazıb və Qurtuluş Müharibəsi muzeyi ilə tanış olub.
Milli Məclisinin sədri Oqtay Əsədov və onun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində olub. Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək ilə Oqtay Əsədovun təkbətək görüşündən sonra heyətlərarası görüş olub.
Heyətlərarası görüş zamanı Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək iki ölkə arasında mövcud olan sıx əlaqələrdən, sözügedən əlaqələrin hər hansı iki dövlət arasındakı əlaqələr yox, xüsusi əlaqələr olduğundan və bu əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyindən söz açıb.
Milli Məclisinin sədri Oqtay Əsədov da öz növbəsində Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq əlaqələrinin tarixi köklərindən, mərhum prezident Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət iki dövlətdir” sözünün əhəmiyyətindən, iki ölkə parlamentləri arasındakı əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyindən, Azərbaycanın qanayan yarası Dağlıq Qarabağ problemi ilə əlaqədar Türkiyənin Azərbaycana olan dəstəyindən, Dağlıq Qarabağ probleminin həlli istiqamətində Azərbaycanın konstruktiv səylərindən və iki ölkə arasında hər sahədə olan əlaqələrin inkişafının güclü iki dövlət doğuracağından bəhs edib.
Daha sonra Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək bir daha çıxış edərək Dağlıq Qarabağ probleminin təkcə Azərbaycanın yox Türkiyənin də qanayan yarası olduğunu vurğulayaraq, Türkiyənin Azərbaycana olan dəstəyinin daim davam edəcəyini dilə gətirib.
Xoş və səmimi şəraitdə keçən görüşün ardından Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov və onun başçılıq etdiyi nümayəndə heyəti “Anadolu Mədəniyyətlər Muzeyi”ndə olub.
Bu gün axşam Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəkin Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov və onun başçılıq etdiyi nümayəndə heyətinin şərəfinə rəsmi ziyafət verəcək.
Səfər davam edir.
Modern.az