Hindistanda Maxaraştra ştatının Rayqad əyalətində tələbələri daşıyan avtobus dağ yolunda uçuruma yuvarlanıb.
Modern.az “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, faciə nəticəsində 30 nəfər həyatını itirib.
Bu barədə ştatın naziri Vinod Tavad Twitter hesabında yazıb.
“Avtobusun Mumbay yolunda dağdan uçuruma düşməsi nəticəsində içərilərində Konkan Krishi Vidyapeeth universitetinin tələbələri də olan 30 nəfər, ölümcül yaralanıb. Xilasetmə tədbirləri davam etdirilir. Mən vəzifəlilərə bütün lazımi tədbirləri görməyi tapşırmışam” – Tavad bildirib.
Tələbələrin Maxabaleşvara gəzintiyə getmək üçün avtobusa mindikləri qeyd edilir.
Hadisə yerində polis və təbii fəlakətlərə cavab milli qüvvələrinin komandası xilasetmə işlərini davam etdirir.
Qeyd edək ki, hadisənin təfərrüatları hələ ki bəlli deyil.
Əvəz ZEYNALOV