Qədim tarixə, mədəniyyətə və adət-ənənələrə malik olan Azərbaycanın rayonları, bu rayonların sakinləri müxtəlif xüsusiyyətlərilə biri-birindən fərqlənir. Rayonlarımız ayrı-ayrılıqda nəyiləsə də tanınırlar. Modern.az saytı “Rayonlarımız nəyi ilə tanınır” sualı ilə cəmiyyətimizin müxtəlif sahələrinin nümayəndələrinə müraciət edir. Yəni filan rayonun adı çəkiləndə ilk yada düşən nə olur..?
Bu dəfə də Xaçmaz rayonun nə ilə tanındığını öyrənməyə çalışdıq.
“Xaçmazda üç komponent birlikdə əks olunub”
“Xaçmaz rayonu deyiləndə ilk yadınıza düşən nə olur” sualı ilə ilk olaraq vəkil Yalçın İmanova müraciət etdik. “Nabran, dəniz, özünəməxsus təbiət mənzərələri... Bu üç komponent çox vaxt bir yerdə olmur. Amma Xaçmazda hər üçü birlikdə əks olunub” deyən Y.İmanov əlavə etdi ki, bu rayonun adı çəkiləndə Xaçmaz pomidorunu da xatırlayır.
Bu rayonun insanlarını digər bölgələrin insanlarından fərqləndirən hər hansı xüsusiyyətin olub-olmamasına gəlincə, Y.İmanov bildirdi ki, şimal bölgəsinə məxsus soyuqqanlılıq, səbr və təmkinli olmaq buranın insanlarının əsas xüsusiyyətləridir.
“İnsanları bicliyə meyilli deyil”
Millət vəkili Gülər Əhmədova bu rayonun adı çəkiləndə öncə sərin hava, gözəl meyvə və kükürdlü suyun yadına düşdüyünü bildirdi.
Bu rayonun insanlarına gəlincə, G.Əhmədova söylədi ki, Xaçmaz rayonunun sakinləri dürüstdürlər və bicliyə meyilli deyillər.
“Zəhmətkeş və cəfakeş insanlardır”
Media hüququ üzrə ekspert Ələsgər Məmmədli bildirdi ki, bu rayon haqqında təəssüratın onun meyvə-tərəvəzçilik baxımından çox inkişaf etməsi ilə bağlıdır. “Bakının meyvə-tərəfəz ehtiyatını demək olar ki, qarşılayan başlıça rayondur".
Ə.Məmmədlinin fikrinə görə, Xaçmaz rayonunda yaşayanlar zəhmətkeş və cəfakeş insanlardır. “Zəhmətkeş ona görə ki, ilboyu işləyir, məhsul yetişdirirlər, cəfakeş ona görə ki, ilboyu əziyyətlə yetişdirdikləri məhsullar çox vaxt əllərində qalır, təhvil verməyə yer tapmırlar, məhsul zay olur”.
“Daha çox tarixi abidələri xatrlayıram”
“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal bildirdi ki, Xaçmazda cəmi bir dəfə olub. Amma ölkəmizin şimal sərhədi olduğu üçün bu rayonla bağlı məlumatlara hər zaman həssas yanaşdığını deyən A.Camal söylədi ki, Xaçmaz deyərkən, daha çox oradakı tarixi abidələri xatırlayır.
“Bu şəhərdə Babəkin, Koroğlunun, Şah İsmayılın əzəmətli heykəlləri var. Elə bilirəm ki, bunlar simvolik olaraq seçilib. Çünki Xaçmaz şimal sərhədimizdəki qalamızdır. Həmin tarixi şəxsiyyətlər də sanki, əllərində qılınc Azərbaycanı qoruyur. Xüsusi xatırladığım başqa bir şey yoxdur. Bir də daha çox insanların dilindən eşitdiyim Xaçmaz pomidorudur” .
Bu rayonun insanlarına gəlincə, A.Camal “xaçmazlılar arasında yalnız Azər Həsrəti tanıyıram. Əgər Azər bəyə görə bütün xaçmazlılara qiymət verməli olsaq, demək hamısı gözəl insanlardır ” deyə bildirdi.
Sədaqət SÜLEYMANOVA