Üzləri neftimizdən ağ olsun, elə ediblər ki, bu hakimiyyətin nə özündən, nə ipə- sapa yatmayan məmurlarlarından tənqiddən özgə bir mövzu işləməyə adamın əli gəlmir. Bir sözlə, sağına baxırsan özbaşınalıq, soluna baxırsan korrupsiya və rüşvət çamuruna bulaşmış yöndəmsiz idarəçilik metodu. Ancaq hakimiyyət texnoloqlarının və onların ağızdanpərtöv gülbeçələrinin giley- güzarından fərqli olaraq bizlər hər şeyi qara rəngdə görmədiyimiz məqamları da tərəddüd etmədən, dodaq büzmədən qeyd edirik və hətta alqışlayırıq da. Necə ki, elə indicə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin şəninə bir düjün xoş sözlər yazmaqdan ötrü əllərim geyişir. Səbəbsə onun rəhbərlik etdiyi sahə barədə söylədiyi tənqidi fikirlər və öz kölgəsindən qorxan nazir həmkarlarındandan fərqli olaraq bütövlükdə mediayla işləməkdə səmimi istək sahibi olduğunu hər addımda izhar etməsidir.
Qərəz, həftənin əvvəllərində “Turizmin inkişafı media müstəvisində” mövzusuna həsr olunmuş dəyirmi masaya təşrif buyuraraq öz düşüncələrini qələm əhliylə paylaşan cənab Qarayev təəssüflə qeyd edib ki, turizm sahəsinə girişən bir çox sahibkarlarımız bu biznes növünün mahiyyətini anlamadıqlarından qaş düzəltdikləri yerdə göz tökürlər, nəticədə həm rəhbərlik etdiyi qurumun, həm də naziri olduğu dövlətin imicinə xələl gəlir.
“Çox təəssüf ki, Azərbaycanda turizm sənayesində çalışanlar “kabab turizmi”ndən əl çəkmirlər” deyən nazir tələblərə və standartlara cavab verməyən bir neçə istirahət mərkəzinə şəxsən baş çəkdikdən sonra onların bağlatdırdığını deyib. Beləcə Əbülfəz müəllim rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında mətbuatda gedən tənqidi fikirlərin bəzisiylə razılaşdığını etiraf etməklə əslində qaşınmayan yerdən qan çıxarmaqda pərgar olan qələm əhlinin qəlbində özünə qarşı sonsuz rəğbət hissinin toxumlarına “Slavyanka” suyu vermiş olub. Bu günədək kim görüb ki, onun nazir həmkarları rəhbərlik etdikləri sahənin fəaliyyətindəki qüsurlardan ağızdolusu danışsın və tənqidi fikirlərə dözümlülük nümayiş etdirsin? Şəxsən mən belə nazir tanımıram və bu qənaətdəyəm ki, bütövlükdə mövcud iqtidarda belələrini barmaqla saymaq olar.
Yeri gəlmişkən, mənim mədəniyyət və turizm nazirinə simpatiyam hələ bir neçə ay öncə “525- ci qəzet”in baş redaktoru Rəşad Məciddən götürdüyüm müsahibədə nazirlərdən gileyləndikdən sonra yalnız Əbülfəs Qarayevin mətbuatda gedən yazılara reaksiya verdiyini, hətta qəzetlərin yazılar gedən nüsxələrinin üzərində dərkanar qoyaraq tədbir görülməsi barədə tapşırıq verdiyiylə bağlı məlumatlı olmasını söyləməsindən sonra yaranmışdı. Dərhal da reaksiyam bu olmuşdu ki, sağ əli digər nazirlərin başına. Hər ikimiz gülüşmüşdük və təəssüflə qeyd etmişdik ki, mətbuatda yazılan və faktlara söykənən tənqidi materiallara vaxtında və yerində reaksiya bildirilsə, cəmiyyət güclü, qələm əhli urvatlı olardı.
Əlbəttə, bu yazıya dodaq büzənlərin çox olacağı gözləniləndir, amma açığı, bu heç mənim vecimə də deyil. Çünki nə turizm obyektim var, nə də nə vaxtsa hansısa turizm obyektində dincəlmişəm ki, bununla naziri vəsf eləyim. Sadəcə haqqı demək və yazmaq savab olduğundan tərəddüd etmədən bu keyfiyyətləri qeyd etməyi lazım bildim və arzu edirəm ki, digər nazirlər də mətbuata Qarayevin gözləriylə yanaşsınlar, əks halda öz gözləri günlərin bir günü yazılan şok faktların qarşısında heyrətdən bərələ qalacaq, o zamansa artıq gec olacaq, çox gec...