Modern.az

Ərəbistanlı nazir: “İşğal olunmuş torpaqlar qeyd-şərtsiz azad olunmalıdır, bu, Azərbaycanın haqqıdır”

Ərəbistanlı nazir: “İşğal olunmuş torpaqlar qeyd-şərtsiz azad olunmalıdır, bu, Azərbaycanın haqqıdır”

23 Sentyabr 2011, 17:05

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Səudiyyə Ərəbistanı Krallığı İslam işləri, vəqflər, dəvət və irşad işləri nazirinin müavini Əbdüləziz ibn Abdullah əl-Əmmarın rəhbərlik etdiyi nümayəndə heyətini və Krallığın ölkəmizdəki səfiri Fəhd bin Əli əl-Düsərini qəbul edib.
Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, görüşdə H.Orucov Azərbaycanın bütün müsəlman ölkələri ilə münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib.
“Ancaq dinimizin paytaxtı olan Səudiyyə Ərəbistanı ölkəmiz üçün xüsusi statusa malikdir”-deyə komitə sədri bildirib.

Nazir müavini Əbdüləziz ibn Abdullah əl-Əmmar ölkəsi ilə Azərbaycan arasında dost və qardaş münasibətlərin olmasından məmnunluğunu ifadə edib.
Dövlət Komitəsinin sədri Hidayət Orucovun 2010-cu ildə Səudiyyə Ərəbistanına səfərini xatırladan Əbdüləziz ibn Abdullah əl-Əmmar səfər çərçivəsində İslam işləri, vəqflər, dəvət və irşad işləri naziri Şeyx Saleh ibn Əbdüləziz ilə keçirilən görüşdən sonra ölkələrimiz arasında əlaqələrdə yeni səhifənin açıldığını vurğulayıb: “Həmin görüşünüzdən sonra biz bir daha əmin olduq ki, fikirlərimiz üst-üstə düşür və Azərbaycanla bir sıra ortaq layihələr həyata keçirə, əməkdaşlığımızı daha da genişləndirə bilərik. Bu gün dünyada gedən proseslər münasibətlərimizin daha sıx və daha möhkəm olmasını, bir növ, zəruriyyətə çevirmişdir”.

Səudiyyə Ərəbistanının bütün dövlətlərin daxili və xarici siyasətlərinə hörmətlə yanaşdığını dilə gətirən nazir müavini ölkəsinin irq, din və məzhəb ayrı-seçkiliyini qəbul etmədiyini bildirib: “Bu gün bütün dünyada yeni-yeni zərərli ideologiyalar, cərəyanlar yaranmaqdadır və biz çalışmalıyıq ki, maarifləndirmə işi aparmaqla insanlarımızı, xüsusilə də gənclərimizi bu zərərlərdən qoruyaq. Terrorçuluqla mübarizədə zəngin təcrübəyə malik ölkə kimi Səudiyyə Ərəbistanı hesab edir ki, ektremizm və radikalizmin qarşısını almağın ən düzgün yolu maarifləndirməkdir. Məsələn, imamlarımızla söhbətlər zamanı deyirik ki, moizələrdə məzhəblərarası ixtilafa səbəb olan məsələlər haqqında danışılmasın. Bunu etməkdə məqsədimiz İslamı parçalayan fikirləri bir kənara qoyaraq, ümumi vəhdətə nail olmaqdır”. Nazir müavini vurğuladı ki, İslam daxilində münaqişələrin baş qaldırmasının əsas səbəbi tərəflərin hər birinin özünü haqlı, qarşı tərəfi isə “dindən çıxmışlar” kimi qəbul etməsidir. Halbuki, Kəbəni qiblə bilən, Allahın təkliyini tanıyan insanı qeyri-müsəlman adlandırmaq doğru deyil. Bu, İslamın əsas prinsiplərindəndir”.

Hidayət Orucov qeyd edib ki, İslam dünyasında bu gün birliyə daha çox ehtiyac var.
“Çünki İslamın əleyhinə çıxan, onu təftiş edən qruplar var. Ümumi birliyə nail olaraq mövcud problemlərin həlli ilə özümüz məşğul olmalıyıq ki, həm belə “təftişçilər”ə fakt verilməsin, həm də İslama münasibətdə fərqli standart tətbiq edənlərə qarşı həmrəylik göstərilsin”.

Hidayət Orucov torpaqlarımızın iyirmi ildir ermənilərin işğalı altında olduğunu, BMT Təhlükəsizlik Şurasının çıxardığı dörd qətnamənin hələ də icra edilməməsini təəssüf hissi ilə xatırlatdaraq deyib:
“Ermənilər işğal etdikləri ərazilərimizdəki türbələri, məscidləri, ümumiyyətlə, İslam dininə aid bütün məbədləri vandallıqla dağıdıblar. Ən qəribəsi odur ki, bu erməni vəhşiliyi XX əsrin sonu-XXI əsrin əvvəllərində, sivilizasiyadan, ədalətdən danışan ölkələrin gözləri qarşısında baş verir və işğalçını hələ də öz adı ilə çağırmırlar”.

Nazir müavini Əbdüləziz ibn Abdullah əl-Əmmar Səudiyyə Ərəbistanının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətinin birmənalı və dəyişməz olduğunu xatırladıb. Bildirib ki, torpaqların qeyd-şərtsiz işğaldan azad olunması vacibdir. Çünki bu, Azərbaycanın haqqıdır və haqq heç zaman yerdə qalmır.

Görüşdə əməkdaşlıqla bağlı tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi