Modern.az

İtkin düşmüş şəxslərin ailə üzvləri tələblər səsləndirdilər

İtkin düşmüş şəxslərin ailə üzvləri tələblər səsləndirdilər

Qarabağ

23 Sentyabr 2011, 17:28

Sentyabrın 23-də Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiyasında “İtkin düşmüş şəxslərin ailələrinin hüquqlarının müdafiəsinə dəstək” adlı bu layihəsi çərçivsində “İtkin düşmüş şəxslər”in ailə üzvlərinə münaqişə (Ermənistanın təcavüzü) nəticəsində dəymiş zərərin müəyyən edilməsi məqsədilə aparılan araşdırmaların yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Layihə “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyi tərəfindən həyata keçirilir və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənir.

“Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyinin sədri Yaşar Cəfərlinin sözlərinə görə, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi bölgəsində 1991-1994-cü illər ərzində aparılan döyüş əməliyyatları zamanı 5 minə qədər soydaşımız itkin düşüb. İtkin düşmüşlərin böyük əksəriyyəti hərbi qulluqçular, az bir qismi isə mülki şəxslərdir. Uzun illərdir ki, onların axtarışı aparılır. Müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatlara görə bu illər ərzində onlardan yalnz 411-ə qədərinin talehi ilə bağlı dəqiq məlumatlar əldə edilib. Digərlərinin taleyi ilə bağlı araşdırmalar hələ də davam edir.

Təşkilat tərəfindən aparılan araşdırmalar göstərir ki, Ermənistanın təcavüzündən əzab-əziyyət çəkən “İtkin düşmüş şəxslər”in ailə üzvlərinə aşağıdakı problemlər nəticəsində onların hamısı mənəvi və psixoloji sarsıntılara məruz qalıb, mənəvi və psixoloji təsirlərə məruz qaldıqları üçün səhhətlərində ciddi problemlər yaranıb, müalicələrinə küllü miqdarda maddi vəsait xərclənib, onların bir hissəsi ailə başçısı itirilib, yüzlərlə uşaqlar atasız qalıb, yaxınlarının axtarışı ilə əlaqədar küllü miqdarda maddi vəsait xərclənib, onların bir qismi yaxınlarının axtarışına sərf etmək üçün evlərini, maşınlarını, qızıl-zinət əşyalarını, mal-qaranı və s. satmaq məcburiyyətində qalıb, onların hamısı axtarışlara xeyli vaxt (zaman) sərf etmək məcburiyyətində qalıb, axtarışlara sərf etdikləri zaman çərçivəsində əldə biləcəkləri maddi vəsaitlərdən mərhum olublar və s.

Təşkilatın ekspertləri hesab edir ki, “İtkin düşmüş şəxslər”in ailə üzvlərinə dəymiş zərər 3 hissədən - bərpası mümkün olmayan, ölmüş şəxslərin həyatı, maddi və nəhayət, mənəvi ziyan hissələrindən ibarətdir.

Zərərin 1-ci hissəsinin əvəzi bərpa olunan olmasa da, təcavüzə qərar verən erməni siyasətçilərinin, bu qərarları icra edən erməni hərbçilərinin beynəlxalq məhkəmələr tərəfindən mühakimə olunması itkin düşmüş şəxslərin ailə üzvlərinə müəyyən təskinlik verərdi. Zərərin 2-ci və 3-cü hissəsinə görə isə Ermənistan hökumətindən pul kompensasiyası tələb olunmalıdır.

Yaşar Cəfərli bildirib ki, dəymiş zərərin həcmini tam müəyyən etmək üçün dövlət səviyyəsində daha ciddi araşdırmalar aparılmalı və bu məsələ ilə əlaqədar xüsusi komissiya yardılmalıdır.

Birlik bundan sonrakı mərhələdə “İtkin düşmüş şəxslər”in ailə üzvlərinə münaqişə (Ermənistanın təcavüzü) nəticəsində dəymiş zərərin müəyyən edilməsi məqsədilə araşdırmaları davam etdirəcək, münaqişə (təcavüz) nəticəsində dəymiş zərərin Ermənistan hökuməti tərəfindən ödənilməsinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsinə ictimai dəstək təşkil olunacaq, “Təcavüz nəticəsində “İtkin düşmüş şəxslər”in ailə üzvlərinə dəymiş zərərin

Ermənistan hökuməti tərəfindən ödənilməsinin perspektivləri” mövzusunda dəyirmi masa keçiriləcək və görülmüş işlərin yekunları barədə ictimayyətə məlumat veriləcək.

Tədbirdə itkin düşmüş şəxslərin və şəhidlərin bəzilərinin ailə üzvləri də iştirak ediblər. Yuxarıda sadalananlardan əlavə, onların Azərbaycan hökumətindən istəyi olub. Belə ki, onlar hökümətdən şəhidlərə verilməli olan sığorta haqqının ödənilməsini tələb edirlər.

Artıq indiki şəraitdə yaşayışlarının dözülməz olduğunu deyən şəhid Babayev Əliskəndər Teymur oğlunun anası Əliyeva Sudabə hələ də onlara ödənəcək pul və veriləcək mənzilin gözləntisində olduqlarını bildirdi.

Vaxtilə şəhid oğlu Qurbanov Cahidin axtarışları üçün 2 milyon rubl, daha sonra isə 8 min dollar xərclədiklərini açıqlayan şəhid atası Adil Qurbanov həmin pulların qaytarılmasını istəməsə də, qanunla onlara verilməli olan 11 min manat sığorta haqqının ödənilməsi üçün dövlətin dəstəyində gözü olduqlarını vurğulayıb.

Ailəliklə dözülməz şəraitdə yaşadıqlarını deyən şəhid Mehdiyev Taleh Teymur oğlunun bacısı Əzizə Mehdiyevanın sözlərinə görə isə bununla bağlı dəfələrlə müraciət etmələrinə baxmayaraq, nə Nizami Ryon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, nə də yaşadıqları rayondan millət vəkili Sədaqət Abdullayeva tərəfindən qəbul edilmədiklərini açıqladı.
 
Şəhid ailələrinə sığorta haqqının ödənilməsi ilə bağlı onlarla məhkəmə işinin başlatdıqlarını deyən layihənin hüquqşünası, hərbi-ekspert Telman Əbilovun fikrincə, ödəniləcək həmin məbləğ həmin ailələrə onların əzizlərini qaytarmasa da, heç olmazsa, qismən də olsa, onlara təsəlli olar və onların da həyat şəraitləri nisbətən yaxşılaşar. Çünki onlar buna daha çox layiqdirlər.

EİZİB-in sədri Yaşar Cəfərli isə bildirib ki, sığorta haqqını tələb edən belə ailələrin sayı heç 150-yə də çatmır. Lakin onlara 11 min manat sığorta pulunun ödəmilməsi Maliyyə Nazirliyi və Dövlət Kommersiya Sığorta Şirkəti tərəfindən müxtəlif bəhanələrlə əngəllənir ki, bu da insanlığa sığmır. Onun fikrincə, milyardalarla ehtiyatı olan ölkənin canlarını fəda etmiş şəxslərin ailələrinə üst-üstə cəmi 1-2 milyon manat verməyə imkan tapmaması insanda gülüşlə yanaşı, həm də qəzəb hissi doğurur.
Təşkilat sədri bununla bağlı Maliyyə Nazirliyinin önündə etiraz olaraq piket keçirmək istədiklərini lakin bu gün onlara verilən rəsmi cavaba görə, Bakı Şəhər İcra Hakimiyyəti və onun başçısı Hacıbala Abutalıbov tərəfindən icazə verilmədiyini açıqlayıb.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal