İstanbul Türk Ocaqlarının başqanı dr. Cezmi Bayram, millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva və araşdırmaçı, yazar, filologiya üzrə fəlsəfə doktoru Azər Turanın müəllifi olduğu “Əli bəy Hüseynzadə TURAN” kitabının Türkiyə türkcəsində İstanbulda çap edilməsi təklifi ilə çıxış edib. Millət vəkili Qənirə Paşayeva İstanbulda Türk Ocaqları başqanı dr. Cezmi Bayramla görüşündə onlara bu təşəbbüslərinə görə minnətdarlığını bildirib. Ocaqdan daxil olan məlumata görə adıkeçən kitabın Türkiyə türkcəsinə uyğunlaşdırılmasına artıq başlanılıb. Türk Ocaqlarının İstanbul şöbəsi, əsərin qısa zaman ərzində və Bakı nəşrinin bənzəri olan nəfis tərtibatla çapını həyata keçirəcək.
Qeyd edək ki, Qənirə Paşayeva ilə Azər Turanın ortaq işi olan “Əli bəy Hüseynzadə TURAN” kitabı, 2009-cu ildə Bakıda “Elm və Təhsil” nəşriyyatında işıq üzü görmüş və Azərbaycanda Atatürk Mərkəzində alimlərin, millət vəkilləri, KİV və QHT təmsilçilərinin iştirakı ilə ictimaiyyətə təqdim olunmuşdu. Adından da bəlli olduğu kimi, kitabda Türk Dünyası üçün misilsiz önəm daşıyan türkləşmək, islamlaşmaq, avropalaşmaq (çağdaşlaşmaq) təliminin yaradıcısı olmuş dahi şəxsiyyət – filosof, publisist, şair, rəssam, həkim və naşir Əli Bəy Hüseynzadənin ömür yolu, elmi-ictimai fəaliyyətinin başlıca məqamları araşdırılıb.
Kitabın Bakı nəşrinin məsləhətçisi Əli bəyin qızı Feyzavər Alpsar, rəyçisi isə İstanbul Universitetinin professoru İbrahim Yıldırımdır. Kitabda bir sıra tarixi faktlar ilk dəfə açıqlanmış, ilk dəfə olaraq Feyzavər Alpsarın atası ilə bağlı , tarix üçün çox önəmli xatirələri öz əksini tapmış, habelə bir sıra foto və rəsmlər də ilk dəfə olmaq surəti ilə təqdim olunmuşdu.
Modern.az