Modern.az

İlham Əliyev Qusarda Şahdağ qış-yay turizm kompleksini, Qubada alma bağını gəzib

İlham Əliyev Qusarda Şahdağ qış-yay turizm kompleksini, Qubada alma bağını gəzib

Təhsil

24 Sentyabr 2011, 22:21


Azərbaycanın Şimal bölgəsinə səfəri çərçivəsində Prezident İlham Əliyev Qusarda Şahdağ qış-yay turizm kompleksinin tikintisi ilə tanış olub.
Dövlət başçısı Şahdağ qış-yay turizm kompleksinə gələrkən yol boyu görülən işlərin gedişi ilə tanış olub. Məlumat verilib ki, kompleksə yeni yol çəkilir, çayların üzərində körpülər salınır, torpaq sürüşməsi hallarının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür.

Şahdağ qış-yay turizm kompleksinə gələn Prezidentə məlumat verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, ölkəmizin ən böyük infrastruktur layihələrindən olan bu kompleksin yaradılmasına 2006-cı ildən başlanıb. Kompleksin tikintisinə 2009-cu ilin sentyabrında başlanıb. Bu kompleks Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə yerləşir. Kompleksin ümumi ərazisi 2 min 58 hektardır. Tikinti aparılan ərazi ekoloji sistemi, təmiz flora və faunası ilə məşhur olan Şahdağ Milli Parkının ərazisində yerləşir. Kompleks dəniz səviyyəsindən 1300-2351 metr hündürlükdədir. Turizm kompleksinin əsas hissəsi isə dəniz səviyyəsindən 1640 metr hündürlükdəki təbii yaylaqda yerləşir. Tikinti işləri başa çatdıqdan sonra bu kompleksdə dağ-xizək idmanı və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar olacaq. Bununla yanaşı, turistlər yayda burada dincəlmələri üçün gözəl şərait yaradılacaq. Şahdağ qış-yay turizm kompleksi dünyada olan bu tipli komplekslərdən öz nadirliyi və universallığı ilə fərqlənəcək, bütün il boyu fəaliyyət göstərəcək. Kompleks Azərbaycan və dünya turizm sənayesində ən möhtəşəm layihələrdən biri olmaqla dağ-xizək idmanının və digər qış idman növlərinin əsas, lakin yeganə olmayan məkanı kimi fəaliyyət göstərəcək.
 
Dövlət başçısının diqqətinə çatdırılıb ki, artıq kompleksdə tikinti işlərinin böyük hissəsi həyata keçirilib. Lift bazasında inşaat işlərinin gələn ilin əvvəlinədək başa çatdırılması nəzərdə tutulur. 18 min 327 kvadratmetr ərazisi olan lift bazasında üçmərtəbəli bina da tikilib. Bu binada inzibati mərkəzlə yanaşı, restoran, hotel və digər yardımçı xidmətlər yerləşəcək. Bundan əlavə, bazanın ərazisində avtomobillər üçün dayanacaq, uşaq bağçası, xizək icarə xidməti, terras, mağazalar da fəaliyyət göstərəcəkdir. Burada, həmçinin ümumi sahəsi 37,6 hektar olan 6 eniş zolağı da qurulacaq.
Prezident İlham Əliyev kompleksə gələn yolların genişləndirilməsi, ümumiyyətlə, burada yol infrastrukturunun mükəmməl formada qurulması ilə bağlı tapşırıqlarını verib. Dövlət başçısı kompleksdə uşaqların dağ-xizək idmanı ilə məşğul olmaları üçün də yüksək şəraitin yaradılmasına dair göstəriş verdi.

Bildirilib ki, hazırda tikintinin birinci mərhələsi çərçivəsində turistlərin xizək enişinə çatdırılması üçün kanat yolları inşa olunur. 2, 4 və 9 nömrəli liftlərin quraşdırılması başa çatdırılıb. Uzunluğu 1484 metr olan 3 nömrəli liftin tikintisi də başa çatmaq üzrədir. Qar generatoru stansiyasının, yolların, elektrik xətlərinin, kanalizasiya sisteminin, rabitə və içməli su kəmərlərinin çəkilməsi də həyata keçirilir. Artıq kompleksdə kommunikasiya işlərinin 80 faizi yerinə yetirilib. Turistlərin xizəkdə sürüşməsi üçün süni qarlaşdırma sistemi yaradılır. Bununla əlaqədar bütün enişlərdə qar generatorları quraşdırılmışdır. İndi bu sistemin sınaqdan keçirilməsi üçün hazırlıq işləri aparılır. Eyni zamanda, qarın yığılması və bərkidilməsi üçün xüsusi maşınlar alınıb.
Burada “Şahdağ” Gənclər Mərkəzinin, 900 nömrəlik relaks mehmanxana şəbəkəsinin, at fermasının, 200 nəfərlik diskoteka binasının tikintisi nəzərdə tutulub.

Dövlət başçısı kompleksə daxil olan dördulduzlu “Resort” oteldə tikinti işlərinin gedişi ilə tanış olun. Bildirilib ki, iki mərtəbəsi yerin altında olmaqla ümumilikdə yeddimərtəbəli otel 340 nəfər üçün nəzərdə tutulub. Bundan əlavə, SPA mərkəzi, hovuz, xizək məktəbi, idman avadanlığının kirayəsi mərkəzi, kafe, bar, konfrans zalı da bu oteldə fəaliyyət göstərəcək. Otelin 149 avtomobil üçün dayanacağı da tikiləcək.
Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, bu otelin yaxınlığında daha bir beşulduzlu otel inşa ediləcək.
Turizm kompleksinin tikintisi ilə tanış olan dövlət başçısı daha sonra inşaat işlərini həyata keçirən yerli və xarici şirkətlərin rəhbərləri ilə müşavirə keçirib.
Prezident İlham Əliyev layihə çərçivəsində işlərin yüksək səviyyədə görülməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

***


Prezident İlham Əliyev “İKAR-S” MMC tərəfindən Qubada inşa edilən meyvələrin çeşidlənməsi və saxlanması üçün soyuducu anbar kompleksi ilə tanış olub.
Prezidentə məlumat verilib ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq Sahibkarlığa Kömək Milli Fondu respublikanın regionlarında meyvə-tərəvəz məhsullarının saxlanılması üçün ümumi dəyəri 114,8 milyon manat, kredit tələbatı 64,3 milyon manat və tutumu 108,1 min ton olan 32 soyuducu anbar kompleksini maliyyələşdirib. Bu layihələrdən 18-i başa çatdırılaraq istifadəyə verilib. Digər layihələrin isə inşası davam etdirilir.

Dövlət başçısı kompleksin ərazisindəki alma bağı ilə tanış olub. Bildirilib ki, sahibkarlıq subyekti tərəfindən 145 hektar ərazidə məhsuldar alma bağları salınıb. Bu bağlardan ildə 45-50 tonadək yüksək keyfiyyətli alma yığılır. Hazırda Quba rayonunda alma istehsalı 110 min ton təşkil edir. Son 6 il ərzində rayonda intensiv salınan alma bağlarının sahəsi 583 hektardır. 2011-ci ilin birinci yarısında salınan belə bağların sahəsi isə 72 hektar təşkil edir. Bağda yerli və xarici alma növləri yetişdirilir.
Prezident İlham Əliyev anbarda yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu layihənin maliyyələşdirilməsinə 2,9 milyon manat güzəştli kredit verilib. İnvestisiya layihəsi üzrə rayonun Vəlvələ kəndinin 3,2 hektar ərazisində Almaniya istehsalı olan soyutma sistemləri və Hollandiyanın “ULO” sistemləri ilə təchiz edilən, tutumu 6 min ton olan soyuducu anbar, laboratoriya və digər köməkçi binalar tikilib. Layihənin icrasına 2010-cu ilin yanvarında başlanıb, bu ilin sentyabrında başa çatdırılıb. Layihənin icrası nəticəsində 54 nəfər işlə təmin edilib.
Komplekslə tanış olan dövlət başçısı tapşırıq və tövsiyələrini verib.

***
Prezident İlham Əliyev Quba rayonuna səfəri çərçivəsində Daxili Qoşunların “N” saylı hərbi şəhərciyinin açılışında iştirak edib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verib.
Dövlətimizin başçısı hərbi şəhərciyin maketi ilə tanış olub. Prezident İlham Əliyevə Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin baş geyimi hədiyyə edilib.
Hərbi şəhərciyin fəaliyyəti ilə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...