Fövqəladə hallar naziri, Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov 2012-ci ildə London Olimpiadasındakı boks oyunlarında Azərbaycana rüşvət müqabilində qızıl medal veriləcəyi barədə BBC televiziyasının iddialarına sərt münasibət bildirib.
“Son günlər BBC televiziyasının həm Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA), həm də Azərbaycan haqqında verdiyi məlumatlar böhtan xarakterlidir və onlar öz cavablarını alacaqlar. Kiminsə dediyinə əsaslanıb belə qeyri-ciddi bir məlumatı dünya ictimaiyyətinə ötürmək düzgün deyil”.
Kəmaləddin Heydərov deyib ki, buna görə onlar cavab verməlidirlər:
“Buna görə onlar cavab verməlidirlər. AİBA-nın da, Azərbaycan Boks Federasiyasının da əlində hər bir fakt var ki, bunların söylədiklərinin Dünya Boks Federasiyasına, o cümlədən ayrı-ayrı adamlara atılmış böhtan olduğunu təsdiqləsinlər. Bu baxımdan boksçularımızın da üzərinə məsuliyyət düşür. Onlar güclü çalışıb sübut etməlidirlər ki, söylənilənlər hamısı cəfəngiyatdır”.
Kəmaləddin Heydərovun sözlərinə görə, AİBA hazırda dünyada çox gözəl imicə malik olan bir qurumdur. “Bunu edənlər onun dünyadakı imicini ləkələmək istəyirlər. Amma gücləri çatmaz”-deyə o, vurğulayıb.
Xatırladaq ki, BBC-nin “Newsnight” televerilişi bir neçə gün öncə Azərbaycanın beynəlxalq boks təşkilatına (WSB - Ümumdünya Boks Seriyası. Bu, AİBA-nın bir rurumudur) məxfi şəkildə milyonlarla dollar pul ödədiyini iddia edib.
BBC-nin məlumat mənbəyi iddia edir ki, pullar Azərbaycan boksçularının 2012-ci il Lindon Olimpiadasında iki qızıl medal qazanacaqlarına zəmanət müqabilində alınıb.
Azərbaycan Boks Federasiyanın vitse-prezidenti Ağacan Əbiyev bir neçə gün öncə BBC-nin iddialarını gülünc adlandırıb. O, deyib ki, hər hansı bir ölkə Dünya Çempionatı, Avropa Çempionatı və digər turnirləri keçirirsə, mütləq bunun üçün rüsum ödəməlidir. Azərbaycan da məhz bu məqsədlə Beynəlxalq Həvəskar Boks Assosiasiyasına 2 milyon dollar pul ödəyib.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqe Pekində keçirilən mətbuat konfransında deyib:
«Biz BBC-dən xahiş edirik ki, sübutları bizə təqdim etsin, çünki biz hər şeyə ciddi yanaşırıq. Biz yalnız sübutları görəndən sonra qərar çıxara bilərik. BBC-dən xahiş etdik ki, sübutları bizə mümkün qədər tez təqdim etsin. Bütün bunlar həm də Beynəlxalq Olimpiya Komitəsində araşdırılacaq».
AİBA rəsmiləri də BBC-nin məlumatlarını cəfəngiyyat adlandırıblar.
Modern.az