Modern.az

Hüquq fakültəsində oxuyan tələbələrə təzə xəbər

Hüquq fakültəsində oxuyan tələbələrə təzə xəbər

Qarabağ

26 Sentyabr 2011, 09:22

Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyi hüquq fakültələrinin tələbələri arasında  müsabiqə keçirir. Qurumdan Modern.az-a bildirilib ki, “Səhnələşdirilmiş Məhkəmə Prosesi” adlı müsabiqə Bakı Dövlət Universiteti və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsində təhsil alan tələbələr arasında keçirilir.

Assosiasiyanın vitse-prezidenti Xanlar Ağalarovun verdiyi məlumata görə, müsabiqə Hüquq fakültəsi tələbələrinin nəzəri biliklərini təcrübədə tətbiqinə dəstək göstərmək məqsədilə təşkil olunur. O qeyd edib ki, tələbələrin güclü mütəxəssis kimi formalaşması üçün onların öz biliklərini praktikada tətbiq etməyə böyük ehtiyacları var. Tələbələrə bu sahədə şəraitin yaradılması üçün ELSA Azərbaycan bu missiyanı öz üzərinə götürüb. Müsabiqədə tələbələr iddiaçı və savabdeh olmaqla komandalarla təmsil olunur və müəllimlərdən ibarət hakimlər kollegiyası prosesdə qalib gəlmiş tərəfi müəyyən edirlər.

Qeyd edək ki, “Səhnələşdirilmiş Məhkəmə Prosesi” Müsabiqəsi Azərbaycanda bu formatda keçirilən ilk müsabiqədir. Bakı Dövlət Universiteti və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rəhbərliyi də onun keçirilməsinə böyük maraq və dəstəyini göstərir. Müsabiqə artıq müvafiq ali təhsil müəssisələrində elan edilib və tələbələr arasında xüsusi maraqla qarşılanıb. Müsabiqədə qalib seçilmiş komanda Avropa Hüquqşünas Tələbələr Asossiasiyası tərəfindən Avropa ölkələrindən birində bir həftəlik akademik səyahət proqramında iştirak etmək hüququ ilə mükafatlandırılacaq.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal