Sentyabrın 24-də millət vəkili Novruz Aslanov Azərbaycanın müstəqilliyinin bərpasının 20 illik yubileyini qeyd etmək məqsədilə İsmayıllı rayonuna səfər edib. Deputatın qərargahından verilən məlumata görə, Heydər Əliyev parkında yerləşən Gənlər Mərkəzinin konfrans zalında keçirilən tədbirdə N.Aslanovla yanaşı, rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov, yerli müəssisə və təşkilatların rəhbər və əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.
Tədbirdə Novruz Aslanov çıxış edərək bildirib ki, Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də qəbul etdiyi “Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edib, öz dövlət müstəqilliyini və suverenliyinin bərpasını beynəlxalq aləmə bildirib. Həmin gün tariximizə dövlət müstəqilliyinin bərpası günü kimi daxil olub.
Deputat müstəqilliyimizin qazanılmasında və qorunub saxlanılmasında mərhum prezident Heydər Əliyevin müstəsna rolundan, 20 il ərzində Azərbaycanda neft strategiyasının uğurla həyata keçirilməsindən, sosial-iqtisadi inkişafından söhbət açıb.
Tədbirdə rayonun sosial-ictimai həyatında fəal iştirak edən sakinlər rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanlarla təltif ediliblər.
Rəsmi hissədən sonra parkda açıq havada incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təşkil olunub. Gənc müğənni Sevda Yəhyayevlə bərabər yerli müğənnilərin də ifa etdikləri populyar mahnıları rayon sakinləri maraqla izləyiblər. Sonda tədbir atəşfəşanlıqla başa çatıb.