Avtobusda biz onunla yanaşı oturmuşduq. Başını əllərinin arasına alıb, dərin fikrə getmişdi. Onu bir neçə saniyə süzəndən sonra babalarımızın bu cür adamları dəvəsi ölmüş ərəbə bənzətməsinə haqq qazandırdım. O, özünün məzlum görkəmi ilə hətta dəvəsi ölmüş ərəbi də təəccübləndirməyə qadir idi.
Dövlət büdcəsinin hesabına ildə iki dəfə təmir olunan küçələrin birində avtobusumuz çuxura düşdüyü üçün sərnişinlər bir–birinə dəydilər. Mən qolundan yapışıb, onu yıxılmağa qoymadım. Xəyallar aləmindən ayılıb, mənə təşəkkür etdi. Beləcə, təxminən yarım saat söhbət edə bildik. Söhbət əsnasında məlum oldu ki, Hövsan yaxınlığında 4 otaqlı evi var. Dedi ki, bir aydır Dövlət Neft Şirkətinin (ARDNŞ) əməkdaşları onun yaşadığı qəsəbəni sökmək istəyirlər. Buna səbəb həmin ərazinin ARDNŞ–in balansında olmasıdır.
Biz xeyli söhbət etdik. Məlum oldu ki, 4 qız atasıdır. Ailəsi böyük olduğu üçün indi yaşadığı evi təxminən 10 il ərzində tikib. Dediyinə görə, torpağın sənədini bələdiyyədən alıb. Ev tikməyə hazırlaşanda yerli icra hakimiyyətinin rəhbərliyindən tutmuş, sahə müvəkkilinə kimi hamıya rüşvət verib. Amma indi ARDNŞ ərazinin onların balansında olduğunu iddia edərək, onun evini başına uçurmaq istəyir. Başına gələnləri nəql edib qurtarandan sonra belə dedi: “Mən quş deyiləm ki, balalarıma ağacda yuva qurum. İndi mən 4 qızı götürüb kimə sığınım?!”.
Evini itirmək təhlükəsi ilə üzləşən insanlarla avtobusda, qatarda, küçədə, bazarda, eləcə də digər yerlərdə qarşılaşmaq mümkündür. Rövnəq Abdullayev ARDNŞ prezidenti təyin olunduğu gündən minlərlə ailənin yuxusuna haram qatıb. İndi məlum olur ki, Bakının yarısı Dövlət Neft Şirkətinin balansındadır. Zavallı azərbaycanlılar 8–10 il əvvəl özlərinə daxma tikəndə ağıllarına da gəlmirdi ki, hazır mətni üzündən oxumağa belə qabiliyyəti çatmayan Rövnəq adlı məmur bir gün onların evinə başına uçuracaq. Axı nə baş verir? ARDNŞ iddia edir ki, insanlar bu şirkətə məxsus ərazilərdə ev tikiblər. Evlərin sahiblər isə deyir ki, onlar torpağı pulla bələdiyyədən alıblar. Gəlin, bir anlığa razılaşaq ki, torpağın hüquqi sahibi ARDNŞ–dir. Ortaya başqa sual çıxır: ARDNŞ bu torpaqları hardan alıb? Hər halda həmin torpaqlar Rövnəq müəllimin babasından miras qalmayıb. ARDNŞ–in sahib çıxmaq istədiyi torpaqların hamısı bu şirkətə dövlət tərəfindən verilib. Bəs, dövlət kimə məxsusdur? Təbii ki, xalqa! Deməli, xalq ona məxsus olan torpaqlarda özünə ev tikib. Həmin evləri sənədləşdirmək isə dövlət qurumlarının borcudur. Əgər Rövnəq Abdullayevin qəlbində öz xalqına qarşı zərə qədər məhəbbət varsa, insanların evlərini başına uçurmaq əvəzinə, qanunsuz tikililərin sənədləşdirilərək, ARDNŞ-in balansından çıxarılmasına çalışmalıdır. Bakı ətrafında 500 min qanunsuz ev tikilib. Bunun hamısını uçurmaq ölkəni xaosa sürükləyə bilər.
Hər bir Azərbaycan vətəndaşının özünə ev tikmək, adam kimi yaşamaq hüququ var. Hətta quşlar da özlərinə yuva qururlar. Axı, insan meymun deyil ki, ağacda yatsın. Kasıb–kusubun evini başına uçuran Rövnəq Abdullayev, Hacıbala Abutalıbov və digərləri bir gecə ağacda yata bilərlərmi? Əgər Rövnəq müəllim belə bir nümunə göstərsə, böyük məmnuniyyətlə mən onu təbliğ edərəm...