Modern.az

Vahid Əhmədov və Əli Məsimli tərəfindən Milli Məclisə təqdim edilən “Təhsil kreditləri haqqında” qanun layihəsi (Tam mətn)

Vahid Əhmədov və Əli Məsimli tərəfindən Milli Məclisə təqdim edilən “Təhsil kreditləri haqqında” qanun layihəsi (Tam mətn)

1 Oktyabr 2011, 10:49

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvləri Vahid Əhmədov və Əli Məsimli “Təhsil krediti haqqında” qanun layihəsi hazırlayblar. Deputatların imzası ilə layihə Milli Məclisə daxil olub. Artıq bu layihə İqtisadi siyasət komitəsinin üzvlərinə də paylanılıb. Eyni zamanda layihə Milli Məclisin payız sessiyasının qanunvericilik işlər planına daxil edilib. Modern.az həmin layihəni təqdim edir.  

Layihə

Təhsil kreditləri haqqında Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikasında təhsil kreditlərinin verilməsi və qaytarılması prosesində borcalan, borcverən və təhsil müəssisələri arasındakı münasibətləri tənzimləyir, eləcə də təhsil kreditləri sisteminə dövlət dəstəyinin verilməsi qaydalarını müəyyən edir.

Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları verir:

            1.1.1.təhsil kreditləri - borcalana əsas və əlaqədar təhsil xərclərini ödəməkdən ötrü təhsil kreditləri müqaviləsində nəzərdə tutulmuş şərtlərlə verilən pul vəsaiti;

             1.1.2.kommersiya xarakterli təhsil kreditləri - borcalana əsas və əlaqədar təhsil xərclərini ödəməkdən ötrü təhsil kreditləri müqaviləsində nəzərdə tutulmuş kommersiya şərtləri ilə verilən pul vəsaiti;

           1.1.3. sosial xarakterli təhsil kreditləri - sosial müdafıəyə ehtiyacı olan aztəminatlı ailələrdən çıxan borcalanın təhsil xərclərini maliyyələşdirmək məqsədilə dövlət təminatı ilə verilən uzunmüddətli kredit;

          1.1.4. borcalan - təhsil kreditləri müqaviləsi bağlamış Təhsil Kreditləri Fondundan və ya müvəkkil bankdan kredit alan şəxs;

                1.1.5. Təhsil Kreditləri Fondu- təhsil kreditlərinə dövlət dəstəyini həyata keçirmək  məqsədlə  dövlət vəsaiti, eləcə də qanunla qadağan olunmayan digər maliyyə mənbələri hesabına  formalaşdırılan təsisat;

        1.1.6. müvəkkil bank - borcalan şəxslərlə təhsil kreditləri müqaviləsi bağlayan bank;

          1.1.7. əsas təhsil xərcləri - borcalanın bilavasitə təhsillə bağlı xərcləri;

                1.1.8. əlaqədar təhsil xərcləri - borcalanın təhsil aldığı müddətdə qidalanma,
mənzil, dərs ləvazimatı, nəqliyyat və s.  xərcləri;

               1.1.9. təhsil kreditləri müqaviləsi – müvəkkil bankın borcalana əsas və əlaqədar təhsil xərclərini ödəmək üçün kredit verməsi, borcalanın isə həmin kreditin bu qanunla müəyyən olunmuş şərtlərlə qaytarması öhdəliklərini özündə əks etdirən sənəd;

         1.1.10. güzəştli dövr - borcalanın təhsil aldığı müddətdə, eləcə də ondan sonra əsas borc və ona hesablanmış faizləri ödəməkdən azad olunduğu dövr;

         1.1.11. kreditin ödənilməsinə möhlət - borcalana analıq məzuniyyəti, ağır xəstəlik, işsizlik, akademik məzuniyyət və orduda xidmətlə bağlı hallarda kreditin ödənilməsinə görə verilən möhlət.

             Maddə 2. Təhsil  kreditləri  haqqında  Azərbaycan  Respublikasının            qanunvericiliyi

Təhsil kreditləri haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Təhsil Haqqında Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, digər müvafıq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilələrdən ibarətdir.

          Maddə 3. Qanunun məqsədi

Bu Qanunun məqsədi keyfiyyətli təhsilin əhalinin aztəminatlı təbəqəsi üçün əlçatanlığının təmin edilməsinin səmərəli mexanizminin yaradılması, bank sisteminin təhsilin həmin probleminin həllinə cəlb edilməsi və bu əsasda təhsilə dövlət dəstəyinin gücləndirilməsidir.

          Maddə 4. Təhsil kreditlərinin əhatə dairəsi, forması və istiqamətləri

              4.1.    Təhsil kredidləri ali (bakalavr, magistr) və orta ixtisas təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi üçün verilir.

               4.2. Təhsil kreditləri xarakter etibarı ilə iki formada verilir:
  -kommersiya xarakterli təhsil kreditləri;

                 - sosial xarakterli təhsil kreditləri.

                 4.3.Təhsil kreditləri təyinat etibarı ilə iki istiqamətə ayrılır:

                -əsas təhsil xərclərini ödəməkdən ötrü verilən kreditlər ;

-borcalanın təhsil aldığı müddətdə qidalanma, mənzil, nəqliyyat və s. əlaqədar xərclərini ödəməkdən ötrü verilən kreditlər.

           Maddə 5. Təhsil kreditlərinin verilməsinin əsas prinsipləri

            5.1.    Təhsil    kreditlərinin    verilməsinin    əsas    prinsipləri aşağıdakılardır:

            5.1.1.əhalinin aztəminatlı təbəqələri üçün keyfıyyətli təhsilin əlçatanlığının təmin     edilməsi;

            5.1.2.keyfıyyətli ödənişli təhsilin beynəlxalq praktikada özünü doğrultmuş səmərəli maliyyələşdirmə mexanizminin yaradılması;

           5.1.3.keyfıyyətli ödənişli təhsilin maliyyə təminatının  dövlət dəstəyinin gücləndirilməsi;

           5.1.4.təhsilin keyfıyyətinin yaxşılaşdırılmasında bank sisteminin rolunun artırılması.

            Maddə 6.Təhsil kreditlərinin maliyyələşmə mənbələri

              6.1.Təhsil kreditləri aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:

    -dövlət  vəsaiti hesabına verilən  təhsil kreditləri;

    -bankların öz vəsaiti hesabına verilən təhsil kreditləri;  

   -qanunla qadağan olunmayan digər mənbələr hesabına verilən təhsil kreditləri;  

           6.2. Təhsil kreditlərinin verilmə və qaytarılması bu qanunla müəyyən edilmiş qaydalara müvafiq şəkildə müvəkkil banklar  və  Təhsil Kreditləri Fondu  vasitəsilə  həyata keçirilir.

          Maddə 7. Təhsil krediti müqaviləsi

     7.1 Təhsil krediti müqaviləsinin  vahid nümunəvi forması Mərkəzi Bankın iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfındən hazırlanır və təsdiq edilir.

    7.2.Borcalanla borcverən müvəkkil bank və ya Təhsil Krediti Fondu  arasında bağlanan təhsil kreditləri müqaviləsi yazılı formada tərtib edilir və tərəflərin imzası ilə təsdiq edilir.

    7.3.Təhsil krediti müqaviləsi eyni hüquqi gücə malik olan 3 nüsxədə bağlanılır. Həmin nüsxələr, müqavilə qüvvədə olduğu müddətdə müvafıq surətdə borcalan, müvəkkil bank və ya Təhsil Kreditləri Fondu  və borcalanın təhsil aldığı təhsil müəssisəsində saxlanılır.

    7.4. Təhsil krediti müqaviləsi özündə aşağıdakı məqamları əks etdirir:- təhsil kreditinin məbləği;

       - təhsil kreditinin faizləri;

      - təhsil kreditinin müqavilə üzrə verilmə qaydaları və müddətləri;

     - təhsil kreditinin qaytarılma şərtləri;

    -təhsil kreditinə dövlət dəstəyinin şərtləri;

            -əsas və əlaqədar təhsil xərclərinin dəyişməsi ilə kredit məbləğinin də dəyişdirilməsi şərtləri və meyarları;

        - güzəştli dövr, eləcə də kreditin ödənilməsinə möhlət  barədə məlumatlar.

         Maddə 8. Təhsil kreditinin məbləği

         8.1.  Təhsil kreditinin məbləği borcalanın birbaşa təhsil haqqının və təhsillə bağlı digər xərclərinin tam ödənilməsi üçün yetərli olmalıdır.

          8.2. Təhsil kreditinin birbaşa təhsillə bağlı hissəsinin illik məbləği borcalanın
əsas təhsil xərcləri məbləğindən az ola bilməz. Əlaqədar təhsil xərclərinin məbləği, orta
aylıq kirayə xərcləri və hər il Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq olunan yaşayış minimumunun 2 mislindən artıq ola bilməz.

                  Maddə 9. Təhsil krediti müqaviləsinin bağlanması qaydası

          9.1.    Təhsil krediti müqaviləsi, borcalan tərəfindən müvəkkil banka və ya Təhsil Kreditləri Fonduna  borcalanla təhsil müəssisəsi arasında bağlanmış ödənişli təhsil xidmətləri müqaviləsi təqdim olunmaq şərti ilə bağlanılır.

       9.2.   Borcalan eyni zamanda həm  əsas,  həm də əlaqədar təhsil xərclərini ödəməkdən ötrü  kredit ala bilər.

       9.3. Dövlət hesabına pulsuz təhsil alanlar da qidalanma, mənzil, dərs ləvazimatı, nəqliyyat və.s əlaqədar təhsil xərclərini qarşılamaqdan ötrü təhsil krediti ala bilərlər.

     9.4. Sosial xarakterli təhsil krediti müqaviləsi yalnız aztəminatlı ailələrin üzvləri ilə bağlanır.

    9.5.Təhsil krediti müqaviləsi bağlanarkən müvəkkil banka və ya Təhsil Kreditləri Fonduna aşağıdakı sənədlər təqdim edilir:

 -borcalanın təhsil kreditindən istifadə etmək istəyini ifadə edən ərizə;

borcalanın şəxsiyyətini təsdiq edən sənədin əsli göstərilməklə surəti;

borcalanın konkret təhsil müəssisəsinə daxil olması barədə əmrdən çıxarış;

təhsilin müddəti barədə təhsil müəssisəsindən arayış;

             -təhsil müəssisəsini müvəkkil banka borcalanın semestri uğurla başa vurması, bir kursdan digərinə keçməsi, təhsil müəssisəsindən xaric edilməsi barədə məlumat verməsi ilə əlaqədar öhdəliyi.

     9.6. Təhsil krediti alan şəxs hər bir təhsil pilləsi üzrə (bakalavriat, magistratura,
doktorantura) yalnız bir kredit  müqaviləsində iştirak edə bilər. Təhsil krediti müqaviləsi bağlayan şəxsin həmin müqavilənin qüvvədə olduğu müddətdə bağladığı digər müqavilə etibarsız sayılır.

9.7. Doktorantların təhsil kreditlərindən yararlanmasi həmin təhsil pilləsinin spesifikliyinə uyğun qaydalarla tənzimlənir. Həmin qaydalar bu qanunu mexanizmindən istifadə etməklə müvafiq icra  hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

                   Maddə 10. Təhsil kreditlərinin verilmə qaydası

10.1. Müvəkkil bank və ya Təhsil Kreditləri Fondu 7 iş günü müddətində borcalanın müraciətinə baxır. Borcalanla  müvəkkil  bank və ya Təhsil Kreditləri Fondu arasında bağlanan təhsil krediti müqaviləsi tərəflərin imzası ilə təsdiq edilir.

10.2. Təhsil kreditinin birbaşa təhsillə bağlı əsas hissəsi müvəkkil bank və ya Təhsil Kreditləri Fondu tərəfindən həmin  hissənin ildə iki dəfə olmaqla, 7 iş günü müddətində borcalanın təhsil aldığı təhsil müəssisənin hesabına köçürülməsi yolu ilə verilir.

10.3. Təhsil kreditinin əlaqədar təhsil xərclərini özündə əks etdirən  hissəsi həmin vəsaitin aybaay təhsil krediti müqaviləsində göstərilən müddətdə borcalanın hesabına köçürülməsi yolu ilə verilir.

 10.4. Sosial xarakterli təhsil kreditləri də bu maddənin birinci, ikinci və üçüncü bəndlərində nəzərdə tutulmuş qaydada verilir.

 10.5. Əsas təhsil krediti məbləğinin borcalanın təhsil aldığı təhsil müəssisənin hesabına köçürülməsi forması müvəkkil bank tərəfındən müəyyənləşdirilir.

  10.6.Təhsil krediti müqaviləsi üzrə növbəti ödəniş yalnız borcalanın növbəti semestri
uğurlu başa vurmasını təsdiq edən sənəd müvəkkil banka təqdim edildikdən sonra 7 iş günü  müddətində  həyata  keçirilir.

10.7. Təhsil krediti müqaviləsi üzrə müvəkkil bank və ya Təhsil Kreditləri Fondu tərəfindən təhsil müəssisəsinə ödənilməli məbləğin borcalandan asılı olmayan səbəblər üzündən vaxtında köçürülməməsi, borcalanla təhsil müəssisəsi arasında ödənişli təhsil xidmətinin göstərilməsi haqqında müqavilənin ləğv edilməsinə və ya həmin şəxsin semestr imtahanlarına buraxılmamasına əsas vermir.

10.8. Əsas təhsil krediti üzrə növbəti ödəniş gecikdirildikdə, müvəkkil bank və ya Təhsil Kreditləri Fondu borc alanın təhsil aldığı müəssisəyə, əlaqədar təhsil krediti üzrə ödəniş gecikdirildikdə isə borcalanın özünə qanunvericiliklə müəyyən edilmiş qaydada faiz ödəyir.

10.9. Azərbaycan Respublikası vətəndaşlarının xaricdə təhsil alması üçün təhsil kreditlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrıca rejimlə tənzimlənir.

   Maddə 11. Təhsil kreditlərinin faiz dərəcəsi

11.1. Kommersiya xarakterli təhsil kreditləri  maksimum 5 faiz dərəcəsi ilə verilir.

11.2.  Təhsil kreditlərinin maksimal faiz dərəcəsi bütün müvəkkil banklar üçün eynidir.

11.3.  Təhsil kreditləri  üzrə faiz dərəcəsi  təhsil krediti  müqaviləsində nəzərdə tutulmuş faiz dərəcəsindən yüksək ola bilməz.

               11.4.   Sosial xarakterli təhsil kreditlərinə görə faiz tutulmur.

      Maddə 12. Təhsil kreditlərinin qaytarılması

           12.1. Borcalan, aldığı kommersiya xarakterli və sosial təhsil kreditlərini bu qanunla müəyyənləşdirilmiş qaydada və təhsil kreditləri müqaviləsində nəzərdə tutulmuş şərtlər daxilində  20 ildən çox olmayan müddətdə qaytarmalıdır.

            12.2.      Təhsil krediti alan şəxs, müvəkkil bankdan və ya Təhsil Kreditləri Fondundan aldığı krediti və ona hesablanmış faizi təhsil müddəti bitdikdən sonra 2 il möhlət verilməklə təhsil kreditləri müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarır. Kreditin qaytarılmağa  başlanıldığı birinci il ərzində onun aylıq məbləği borc alanın məcmu aylıq gəlirinin 20 faizindən çox ola bilməz.

         12.3.  Borcalan şəxs həqiqi hərbi xidmətdə olduğu müddətdə aldığı krediti və ona hesablanmış faizi ödəməkdən azad edilir. Bundan ötrü borcalan həqiqi hərbi xidmətdə olması faktını təsdiq edən sənədi müvəkkil banka təqdim etməlidir.

         12.4.  Borcalan analıq məzuniyyətində, akademik məzuniyyətdə və agır xəstə olduğu müddətdə ona kredit ödənilməsində əlavə möhlət verilir.

         12.5.  Həm kommersiya, həm də sosial xarakterli kreditlər təhsil krediti haqqındakı müqavilədə nəzərdə tutulan qayda ilə yanaşı, borcalanın istəyindən asılı olaraq vaxtından əvvəl bütövlükdə və ya hissə-hissə qaytarıla bilər.

            12.6.  Təhsil kreditini borc alanın əvəzinə, mülkiyyət formasından asılı olmayaraq, onun işlədiyi müəssisə və təşkilat da qaytara bilər.

          Maddə 13. Təhsil krediti müqaviləsi şərtlərinin pozulmasının nəticələri

         13.1. Kreditor təhsil kreditlərinin verilməsini təhsil krediti müqaviləsində nəzərdə tutulan şərtlər daxilində müəyyənləşdirilmiş müddətdə təqdim etmədikdə, bu cür gecikmələrə görə qanunvericilikdə müəyyən edilmiş qaydada faiz ödəyir.

        13.2. Borcalan aldığı krediti təhsil krediti müqaviləsində nəzərdə tutulan qaydada və müddətdə ödənilməsini keçikdirdikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada əlavə faiz ödəyir.

         13.3. Təhsil kreditləri haqqında qanunun pozulması Azərbaycan Respublikası qanunvericiliyinə müvafıq surətdə, o cümlədən məhkəmə qaydasında həll edilir. Bu Qanunun pozulmasına görə təqsirkar olan fıziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

                      Maddə 14.Təhsil krediti müqaviləsinin ləğv edilməsi

       14.1.Borcalan, qabaqcadan kreditoru xəbərdar etmək şərti ilə istənilən vaxt birtərəfli qaydada təhsil krediti müqaviləsindən imtina edə bilər. Bundan ötrü borc alan müvəkkil bankı və ya Təhsil Kreditləri Fondunu 7 iş günü ərzində yazılı surətdə məlumatlandırmalıdır.

     14.2.  Bu halda borcalan təhsil krediti müqaviləsindən imtina etdikdə, təhsil kreditinin həm faktiki olaraq təqdim edilmiş hissəsini, həm də istifadə etdiyi məbləğə görə onun üzərinə gələn faizləri ödəməlidir.

        14.3. Borcalan tərəfindən müqavilə şərtləri, eləcə də bu qanunun 8-ci maddəsinin 1-ci bəndi ilə nəzərdə tutulmuş şərtlər pozularsa, kreditor təhsil krediti  müqaviləsinin fəaliyyətini dayandıra və ya ondan imtina edə bilər. Bu halda kreditor təhsil kreditlərinin təqdim edilmiş məbləğinin, ona hesablanmış faizlərlə birlikdə qaytarılmasını tələb etmək hüququna malikdir.

14.4.      Kreditor qanunvericiliklə müəyyən olunmuş qaydada təhsil krediti müqaviləsini yerinə yetirməkdən imtina etdikdə, təhsil krediti müqaviləsinin ləğv edildiyi gündən 7 iş günü ərzində həm borcalana, həm də onun təhsil aldığı müəssisəyə yazılı məlumat verməlidir.

         Maddə 15. Təhsil krediti haqqında müqavilənin qüvvədə olduğu müddət ərzində borcalanın başqa təhsil müəssisəsinə keçirilməsinin nəticələri

15.1.  Borcalan başqa təhsil müəssisəsinə keçirildikdə, həm əvvəlki təhsil müəssisəsi, həm də borcalan özü bu haqda müvəkkil bankı və ya Təhsil Kreditləri Fondunu xəbərdar etməlidir.

15.2.  Borcalan başqa təhsil müəssisəsinə keçirildikdə 7 iş günü ərzində keçirildiyi təhsil müəssisənin  bank rekvizitlərinin və hüquqi ünvanının göstərildiyi ərizəni müvəkkil banka və ya Təhsil Kreditləri Fonduna təqdim etməlidir. Müvəkkil bank və ya Təhsil Kreditləri Fondu sənədləri aldıqdan sonra, borcalanın təhsil aldığı yeni müəssisə qarşısında təhsil kreditləri müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməlidir.

15.3.   Borcalanın başqa təhsil müəssisəsinə keçirilməsinə dair əmrin verildiyi gündən sonra 7 iş günü ərzində əvvəlki təhsil müəssisəsi təhsil xərclərini ödəmək üçün müvəkkil bankdan aldığı pul vəsaitinin borc alanın təhsil xidməti məbləğindən artıq hissəsini müvəkkil banka və ya Təhsil Kreditləri Fonduna qaytarmalıdır.

15.4.    Təhsil müəssisəsi bu sahədəki öhdəliyini bu maddənin 3-cü bəndində  göstərilən müddətdə yerinə yetirməsə, vaxtında qaytarılmayan vəsait qanunvericilikdə müəyyən  olunmuş qaydada faiz ödənilməklə qaytarılmalıdır.

15..5.   Müvəkkil banka qaytarılan həmin məbləğ, borcalanın təhsil krediti müqaviləsi  üzrə aldığı əsas borcun ödənilməsində nəzərə alınmalıdır.

                    Maddə 16. Təhsil krediti müqaviləsinin qüvvədə olduğu müddətdə borcalanın təhsil müəssisəsindən xaric edilməsinin nəticələri

16.1.   Borcalanın təhsil müəssisəsindən xaric edilməsinə dair əmrin verdildiyi gündən sonra 7 iş günü ərzində təhsil müəssisəsi və borcalan bu haqda müvəkkil banka və ya Təhsil Kreditləri Fonduna yazılı məlumat verməlidir.

16.2. Borcalan ödənişli təhsil xidmətləri göstərilməsinə dair müqavilə bağladığı təhsil müəssisəsindən xaric edildikdə, müvəkkil bankın və ya Təhsil Kreditləri Fondunun borcalanı təhsil krediti ilə təmin etmək barədə öhdəliyi ləğv edilir.

16.3.  Borcalan təhsil müəssisəsindən xaric edildikdə, ona göstərilən təhsil   xidmətləri məbləğindən artıq hissə 7 iş günü müddətində müvəkkil banka və ya Təhsil Kreditləri Fonduna qaytarılmalıdır. Bu halda əlaqədar təhsil kreditinin də artıq hissəsi borcalan tərəfındən 7 iş günü  müddətində müvəkkil banka və ya Təhsil Kreditləri Fonduna qaytarılmalıdır.

16.4. Təhsil müəssisəsi və borcalan bu Qanunun 15-ci maddəsinin 3-cü bəndinin tələblərini yerinə yetirməzsə, vaxtında qaytanlmayan məbləğ qanunvericiliklə müəyyən olunmuş qaydada faiz ödənilməklə qaytarılmalıdır.

16.5. Borcalan təhsil krediti müqaviləsinin qüvvədə olduğu müddətdə təhsil müəssisəsindən xaric edildikdə,  müvəkkil bank və ya Təhsil Kreditləri Fondu faktiki olaraq verilmiş kreditin və ona hesablanmış faizlərin təhsil krediti müqaviləsində nəzərdə tutulmuş vaxtdan əvvəl qaytarılmasını tələb edə bilər.

       Maddə 17. Təhsil kreditlərinə dövlət dəstəyi

17.1. Təhsil kreditlərinə dövlət dəstəyi bu məqsədlə Təhsil Kreditləri Fondunun yaradılması, büdcədə nəzərdə tutulan pul vəsaiti hesabına həmin Fonda və müvəkkil banklara kredit resurslarının verilməsi və bu Qanunun tələblərinə müvafıq surətdə sosial kredit üzrə borcun silinməsi, eləcə də kommersiya xarakterli kreditlər üzrə faiz ödənişlərinin həyata keçirilməsi yolu ilə reallaşdırılır.

17.2.Dövlət təhsil kreditlərinə öz dəstəyini həyata keçirməkdən ötrü  hər il dövlət büdcəsindən vəsait ayırır, eləcə də ayrılan kreditlərin risklərini və faizlərinin bir hissəsinin ödənilməsini öz üzərinə götürür.

17.3.Dövlət aztəminatlı ailələrdən çıxan gənclərin keyfıyyətli təhsil almaq imkanlarını genişləndirmək məqsədilə həmin kateqoriyaya aid gənclərin təhsil müəssisəsini əla qiymətlərlə qurtaranlarının təhsil xərclərini  öz üzərinə götürür. Digər kateqoriyaya aid olanlar isə aldığı krediti özləri ödəyir.

17.4.Kommersiya xarakterli təhsil krediti alanlara münasibətdə isə dövlət təhsil müəssisəsini əla qiymətlərlə bitirənlərin ödəyəcəyi faizlərin ödənilməsini öz üzərinə götürür. Digər kateqoriyaya aid olanlar  aldığı kredit üzrə əsas borcu və ona hesablanmış faizləri özləri ödəyir.

17.5. Borcalan təhsil aldığı və möhlətli müddətdə vəfat etdikdə və ya tibbi ekspertiza nəticəcində onun əmək qabiliyyətinin tamamilə itirildiyi təsdiq edildikdə, həmin şəxsin təhsil krediti üzrə borcları dövlət tərəfındən, işlədiyi müddətdə isə sığorta müqaviləsi bağladığı müəssisə tərəfindən ödənilir.

17.6. Borcalanın işsiz olması əhalinin məşğulluq xidmətləri tərəfindən təsdiq edildikdə, təhsil kreditinin ödənilməsi müddəti əlavə olaraq iki dəfədən çox olmamaq şərtilə 6 ay müddətinə uzadılır.

17.7. Təhsil kreditləri verən müvəkkil bankın lisenziyası alındıqda, eləcə də borcalanın təhsil aldığı təhsil müəssisəsinin qeydiyyatı ləğv edildikdə, dövlət borcalanı digər təhsil müəssisində və digər müvəkkil bank və ya Təhsil Kreditləri Fondu vasitəsilə ödənişli təhsilini davam etdirməsini təmin edir.

     Maddə 18. Qanunun həyata keçirilməsinə nəzarət

18.1. Müvafiq icra hakimiyyəti orqanı sosial təyinatlı təhsil kreditləri verilən təhsil müəssisələrinin və ixtisas istiqamətlərinin siyahısını tutur.

18.2.Bu Qanunun konseptual prinsipləri əsasında hazırlanan Təhsil Kreditləri Proqramının və digər müvafıq sənədlərin reallaşmasına nəzarət müvafiq icra hakimiyyəti orqanı və Hesablama Palatası tərəfindən həyata keçirilir.

18.3.Təhsil kreditləri haqqında Qanunun və müvafıq proqramın reallaşmasının vəziyyəti Hesablama Palatasının illik hesabatına salınır və ildə bir dəfə Milli Məclisə hesabat verilir.

18.4.Təhsil kreditlərinin verilməsi və qaytarılmasına ictimai nəzarəti həyata keçirməkdən ötrü Müşahidə Şurası yaradılır.

Maddə 19. Qanunun qüvvəyə minməsi

Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı