Modern.az

Deputat təhsil sahəsinə aid şərh verdi

Deputat təhsil sahəsinə aid şərh verdi

27 Sentyabr 2011, 09:02

“Təhsil kreditləri haqqında” qanun layihəsi barədə deputat Əli Məsimli şərh verib. Modern.az şərhi olduğu kimi təqdim edir.

- Azərbaycanın təhsil sistemində təhsilin ödənişli formasının payı sürətlə artır. Dövlət ali məktəblərində belə onun xüsusi çəkisi artıq 50 faizi ötmüşdür. Eyni zamanda təhsil haqları da sürətlə artmaqdadır. Ölkədə orta aylıq əmək haqqının 350 manat ətrafında, büdcə təşkilatlarında çalışanların xeyli hissəsinin orta maaşlarının isə 200 manatdan da aşağı olduğu bir şəraitdə təhsil haqqları 1000-4500 manat ətrafında olmaqla bundan qat-qat yüksəkdir. Ona görə də aztəminatlı ailələrdən çıxan gənclər ödənişli qaydada təhsil aldıqda ciddi problemlərlə qarşılaşır, bəzən də maliyyə imkansızlığı üzündən daxil olduqları məktəbi tərk etməli olurlar.Vəziyyətin bu cür davam etməsi aztəminatlı ailələrdən çıxan xeyli sayda istedadlı gəncin ali təhsildən kənarda qalması deməkdir. Bu isə Azərbaycanın intellektual potensialı, insan kapitalının inkişafı və gələcəyi üçün böyük təhlükədir. Ona görə də həmin problemin yumşaldılması üçün təhsil kreditləri haqqında qanunun qəbul edilməsi obyektiv tələbata çevrilmişdir.

Son illər Azərbaycanda ayrı-ayrı banklar təhsil kreditləri təklif etməyə başlayıb. Amma həmin kreditlərin şərtləri çox ağır olduğundan aztəminatlı təbəqələr üçün əlçatan deyil. Məsələn, “Bank Respublika”nın təklif etdiyi təhsil kreditlərinin müddəti 1 il, faiz dərəcəsi 26% təşkil edir və ödənişqabiliyyətli fiziki şəxsin zaminliyi tələb olunur.

Təhsil kreditləri haqqında Azərbaycan Respublikasının Qanununun məqsədi keyfiyyətli təhsilin əhalinin aztəminatlı təbəqəsi üçün əlçatanlığının təmin edilməsinin səmərəli mexanizminin yaradılması, bank sisteminin təhsilin həmin probleminin həllinə cəlb edilməsi və bu əsasda təhsilə dövlət dəstəyinin gücləndirilməsidir.

Qanun layihəsi 19 maddədən ibarətdir. Layihədə təhsil kreditlərinin forma, istiqamət və növləri, onun verilməsinin əsas prinsipləri, təhsil kreditləri müqaviləsinin bağlanması və verilmə qaydaları, təhsil kreditlərinin məbləği, faiz dərəcəsi, qaytarılması qaydaları, təhsil kreditlərinə dövlət dəstəyi, qanunun həyata keçirilməsinə nəzarət və sair bu kimi vacib məsələlər öz əksini tapmışdır.

Qanunun məntiqinə görə təhsil kreditləri xarakter etibarı ilə iki formada verilir: kommersiya xarakterli təhsil kreditləri və sosial xarakterli təhsil kreditləri.

Təhsil kreditləri təyinat etibarı ilə də iki istiqamətə ayrılır: əsas təhsil xərclərini ödəməkdən ötrü verilən kreditlər və borcalanın təhsil aldığı müddətdə qidalanma, mənzil, nəqliyyat və s. əlaqədar xərclərini ödəməkdən ötrü verilən kreditlər.

Təhsil kreditləri dövlət vəsaiti, bankın öz vəsaiti, eləcə də qanunla qadağan olunmayan digər mənbələr hesabına verilə bilər. Layihədə göstərilir ki, təhsil kreditlərinin məbləği borcalanın birbaşa təhsil haqqının və təhsillə bağlı digər xərclərinin tam ödənilməsi üçün yetərli olmalıdır.Təhsil kreditlərinin birbaşa təhsillə bağlı hissəsinin illik məbləği borcalanın əsas təhsil xərcləri məbləğindən, əlaqədar təhsil xərclərinin məbləği isə orta aylıq kirayə xərcləri və hər il Milli Məclis tərəfindən təsdiq olunan yaşayış minimumunun 2 misli, yəni 2011-ci ildə qüvvədə olan 95 manatın 2 misli kimi 190 manat səviyyəsində ola bilər. Qanun layihəsinnin tələblərinə görə kommersiya xarakterli təhsil kreditləri maksimum 5 faiz dərəcəsi ilə verilməlidir. Bu faiz gərəcəsi həm postsovet məkanına aid ölkələrin daha çox tətbiq etdiyi dərəcədən xeyli aşağı, həm inkişaf etmiş ölkələrin tətbiq etdiyi orta statistik göstəriciyə yaxın, həm də Azərbaycanda sahibkarlara verilən güzəştli kreditlərin faiz dərəcəsinə (6%) uyğundur. Sosial xarakterli təhsil kreditlərinə görə isə faiz tutulmaması təklif olunur. Bu prinsip Almaniya və bir sıra digər ölkələrdə də tətbiq olunur.

Layihədə təhsil kreditlərinin iki variantda – Təhsil kreditləri Fondu və müvəkil banklar vasitəsilə verilməsi nəzərdə tutulur. Hər iki variantda kreditin verilmə və qaytarılma mexanizmi eynidir. Həm kommersiya, həm də və sosial xarakterli təhsil kreditlərinin 20 ildən çox olmayan müddətdə qaytarması nəzərdə tutulur. Təhsil kreditlərinin qaytarılması müddəti hər bir ölkənin spesifikliyindən və digər şərtlərdən asılı olaraq müxtəlifdir. Praktikada 10 ilə qədər müddət daha çox tətbiq olunur. Azərbaycanda orta əmək haqqı ilə təhsil haqqı arasında böyük fərqin hələ xeyli müddət qalacağını, Azərbaycan gənclərinin xeyli hissəsinin mənzil probleminin olduğunu və sair bu kimi amilləri nəzərə alaraq hesab edirik ki, təhsil kreditlərini qaytarmaq onsuz da kifayət qədər problemləri olan Azərbaycan gənci, gənc ailələr üçün əlavə ağır yük olmamalıdır. Beynəlxalq praktikadan məlumdur ki, təhsil kreditlərinin faizi yüksək və müddəti dar olduqda bu sahədəki problemli kredirlərin də payı artır və bəzən ifrat səviyyəyə çatır. Ona gorə də biz borcalanın aldığı kommersiya xarakterli və sosial təhsil kreditləri 20 ildən çox olmayan müddətdə qaytarılması variantını Azərbaycan reallığına daha uyğun işlək mexanızmin tərkib hissəsi hesab edirik.

Bundan əlavə layihədə bir sıra güzəştli məqamlar da nəzərdə tutulub. Belə ki, təhsil krediti alan şəxs, müvəkkil bankdan aldığı krediti və ona hesablanmış faizi təhsil müddəti bitdikdən sonra 2 il möhlət verilməklə təhsil kreditləri müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarır. Kreditin qaytarılmağa başlanıldığı birinci il ərzində onun aylıq məbləği borc alanın məcmu aylıq gəlirinin 20 faizindən çox ola bilməz.Borcalan şəxs hərbi xidmətdə olduğu müddətdə aldığı krediti və ona hesablanmış faizi ödəməkdən azad edilir. Bundan ötrü borcalan hərbi xidmətdə olması faktını təsdiq edən sənədi müvəkkil banka təqdim etməlidir. Borcalan analıq məzuniyyətində, akademik məzuniyyətdə olduğu və ağır xəstə olduğu təsdiq edildiyi müddətdə ona kredit ödənilməsində əlavə möhlət verilir. Bütün bunlarla yanaşı layihədə təklif olunur ki, təhsil kreditlərini borc alanın əvəzinə, mülkiyyət formasından asılı olmayaraq, onun işlədiyi müəssisə və təşkilat da qaytara bilər.

Layihədə təhsil kreditlərinə dövlət dəstəyi məsələlərinə də geniş yer verilmişdir.Təhsil kreditlərinə dövlət dəstəyinin bu məqsədlə büdcədə nəzərdə tutulan pul vəsaiti hesabına müvəkkil banka kredit resurslarının verilməsi və bu qanunun tələblərinə müvafıq surətdə sosial kredit üzrə borcun silinməsi, eləcə də kommersiya xarakterli kreditlər üzrə faiz ödənişlərinin həyata keçirilməsi yolu ilə reallaşdırılması nəzərdə tutulmuşdur.Dövlət təhsil kreditlərinə öz dəstəyini həyata keçirməkdən ötrü hər il dövlət büdcəsindən vəsait ayırmalı, eləcə də ayrılan kreditlərin risklərini və faizlərinin bir hissəsinin ödənilməsini öz üzərinə götürməlidir. Dövlət bank sisteminin təhsil kreditləri verməsinə marağını artırmaq məqsədilə təhsil müəssisəsində əla qiymətlərlə oxuyanların kreditlərə görə faiz ödənişlərini təhsil kreditləri müqaviləsi bağlanan vaxtdan etibarən həyata keçirir.Dövlət aztəminatlı ailələrdən çıxan gənclərin keyfıyyətli təhsil almaq imkanlarını genişləndirmək məqsədilə həmin kateqoriyaya aid gənclərin təhsil müəssisəsini əla qiymətlərlə qurtaranlarının təhsil xərclərini öz üzərinə götürür. Digər kateqoriyaya aid olanlar isə aldığı krediti özləri ödəyir. Kommersiya xarakterli kredit alanlara münasibətdə isə dövlət təhsil müəssisəsini əla qiymətlərlə bitirənlərin ödəyəcəyi faizlərin ödənilməsini öz üzərinə götürür. Digər kateqoriyaya aid olanlar aldığı kredit üzrə əsas borcu və ona hesablanmış faizləri özləri ödəyir.Borcalan təhsil aldığı və möhlətli müddətdə vəfat etdikdə və ya tibbi ekspertiza nəticəsində onun əmək qabiliyyətinin tamamilə itirildiyi təsdiq edildikdə, həmin şəxsin təhsil kreditləri üzrə borcları dövlət tərəfındən, işlədiyi müddətdə isə sığorta müqaviləsi bağladığı şirkət tərəfindən ödənilir.Borcalanın işsiz olması əhalinin məşğulluq xidmətləri tərəfindən təsdiq edildikdə, təhsil kreditinin ödənilməsi müddəti əlavə olaraq iki dəfədən çox olmamaq şərtilə 6 ay müddətinə uzadılır. Təhsil kreditləri verən müvəkkil bankın lisenziyası alındıqda, eləcə də borcalanın təhsil aldığı təhsil müəssisəsinin qeydiyyatı ləğv edildikdə, dövlət borcalanı digər təhsil müəssisində və digər müvəkkil bank vasitəsilə ödənişli təhsilini davam etdirməsini təmin edir.

Qanunun konseptual prinsipləri əsasında hazırlanan Təhsil Kreditləri Proqramının və digər müvafıq sənədlərin reallaşmasına nəzarət müvafiq icra hakimiyyəti orqanı və Hesablama Palatası tərəfindən həyata keçirilir.Təhsil kreditləri haqqında Qanunun və müvafıq proqramın reallaşmasının vəziyyəti Hesablama Palatasının illik hesabatına salınır və ildə bir dəfə Milli Məclisə hesabat verilir.Təhsil kreditlərinin verilməsi və qaytarılmasına ictimai nəzarəti həyata keçirməkdən ötrü Müşahidə Şurasının yaradılması təklif olunur.

Milli Məclisin deputatı Əli Məsimli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı