Modern.az

Hər kəs özündən başlamalıdır! (Bəxtiyar Sadıqova cavab)

Hər kəs özündən başlamalıdır! (Bəxtiyar Sadıqova cavab)

27 Sentyabr 2011, 13:26

Millət  vəkili, çox hörmətli və dəyərli jurnalist  Bəxtiyar Sadıqovun “Azərbaycan jurnalistikasının peşəkarlıq problemi”  yazısını diqqətlə oxudum və səmimi şəkildə etiraf edim ki, yazıda yer alan, səsləndirilən fikirlərin 80-90 faizini qəbul edir, bölüşürəm.

Bəxtiyar müəllim neçə illərin təcrübəli və peşəkar  qələm əhli kimi jurnalistikamızın indiki durumu ilə, xüsusən, peşəkarlıqla bağlı narahatlığında yüzdə-yüz haqlıdır. Bu gün doğrudan da jurnalistikamızda çox ciddi problemlər var, ələlxüsus, mətbuatda, digər kütləvi informasiya vasitələrində ciddi peşəkarlıq problemi mövcuddur. İndi hər yerindən duran şou-biznesə, bir də  jurnalistikaya üz tutur. Necə deyərlər, ara qarışıb, məzhəb itib.

 Ancaq jurnalistikamızın, mediamızın bu günkü vəziyyətə gəlib çıxmasında hörmətli baş yazarlarımız, media kapitanlarımız da az məsuliyyət daşımırlar, belə demək mümkünsə, az günahkar deyillər. Onların bəzən, daha doğrusu, əksər hallarda subyektiv addımları, qərarları , haqsız yanaşmaları, ədalətsizlikləri və sair üzündən əsl jurnalistlər ruhdan düşür, yaxyd, jurnalistikadan uzaqlaşmaq qərarı verməyə məcbur olurlar.

Peşəkarlığın aşağı düşməsində, azalmasında ən mühüm faktorlardan biri də jurnalistlərin sosial durumlarının, sosial müdafiələrinin, mənzil şəraitinin həddindən artıq aşağı, hətta, acınacaqlı olmasıdır. Axı 250-300, ən yaxşı halda 400 manat məvacibə- bir sıra hallarda da gecikmələrlə- peşəkarlıq, əsl yaradıcılıq, mükəmməl jurnalistika olmur ki?! Mən heç o iddiada da deyiləm ki, məcaviblər artırılan, jurnalistlərin iqtisadi, digər hüquqları təmin edilən kimi, o dəqiqə hər şey düzələcək, jurnalistikamızda  peşəkarlıq artacaq. Amma bununla belə, o da danılmaz bir həqiqətdir ki, jurnalistikada peşəkarlığın artması üçün bunlar vacib məqamlardır. Belə olmayanda da, təbii ki, meydan  qalır haqqında söhbət gedən qeyri-peşəkarlara, jurnalistliyi həvəskar iş sayanlara, ona trampilin kimi və ya başqa gözlərlə baxanlara...Bunları da heç nədən, havadan-sudan demirəm, reallıqdan, neçə illərin təcrübəsindən çıxış edib deyirəm. Nə qədər ağrılı-acılı, qəbul edilməsi zor olsa da, bu, belədir. Vəziyyət, reallıq bundan ibarətdir.

 Bəxtiyar müəllim yazısının bir yerində isə belə qeyd edir:

 " 5-6 nəfər tanınmış və təcrübəli qəzetçi ilə 50 peşəkar jurnalistin adını siyahı şəklində yazmağı qərarlaşdırdıq. Əsas şərt bu oldu ki, heç kəs özünün işlədiyi qəzetdən kimsəni siyahıya salmasın. Təxminimiz belə idi ki, yəqin respublika üzrə 80-100 nəfərin adı düşən siyahı olacaq. Amma heç birimiz hazırda fəaliyyətdə olan 20 nəfər belə peşəkar jurnalist müəyyənləşdirə bilmədik (Onu da qeyd edim ki, siyahıya sonda baxıb birlikdə "təmizləmə" əməliyyatı aparıldıqdan sonra belə vəziyyət yarandı)...".

Açığını deyim ki, Bəxtiyar müəllimin bu mövqeyi ilə heç cür razılaşmaq olmur, razılşa bilmirəm. Bu gün -sıraları getdikcə seyrəkləşsə də - jurnalistikamızda, mediamızda xeyli sayda peşəkarlar -cavan və ya yaşlı, hansı əqidənin daşıyıcısı, mövqeyinin necə olmasından asılı olmayaraq - jurnalistlərimiz var. Məsələn, Zeynal Vəfa, Mahal İsmayıloğlu, Hüseynbala Səlimov, Bahəddin Həziyev, Zamin Hacı, Elnur Astanbəyli, Pərviz Cəbrayılov-tələbə yoldaşım, Seymur Verdizadə, Rəşad Məcid, İlham Quliyev, Yaşar Əliyev, Yusif Rzayev, Akif Aşırlı, Yusif Nəzərli, Seymur Qasımbəyli, Nurəddin Heydərov, Ağa Cəfərli, Elçin Mirzəbəyli, Arzu Şirinova, Seyfəddin Hüseynli, Aydın Bağırov, Elşad Eyvazlı, Əfqan Qafarlı, Xətayi Əzizov, Nardar Bayramov, Rəşad Baxşəliyev, Alim Hüseynli, İmdad Əlizadə, Qalib Toğrul, Aqil Aslan, Elməddin Muradlı, Hikmət və Nazım Sabiroğlu qardaşları, Aqil Camal, Zülfüqar Hüseynzadə, Xaqani Səfəroğlu, Elçin Şıxlı, Əli Əhmədov, Rəşad Süleymanov, Rauf Arifoğlu, Zabil Müqabiloğlu, Natiq Cavadlı, Fəxri Uğurlu, Azər Qaraçənli, Elnur Baimov, Rəhman Hacıyev, Mehman Əliyev və sair və ilaxır....
Bu siyahını bir qədər də uzatmaq, genişləndirmək olar. Amma bunlar da mənzərənin daha aydın olması və təsəvvür edilməsi üçün yetər...

Eyni zamanda, mənim fikrimcə, peşəkarlaşmaya da elə dövlət qəzetlərindən başlamaq daha düzgün olar. Onlarda da cox ciddi peşəkarlıq problemi mövcuddur. Onlarda da sözün  yaxşı  mənasında  nəsillərin əvəzlənməsi prosesi başlamalı və getməlidir. Qoy heç kim inciməsin, bu gün elə adlı-sanlı, imtiyazlı, bığlı-saqqalı jurnalistlər, yazarlar var ki, vallah-billah, indiki bir çox gənc yazarlar-jurnalistlər onlardan qat-qat peşəkardırlar. Adam sadəcə, məəttəl qalır ki, onlar, necə buna nail olublar, bu mərtəbəyə  necə yüksəliblər, yazdıqlarının nə əvvəli-nə axırı bilinir,quru, şablon, əttökən, naftalin iyi verən ifadələr, cümlələr...

Ona görə hər bir sahədə olduğu kimi, jurnalistikamızda da hər kəs özündən başlamalıdır, peşəkarlığın yüksəldilməsinə əməli addımları ilə kömək etməlidir.

Bir daha bu yazısına görə Bəxtiyar müəllimə dərin təşəkkürlər!

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi