Milli Məclisin üzvü Qənirə Paşayeva bu il yüksək balla ali məktəblərə qəbul olunmuş tovuzlu tələbələrlə görüşdü. Azərbaycanda Atatürk Mərkəzində baş tutan görüşdə qəbul imtahanlarında 500-dən yuxarı bal toplayaraq tələbə adı qazanmış 70-dən artıq tələbə iştirak edib. Onlardan 2-ci Prezident təqaüdçüsü, 40-a yaxını isə 600-dən çox bal toplamış tələbələr olub.
Onlar nüfuzlu ali məktəblərin sayğın fakültələrinə, tam əksəriyyəti dövlət sifarişli ixtisaslara qəbul olublar. Bu faktların onda qürur hissi yaratdığını bildirən xanım millət vəkili, tələbələrdən öz vəzifələrini bitmiş hesab etməməyi – əslində daha böyük vəzifələrin bundan sonra başladığını vurğulayıb.
“Siz özünüzü ölkəmizin, xalqımızın qarşısında duran problemlərin həllində iştiraka hazırlamalı, bunun üçün ilk növbədə biliklərə yiyələnməli, yaxşı mütəxəssis kimi yetişməli və öz vətənpərvərliyinizlə seçilməlisiniz. Bunu hər bir tələbə etməlidir, lakin sizlərin ikiqat məsuliyyəti var – çünki mövcud uğurlarınız bizə bunu deməyə əsas verir, – yəni siz daha böyük vəzifələrə hazırlanmağı bacararsınız, buna sizin potensialınız var” – deyə öz fikirlərini bildirib.
Millət vəkili respublikamızın Ermənistan tərəfindən haqsız və elan olunmamış müharibəyə cəlb olunduğunu, 1 milyona yaxın insanımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını qeyd edərək, hər bir vətəndaşımızın, özəllikə, gələcəyin mütəxəssislərinin, ziyalıların daha məsuliyyətli, daha hazırlıqlı olmasının vacibliyinə diqqət çəkib.
Tələbələrə hədiyyələr və kitablar bağışlayan Q.Paşayeva onlara, mənsub olduqları ailələrə, təhsil aldıqları məktəblərin kollektivlərinə öz hörmət və ehtiramını ifadə edib.
Görüşdə iştirak edən tanınmış qələm adamları – “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, telejurnalist Sevil Nuriyeva da tələbələri təbrik edərək, öz arzu və istəklərini bildiriblər.
Tələbələri maraqlandıran suallara cavab verən millət vəkili onların qaldırdığı müxtəlif məsələlərlə bağlı gərəkən addımları atacağını vəd edib.
Millət vəkili tələbələrin ingilis, rus və kompüter biliklərini artırmaları üçün onlara kurs təşkil edilməsi təklifini müsbət qarşılayıb və bildirib ki, öz imkanları hesabına onlara hər üç istiqamətdə daha yaxşı biliklər əldə etmələri üçün kurslar təşkil edəcək.
Tələbələr və onların görüşdə iştirak edən valideynləri millət vəkilinə bu görüş və görüşdə qaldırılan məsələlərə operativ reaksiyasına görə öz təşəkkürlərini bildiriblər.
Sonda görüş iştirakçıları toplu xatirə şəkli çəkdiriblər.
Modern.az