Türkiyənin ünlü sənətçisi İbrahim Tatlısəs uzun illərdir birlikdə olduğu 30 yaşlı sevgilisi Ayşəgül Yıldızla müalicə aldığı xəstəxanada evlənib. Modern.az “CNNTürk”ə istinadən bildirir ki, Ayşəgül Yıldızla İbrahim Tatlısəsin düz 12 ildir ki, sevgilisi idi.
Nikahı Şişli Bələdiyyə başçısı Mustafa Sarıgül qeydə alıb. Nikah şahidliyini isə iş adamı Yüksəl Çağlar ilə “Qalatasaray” klubunun mə.hur baş məşqçisi Fateh Terim edib.
Cütün nikahına yalnız yaxın dostları qatılıblar.
İbrahim Tatlısəs nikah sonrası bunları söyləyib: “Hörmətli Baş nazirimizin məni ziyarəti əsnasında etdiyimiz söhbətdə cənab Ərdoğan artıq mənim bir yuvam olması lazım olduğunu deməklə eyham vurmuşdu. Bu eyham onsuz da düşündüyüm bir yuvanı reallaşdırmama səbəb oldu.
Belə bir xoşbəxt günü bütün dostlarımla və məni sevən xalqımla paylaşmaq istəyərdim. Təəssüf ki, ölkəmizin bu andakı vəziyyəti buna uyğun olmadığından təvazökar bir şəkildə reallaşdırmaq vəziyyətində qaldım. Bu xoşbəxt günümdə yanımda olan ailəm və uşaqlarıma, dostlarıma, qrupuma və bütün sevənlərimə təşəkkür edirəm".
13 martda silahlı hücuma uğrayan Tatlısəs ilə Yıldız arasında hadisədən bir neçə saat əvvəl mübahisə baş vermişdi. Cütlük arasındakı inciklik məşhur sənətçinin "bu gün sabah nə olacağı məlum deyil. Səndən tək bir şey istəyirəm, mən ölsəm, nə olar başqa biri ilə evlənmə. Səni çox sevirəm" mesajını göndərməsiylə sona çatmışdı.


Modern.az