Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Qurban bayramı ilə əlaqədar “Taliban” yaraqlılarına qarşı atəşkəs elan edib. Modern.az xəbər verir ki, bu barədə Əfqanıstan Prezidenti “Twitter” səhifəsində yazıb.
Məlumata görə, “Taliban” rəhbərliyini uzunmüddətli və etibarlı sülh üçün əfqanların istəklərini nəzərə almağa səsləyən Məhəmməd Əşrəf Qani atəşkəs elan etməklə yanaşı, onları İslam dəyərləri və prinsipləri əsasında sülh danışıqlarına da çağırıb.
Atəşkəs Həcc ziyarətinin sonuncu gününədək davam edəcək.
Qeyd edək ki, bir neçə gün öncə “Taliban” yaraqlılarının nümayəndəsi Qurban bayramı günlərində atəşkəs elan edilməsini nəzərdən keçirdiklərini bildirib.