Deputat təhsildəki problemlərdən danışdı
Parlamentin bu günkü iclasında YAP-çı deputat Siyavuş Novruzov Azərbaycan təhsilindəki problemlərə toxunub. Modern.az saytının məlumatına görə, S.Novruzov deyib ki, Milli Məclisdə təhsil sahəsinə aid qanun qəbul olunub. Bu qanuna görə, uşaq bağçalarından keçməyən uşaqlar birinci sinfə qəbul olunmalı deyil. Deputatın sözlərinə görə, Təhsil Nazirliyi açıqlama verib ki, Azərbaycandakı uşaqların 20 faizi bağçalara cəlb olunub. Məktəb direktorları da bundan istifadə edib uşaqları birinci sinifə qəbul etmək istəmirlər.
“Ona görə də hesab edirəm ki, “Təhsil haqqında” qanundan bağçalara getməyən uşaqların birinci sinfə qəbul olunmamasına aid maddə çıxarılmalıdır”.
Deputatın qaldırdığı ikinci məsələ uşaqların birinci sinfə test edilib götürülməsilə bağlı olub. S.Novruzov xatırladıb ki, Konstitusiyada təhsilin icbari olduğu yazılıb: “Yaxşı, valideynlər uşaqlarını testdən keçmək üçün öyərətməlidirsə, o zaman məktəblər nə iş görəcək..?”.
Millət vəkili məktəbli forması ilə bağlı məsələyə də toxunub. Deyib ki, onun məlumatına görə, 20 min şagird məktəbli forması ala bilməyib, tapmayıb.
“Məktəbli formasının satışını biznesə çeviriblər. Vətəndaşları günlərlə bir fabrikin qarşısında növbədə saxlamaq hansı qaydaya-qanuna sığır? Bunun qarşısı niyə alınmır? Adama məktəbli forması verilir və hamı bilir ki, bu necə olmalıdır. Bunu adam gedib Türkiyədə də tikdirə bilər, başqa yerdə də. Niyə məhz bir yerdən almaq lazımdır? Bu biznesdir”.
Deputatın sözlərinə görə, məktəbli formalarını tək bir fabrik tikməli deyil.
Modern.az