Deputat Elmira Axundova parlamentin bügünkü iclasında çıxış edərək məktəbəqədər müəssisələr və peşə təhsili haqqında məsələlərlə bağlı mütləq qanun layihəsinə ehtiyac olduğunu vurğulayıb.
Millət vəkili eyni zamanda gənc ailələrin sosial müdafiəsi haqqında qanun layihəsinə ehtiyac olduğunu söyləyib. Bundan başqa, deputat maraqlı təklif irəli sürüb, bildirib ki, vaxtilə uzunömürlülər diyarı sayılan Azərbaycan artıq bu adı itirib.
Deputat deyib ki, hazırda Azərbaycanda uzunömürlü insanların sayı azdır: “Hesab edirəm ki, 100 yaşından yuxarı insanlar dövlət qayğısına götürülməklə onlar nəqliyyatla, dərman preparatları ilə təmin olunmalıdır. Onlara dövlət qayğısı göstərilməlidir, çünki onlar genefondumuzun özəyi, əsası sayılırlar”.
E.Axundova təhsil sahəsinə də toxunub və deyib ki, məktəbli geyimlərinin baha olması, məktəblərdə uşaqlardan pul yığılması ilə bağlı ciddi məlumatlar var.
“Amma çox təəssüf olsun ki, bu günləri Təhsil Nazirliyi telefon zənglərimizə cavab vermir”-deyə deputat narazılığını ifadə edib.
E.Axundovanın sözlərinə görə, nadir hallarda deputatlar seciçilərin problemlərini həll etmək üçün ayrı-ayrı dövlət qurumlarına rəhbərlik edənlərin müavinləri ilə əlaqə saxlaya bilirlər.
“Çünki rəhbərlər ümumiyyətlə yoxdurlar” deyən millət vəkili bildirib ki, bu məsələlər deputatların fəaliyyətinin iflicinə gətirib çıxaran məqamlardır.
E.Axundova deyib ki, digər dövlət qurumları ilə müqayisədə Prezident Administrasiyasında hər kəslə danışmaq olur, hətta Ramiz Mehdiyevə nə zaman zəng vursan, dəstəyi qaldırır.
Modern.az