Rusiya prezidenti Vladimir Putin və separatçı rejim rəhbərləri arasında görüş olub.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin müstəqilliklərinin Rusiya tərəfindən tanınmasının 10 illiyi ilə əlaqədar Cənubi Osetiya və Abxaziya rejimlərinin rəhbərlərini qəbul edib.
Rusiya prezidenti əvvəlcə Cənubi Osetiya rejiminin rəhbəri Anatoli Bibilovu qəbul edib.
Bundan sonra onlara qondarma Abxaziya rejiminin rəhbəri Raul Xacimba da qatılıb.
Onlar birgə yemək yeyiblər. Tərəflər süfrə arxasında beynəlxalq vəziyyəti də dəyərləndiriblər.
Qeyd edək ki, 1992-ci ilin mayın 29-da ilk müharibə nəticəsində Cənubi Osetiya öz müstəqilliyini elan edərək bir tərəfli qaydada Gürcüstan tərkibindən çıxdığını bəyan edib. Bundan sonra 1992-1993-cü illər müharibəsindən sonra 1994-cü ildə Abxaziya da analoji addımı atıb. O zaman Rusiya qoşunlarını iki rejimə dəstək üçün həmin ərazilərə yeridib.