Mövcud portfel üzrə xarici dövlət borcunun 2018-ci ildə nominal ifadədə artaraq 9,42 milyard ABŞ dolları olacağı proqnozlaşdırılır. Bu artımın əsas səbəbi əvvəlki illərdə imzalanmış kredit müqavilələri üzrə nəzərdə tutulan vəsaiti cari tarixə kreditor qurumların tam ayırmaması və bu istiqamətdə 2018-ci ildə istifadə olunacaq vəsaitin həmin öhdəliklər üzrə həyata keçiriləcək ödənişlərə nisbətən daha çox olmasıdır.
Modern.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya"da qeyd edilib.
Sənəddə göstərilib ki, lakin mövcud (cəlb edilmiş) xarici dövlət borcunun 2019-cu ildə 9,0 milyard ABŞ dollarından 2025-ci ildə 3,8 milyardABŞ dollarınadək azalacağı gözlənilir.
İmzalanmış mövcud kredit müqavilələri üzrə xarici dövlət borcuna xidmət xərclərində 2024-cü ilə nəzərdə tutulan kəskin artımın səbəbi 2014-cü ildə hökumət tərəfindən beynəlxalq maliyyə bazarlarında buraxılmış 1.250,0 milyon ABŞ dolları məbləğində xarici valyuta nominallı dövlət qiymətli kağızlarının 2024-cü ildə birdəfəlik ödənişlə geri qaytarılacağıdır.