Modern.az

Milli Məclis şəxsiyyət vəsiqəsinin rüsumunu, qumar oyunun cəriməsini artırdı

Milli Məclis şəxsiyyət vəsiqəsinin rüsumunu, qumar oyunun cəriməsini artırdı

30 Sentyabr 2011, 17:09

Milli Məclisin payız sessiyasının sentyabrın 30-da keçirilən iclasında bir sıra sənədlərə əlavə və dəyişikliklər edilib. Modern.az saytının məlumatına görə, parlamentin "Dövlət rüsumu haqqında" qanuna etdiyi dəyişiklik nəticəsində şəxsiyyət vəsiqəsinin alınmasına görə dövlət rüsumu artırılıb.

Dəyişikliyə əsasən, Azərbaycan vətəndaşlarına şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə rüsumlar müəyyənləşdirilib.

Şəxsiyyət vəsiqəsi üç iş günü müddətində verildikdə, 10 manat rüsum ödənilir.

Qanuna edilmiş digər dəyişiklliyə əsasən, 16 yaşına çatmamış Azərbaycan vətəndaşlarına şəxsiyyət vəsiqəsi verilərkən, dövlət rüsumundan azad olunurlar.

Dövlət rüsumundan azad olunanlar sırasına qaçqınlar, məcburi köçkünlər, həmçinin Azərbaycanda daimi yaşayan 16 yaşına çatmamış vətəndaşlığı olmayan şəxslər və Azərbaycan vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran xaricdə yaşayan azərbaycanlılar da daxildir.

Hazırda qüvvədə olan qanuna görə, şəxsiyyət vəsiqəsi üç iş günü müddətində verildikdə 5, üç iş günündən sonrakı müddətdə verildikdə 1 manat dövlət rüsumu alınır.

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə dəyişiklik edilib.

İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə əsasən qanunsuz lotereyaların və idman mərc oyunlarının (stimullaşdırıcı lotereyalar istisna olmaqla) hüququ olmayan şəxs tərəfindən təşkilinə görə təşkilatçı şəxs 1500 manatdan 2000 manatadək cərimə ödəyəcək.

Qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsinə 1500 manatdan 2000 manatadək cərimə təyin edilib.

Məcəlləyə başqa bir dəyişikliklə qumar oyununda iştiraka görə cərimənin məbləği də artırılıb. Qumar oyununda iştirak edənlər oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və digər əmlak müsadirə edilməklə 400 manatdan 600 manatadək cərimə olunacaqlar (əvvəl bu məbləğ – 15-20 manat təşkil edirdi).

Bu dəyişiklik qanunla müəyyən edilmiş qaydada keçirilən lotereyalara və idman mərc oyunlarına şamil olunmur.

Bu dəyişikliklərlə əlaqədar Cinayət Məcəlləsinə də əlavə və dəyişikliklər edilib. Qanunsuz olaraq lotereya və idman mərc oyunlarının keçirilməsinə görə bu əməllər təkrar törədildikdə, külli miqdarda ziyan vurduqda, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya bir ildən beş ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Qumarxana üçün yer təşkil edən və həmin yeri saxlayanlar 2 ilədək müddətə islah işləri və ya üç ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Eyni əməllər təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən törədildikdə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Parlamentin Mülki Məcəlləyə etdiyi dəyişikliyə görə isə  barəsində sərəncam verilən daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrinə daxil edilmiş texniki göstəricilərlə faktiki göstəricilər arasında uyğunsuzluq mövcud olduğu halda notarius tərəfindən daşınmaz əmlakın yalnız qanuna uyğun olaraq əldə və ya inşa edilmiş hissəsi üzərində sərəncam verilməsi təsdiqlənir. Bu hal uyğunsuzluq təşkil edən hissədə daşınmaz əmlak üzərində hüquqların rəsmiləşdirilməsinə əsas vermir.

Dəyişikliyə görə, notariat qaydasında təsdiqləndikdən dərhal sonra notarius onlayn rejimdə daşınmaz əmlak barəsində əqdin əsas şərtləri barədə məlumatı daşınmaz əmlakın dövlət reystrinə göndərməlidir. İki iş günü müddətində isə təsdiq edilmiş müqavilənin bir nüsxəsini sifarişli poçt göndərişi vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı