Modern.az

Xocavəndin işğalından 19 il keçir

Xocavəndin işğalından 19 il keçir

Təhsil

1 Oktyabr 2011, 14:24

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocavənd rayonunun işğalının 19 il tamam olur. Sahəsi 145647 hektar olan Xocavənd rayonu 1992-ci il 2 oktyabr tarixində erməni işğalçıları tərəfindən zəbt olunub. Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli, 279-XII  nömrəli qanununa əsasən Dağlıq Qarabağ  Muxtar Vilayəti (DQMV) ləğv edilib. Bu Qanunla keçmiş DQMV ərazisindəki Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılıb. Rayonun əhalisi 41725 (o cümlədən azərbaycanlılar – 10.648) nəfərdir. Rayonda 1 şəhər (Xocavənd şəhəri-rayon məkəzi), 2 iri qəsəbə (Qırmızı Bazar və Hadrut), 81 kənd var.

Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Xocalı rayonları ilə həmsərhəddir.

Üzümü və yaşıl mərməri ilə məş­hur olan rayonda əsas təsərrüfat sahələri heyvandarlıq, üzümçülük, quşçuluq, taxılçılıq, bostançılıq və tərə­vəz­çi­lik­dir. Rayonda arpa, buğda, qarğıdalı, soğan, kartof, yem çuğunduru və bostan-tərəvəz bit­kiləri yetişdirilir. Ra­­yon ərazisində Bağırxan, Qırmızı Bazar, Mədə Bulağı, Baba Bulağı, Ballı Bulaq və s. onlarla istirahət zonaları var.

Ekologiya və Təbii Sərvətlət Nazirliyinin məlumatına görə, özünəməxsus təbii sərvətləri, təbiət abidələri olan qədim yaşayış məskənlərindən sayılan Xocavənd rayonunda ehtiyatları 2034 min m3 olan və üzlük daşı istehsalına yararlı Ediş qabbro; ehtiyatları 989 min ton olan, əhəng istehsalına yararlı Xocavənd əhəngdaşı; proqnoz ehtiyatları 90,33 min m3/gün olan yeraltı şirin su yataqları var.
Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 və diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 2000 yaşlı Şərq çinarı təbiət abidəsi kimi qorunurdu.

Xocavənd rayonunun Qarakənd kəndində Respublikanın “Qırmızı kitab”ına daxil olmuş III dövrün relikt növünə aid, orta diametri 24 sm, hündürlüyü 12 m, yaşı 100 ildən artıq olan azat ağacları da mühafizə olunurdu.

Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınıb, Xocaşın çayının kənarlarında bitən təbii meşə məhv edilibr.
Rayonun Kurapatkin adlanan ərazisində ermənilər tərəfindən 6000 hektara qədər ərazidə olan ağaclar (əncir, tut, nar, fısdıq, yemişan, palıd, qarağac və digər növlər) qırılaraq məhv edilib.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”in əldə etdiyi məlumatlara əsasən, ərazilər mütəmadi yandırılır, fauna və flora tamamilə məhv edilir, işlik materialına yararlı ağaclar qırılaraq Ermənistana aparılır və digər ölkələrə satılır.
Müxtəlif mənbələrdən əldə edilmiş məlumatlara əsasən yandırılmış ərazilərdə 47 adda bitki və 19 adda ağac nümunələri kökündən yanaraq məhv olmuşdur.

Rayonun relyefi əsasən dağlıqdır. Şərqdə və cənub şərqdə əsasən dağətəyi düzənliklərdir. Qarabağ dağ silsiləsinin cənub-şərq qolları bu rayonun ərazisində dağətəyi düzənliyə çevrilir. İqlimi çox yerdə qısa quraq keçən mülayim isti, qışı quraq keçən soyuqdur. Çayları (Xonaşençay, Köndələnçay, Qozluçay, Quruçay, Çaxmaqçay, Alıçay, Atautçay, Binəçay və s.) Kür-Araz hövzələrinə aiddir. Bitki örtüyündə kolluq və seyrək meşəli çəmənlər üstün­lük təşkil edir. Kolluqlar və enliyarpaq meşələri var.Bəşər sivilizasiyasının beşiklərindən biri olan Xocavənd bölgəsi antik, orta əsrlər, yeni və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə zəngindir.

Bu bölgədə ilk insanların yaşadıqları mağaralara, qədim yaşayış yerlərinə, erkən şəhər mədəniyyəti qalıqlarına, möhtəşəm qala divarlarına, müxtəlif dövrlərdə inşa edilmiş türbələrə, daş-qoç heykəllərə - ümumiyyətlə, nadir mədəniyyət nümunələrinə tez-tez rast gəlirik. Xocavənd ərazisində çoxlu sayda (72) dünya və respublika əhəmiyyətli tarixi-memarlıq və mədəniyyət abidələri var. Bunlar Azərbaycan xalqının tarixini, mədəniyyətini, adət-ənələrini göstərən abidələrdir.

Azərbaycanın sosial, siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Xocavəndin hər daşı, hər qayası, hər mağarası tarixin əsl canlı şahididir.

1988-ci ilin fevralından başlayan Qarabağ mühari­bə­sində Xocavənd rayonu 145 şəhid (onların 13 nəfəri qadın, 13 nəfəri uşaqdır) verib. 2 oktyabr 1992-ci il tarixdə Xocavənd rayonu ermənilər tərəfindən işğal olunub.

Xocavənd toponimi 2 hissədən - Xoca sözündən və vənd komponentindən ibarətdir. Xoca sözü türk dilində «müəllim, öyrətmən» anlamındadır. Vənd komponenti İran dillərində «uşağı, nəsli, törəməsi» mənasını daşıyır.

Modern.az saytı işğal altındakı Xocavənd rayonundan şəkillə təqdim edir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...