Modern.az

Azərbaycanın Türkiyədəki səfiri həm də Makedoniyada səfir oldu

Azərbaycanın Türkiyədəki səfiri həm də Makedoniyada səfir oldu

Təhsil

3 Oktyabr 2011, 09:26

Azərbaycan Respublikasının Türkiyədəki səfiri Faiq Bağırov bundan sonra həm də ölkəmizin Makedoniya ilə diplomatik fəaliyyətini tənzimləyəcək. Azərbaycanın Ankaradakı səfirliyindən Modern.az-a verilən məlumata görə, səfir Faiq Bağırov etimadnaməsini Makedoniya Respublikasının prezidenti Gjorge İvanova təqdim etmək məqsədilə Makedoniya Respublikasına səfər edib. Səfər çərçivəsində Makedoniya Xarici İşlər Nazirliyinin protokol idarəsinin rəisi Kənan Ramadani ilə görüş keçirilib. Görüşdə etimadnamənin təqdimatına dair ümumi protokol məsələləri, Makedoniyada akkreditə olunmuş diplomatik nümayəndələrin sayı və digər mühüm məsələlər müzakirə olunub.

Daha sonra etimadnamənin surətini təqdim etmək üçün Makedoniya xarici işlər nazirinin müavini Zoran Petrov ilə görüş keçirilib. Görüşdə nazirliyin Orta Şərq, Afrika, Avropa-Asiya ölkələri ilə ikitərəfli əlaqələr idarəsinin müşaviri Muarem Mexhiti, bölmənin rəis müavini Vukica Krtolica Popovska iştirak edib.

Görüşdə hüquqi bazanın təkmilləşdirilməsi, iqtisadi əməkdaşlıq, sərmayələrin cəlb olunması, yüksək səviyyəli və xarici işlər nazirləri səviyyəsində səfərlərinin təşkili, mədəniyyət sahəsində mübadilə, XİN-lərarası siyasi məsləhətləşmələrin keçirilməsinə dair məsələlər müzakirə olunub.

Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumatı qarşı tərəfin diqqətinə çatdırıb.

Öz növbəsində, Zoran Petrov Azərbaycanın bu məsələdə Makedoniya tərəfindən beynəlxalq təşkilatlar çərçivəsində hər zaman dəstəklənəcəyini ifadə edib.

Səfir Faiq Bağırov həmçinin adıçəkilən nazirliyin Orta Şərq, Afrika, Avropa-Asiya ölkələri ilə ikitərəfli əlaqələr idarəsinin rəisi Jordan Panev ilə görüş keçirib.

Görüşdə ikitərəfli əlaqələr, hüquqi bazanın təkmilləşdirilməsi, iqtisadi əməkdaşlıq, yüksək səviyyəli və xarici işlər nazirləri səviyyəsində səfərlərinin təşkili, Azərbaycan mədəniyyət günlərinin Makedoniyada keçirilməsi və digər məsələlər müzakirə olunub.

Etimadnamənin təqdimetmə mərasimi cari ilin 28 sentyabr tarixində Makedoniya Respublikası prezidentinin iqamətqahında təntənəli şəkildə keçirilib.

Səfir Faiq Bağırov Makedoniya Respublikasının prezidenti Gjorge İvanovun hüzurunda nitq ilə çıxış edərək, Azərbaycanın dövlət başçısı İlham Əliyevin salamlarını çatdırıb. Səfir çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Makedoniyanın verdiyi dəstəyə görə təşəkkürünü bildirib və Azərbaycan ilə Makedoniya arasında mövcüd olan dostluq münasibətlərinin daha da gücləndirilməsinə, eləcə də iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişafı üçün lazımi təşəbbüsün göstəriləcəyini dilə gətirib.   

Öz növbəsində Makedoniya prezidenti səfir F.Bağırovun etimadnaməsini qəbul edərək, onu   bu təyinat münasibətilə təbrik edib.

Daha sonra prezident G.İvanov və səfir F. Bağırov arasında təkbətək söhbət olub.

Prezident G.İvanov Makedoniyanın xarici sərmayələr üçün böyük fürsətlər yarada biləcəyi haqqında xüsusi vurğulayıb.

Söhbətin sonunda Səfir F.Bağırov Azərbaycanın müxtəlif sahələrdə sürətli inkişaf etdiyini qarşı tərəfin diqqətinə çatdıraraq, Azərbaycan ilə Makedoniya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın daha da gücləndirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Həmin gün Makedoniya Respublikası Assambleyasının (Parlamentin) prezidenti Trajko Veljanoski səfir F. Bağırovu qəbul edib. Görüşdə parlamentlərarası əlaqələrin gücləndirilməsi məsələsi də müzakirə olunub.

Trajko Veljanoski Makedoniya Parlamentində parlamentlərarası dostluq qrupunun yaradılacağını bildirib.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...