Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu ABŞ-ın S-400-lərlə əlaqəli təzyiqlərinə cavab verib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə XİN rəhbəri ABŞ-ın özünü kovboy filmlərindəki kimi aparacağı təqdirdə cavabını alacağını söyləyib.
O, yaranmış F-35 gərginliyini nümunə göstərərək ABŞ-a güvənə bilməyəcəklərini də qeyd edib.
“Hava sərhədlərimizi qorumalıyıq, hər kəsdə raketlər var. Bu bizim borcumuzdur. Bunu başa düşməlidirlər. Bəs bizə “Patriot” satmaq barədə zəmanət verə bilirlər. F-35 layihəsinin ortağıyıq, bəzi hissələri Türkiyədə istehsal edilir. Beynəlxalq hüquq var. Kovboy filmlərindəki kimi istədiyimi edəcəyini söyləyərsə, bunun bir qarşılığı olacaq. Özlərinə də bunu söylədik” – deyə Çavuşoğlu bildirib.
Nazir həmçinin Türkiyənin Rusiya ilə əlaqələrini ABŞ-a alternativ olmadığını söyləyib.
Onun sözlərinə görə Türkiyə balanslaşdırılmış xarici siyasət yeritməyə çalışır.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri hazırda Litvada rəsmi görüşlər keçirir.