Modern.az

Mütəllibovla cəbhəçilərin birliyi necə pozulub...

Mütəllibovla cəbhəçilərin birliyi necə pozulub...

Təhsil

3 Oktyabr 2011, 15:37

Fəzail Ağamalı 90-cı illərin gizlinləri barədə danışır...

Ölkəmizin müstəqqilliyini bərpa etməsinin 20 ili tamam olur. Ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən bu proses heç də rəvan olmayıb. O zamankı hadisələrin gizlinləri də çox olub. Modern.az-ın əməkdaşı  həmin dönəmin hamımız üçün maraq doğuran bir məqamını çözməyə çalışıb.
Belə məlumatlar var ki, 1992-ci ildə Azərbaycan Xalq Cəhbəsi ilə eks-prezident Ayaz Mütəllibov tərəfdarları hökuməti birgə formalaşdırmaq barədə razılıq əldə ediblərmiş. Lakin o zaman hərəkatın fəallarından olan indiki deputat Fəzail Ağamalı buna mane olub.

Bununla bağlı F.Ağamalıya müraciət edib məsələyə münasibət bildirməsini istədik.  

Deputat öncə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımının baş verdiyini xatırlatdı: “366-cı rus motoalayının hərtərəfli köməyi ilə ermənilər Xocalı soyqırımını törətdikdən sonra Bakıda yeni mitinqlər dalğası başladı və bu mitinqlərdə başlıca diqqət Ayaz Mütəllibovun komandasına qarşı yönəldi. Çünki Xocalı faciəsinin törədilməsində hər kəs Ayaz Mütəllibov hakimiyyətini və xüsusi olaraq Ayaz Mütəllibovu günahkar bilir və onu günahlandırırdı. O zaman Demokratik Qüvvələr Birliyi var idi. Ora həmin dövrdə fəaliyyət göstərən siyasi partiyalar və Azərbaycan Xalq Cəbhəsi daxil idi. Qurum həmsədrlər institutundan ibarət idi. Onun yığıncağı keçirildi. Yığıncaqda həm Xalq Cəbhəsindən, həm də o zaman fəaliyyət göstərən Ana Vətən Pariyasından, Nizami Süleymanovun rəhbərlik etdiyi Müstəqil Azərbaycan Partiyasından və Rafiq İsmayılın rəhbəri olduğu Azərbaycan Xalq Partiyasından nümayəndələr iştirak edirdi.
Ümumi müzakirədən sonra belə qərara gəlindi ki, 1992-ci il mart ayının 5-də Milli Məclisin qarşısında Xocalı soyqırımı ilə bağlı mitinq keçirilsin. Bu mitinqin aparılmasını Xalq Cəbhəsi öz üzrərinə götürmədi və ona təklif olundu ki, aksiyada  Demokratik Qüvvələr Birliyindən və Bakı Kəndlər Birliyindən iki nəfər aparıcılıq etsin. Eyni zamanda söyləndi ki, Demokratik Qüvvələr  Birliyinə daxil olan partiyalar da bu proseslərdə fəal iştirak etsinlər. Təklif olundu ki, mitinqi mən aparım. Çünki bir qayda olaraq parlamentin önündəki mitinqləri mən aparırdım. Mən bundan imtina etdim. Bunun da səbəbini onunla izah etdim ki, mitinqin təşkilində daha ciddi rol oynamaq istəyirəm.  Əlbəttə, niyyətimi tam açmadım. Çünki bilirdim ki, məndə olan informasiya hər hansı formada hakimiyyətə, Ayaz Mütəllibovun ətrafına çatsa, fikirləşdiyim planın pozulması üçün müəyyən addımlar ata bilərlər. Ona görə də fikrimi tam açmadım. Sadəcə söylədim ki, mən mitinqin aparılmasından imtina edirəm, məqsədim də mitinqin kənardan idarə olunmasına yardım etməkdir.
Qərara alındı ki, mitinqi Demokratik Qüvvələr Birliyindən Məmməd İsmayıl, Bakı Kəndlər Birliyindən isə məşədi Vaqif aparsın. Belə də oldu.
... Mitinq başlamışdı... Milli Məclisdə isə iclas gedirdi. Bizə informasiyalar çatdı ki, Cəbhə ilə Mütəllibov arasında danışıqlar gedir, müəyyən razılaşma əldə olunur ki, Ayaz Mütəllibov prezident kimi postunda qalır, səlahiyyətlərinin xeyli hissəsindən imtina edir və hakimiyyəti Azərbaycan Xalq Cəbhəsi ilə bölüşür. Ayaz Mütəllibovun hakimiyyətdən getməsinin tərəfdarı kimi bilirdim ki, o, iqtidarda qaldıqca Moskvanın Azərbaycan üzərində faktiki hakimiyyəti də sürəcək və çox ciddi problemlərlə üz-üzə qalacağıq. Ona görə də düşünərək belə qərara gəldim ki, fasiləsiz mitinqin keçirilməsinə ehtiyac var. Onda tribunaya qalxaraq mikrofon vasitəsilə söylədim ki, “xahiş edirəm Azərbaycan Xalq Cəbhəsinin Bakıdakı rayon təşkilatlarının rəhbərləri tribunanın qarşısına gəlsinlər, müəyyən məsələlər var, məsləhətləşək”. Dedim ki, “artıq içəridə danışıqlar gedir, Ayaz Mütəllibovun hakimiyyətdə qalması təmin edilir, ona görə gəlin biz fasiləsiz mitinqə keçək”.
Bunu deyəndə mənə qarşı aqressiv münasibət başladı, hətta “təxribatçı” deyərək, ittiham etdilər. Təklifimə iki nəfər müsbət yanaşdı:  o zaman Azərbaycan Xalq Cəbhəsi Məclisinin sədr müavini olan Rauf Qarayev və Nəsimi rayon təşkilatının sədri Əli Quliyev. Qalanlar fasiləsiz mitinqin əleyhinə getdilər.
Belə vəziyyətdə gördüm ki, Cəbhə ilə fasiləsiz mitinqi keçirmək mümkün deyil, qadınlara yaxınlaşdım. O zaman xalq hərəkatında çox fəal iştirakı ilə fərqlənən Gülnarə adlı xanım var idi. Ona vəziyyəti izah etdim. Söylədim ki, xalqımızı böyük xəyanət gözləyir. Ayaz Mütəllibov hakimiyyətdə qalır. Xocalı faciəsinin törədilməsində günahkar olan Mütəllibovun xilası üçün müxtəlif variantlar müzakirə olunur və niyyət də onu yenidən hakimiyyətdə saxlamaqdır. Ona görə də biz bunun qarşısını almaq üçün Ayaz Mütəllibovun istefasını sona qədər tələb edə biləcək fasiləsiz mitinq keçirməliyik.
Mən Gülnarə xanıma dedim ki, qadınları ətrafına yığsın. O, qadınları toplayandan sonra Milli Məclisin qabağında polislərin üzərində nəzarəti həyata keçirən Bakı şəhər Baş Polis İdarəsinin indiki rəsi müavini Yaşar Əliyevə yaxınlaşdım. O zaman general deyildi. Ona dedim ki, burada qadınların çox böyük qəzəbi var və sən də o qəzəbin qarşısında özünü saxlama, çox pis vəziyyətə düşə bilərsən, sənə xəsarət yetirə bilərlər. Dedim ki, polislərə söyləsin ki, bir azdan tribunaya qalxacaq qadınlara çox aqressiv münasibət bəsləməsinlər.
“Siz onlara aqressiv münasibət bəsləsəniz, mitinqdəki kişilər də işə qarışacaq, əməlli başlı qan töküləcək”-deyə bildirdim.
Beləliklə, mən Yaşara Əliyevə xəbərdarlıq etdim. Gülnarə qadınları bir yerə yığdı və biz Milli Məclisin qapısının önünə toplaşdıq. İlkin olaraq hardasa 100-ə yaxın qadın Milli Məclisin önünə qalxdı. Mən tribunaya yaxınlaşdım və dedim ki, “mitinqdə nə qədər qadın varsa. xahiş edirəm ki, hamısı yuxarı  - parlamentin qapısı önünə qalxsın”. Xanımların hamısı bu sözdən sonra hərəkətə gəldi, 1000-ə yaxın qadın yuxarı qalxandan sonra elan etdik ki, xanımlarımızı tək qoymayaq, “kişilər, siz hardasınız, xahiş edirik siz də Milli Məclisi mühasirəyə alın. İmkan verməyək ki, Mütəllibov hakimiyyətdə qalsın..”.

Fəzail Ağamalı deyir ki, qadınlardan biri çantasına daş qoyub və bu daşı onun məsləhəti ilə Milli Məclisin şüşə qapısına çırpıb:
 
“Böyük vahimə yarandı və biz faktiki olaraq 36 saat bu binanı mühasirədə saxladıq. Ən müxtəlif yollarla parlamenti gecə saat 11 və 12-də tərk etməyə çalışan deputatlar bu binadan çıxa bilmirdilər. 36 saatdan sonra Ayaz Mütəllibov ərizəsini yazdı və həmin gün, 1992-ci ilin mart ayının 6-da günorta saat 15 və ya 16 radələrində istefaya getməli oldu.  Beləliklə, Ayaz Mütəllibovun cəbhə ilə birləşməsinə xalqın təziyiqi ilə mane ola bildik.
Həqiqətən parlament daxilində müəyyən qüvvələr, müəyyən insanlar var idi ki, Ayaz Mütəllibovla danışıqlara getməyə meylli idilər. Ancaq xalqın qəzəbindən, müqvimətindən çəkinən bütün deputatlar Ayaz Mütəllibova qarşı durdular.
Mənim niyətim Moskvanın Azərbaycandakı canişini kimi fəlaiyyət göstərən və Azərbaycan üçün problemlər yaradan Ayaz Mütəllibovun hakimiyyətdən getməsini tezləşdirmək idi. Əlbəttə o zaman Heydər Əliyevin hakimiyyətə gəlməsinin tərəfdarlarından biri kimi çıxış edirdim. Təsadüfi deyil ki, 1992-ci il martın 9-da mən Dempokratik Qüvvələr Birliyinin yığıncağında tribunaya qalxaraq təklif etdim ki, gəlin Heydər Əliyevi Naxçıvandan Azərbaycana siyasi hakimiyyətə dəvət edək və bu fəlakətdən çıxmağımızın yeganə yolu ondadır. Orada mənə qarşı böyük təzyiqlər, təhqirlər oldu, mən isə kifayət qədər relallığı özündə ifadə edən fikir söylədim ki, Heydər Əliyev artıq Naxçıvandan çıxıbdır və mən onun ayaqlarının səsini Bakıda eşitməkdəyəm. Xalq onu onsuz da gətirəcək. Nə qədər biz bunu tez etsək, bir o qədər yaxşı olar. Onun böyük təcrübəsindən gəlin istifadə edək. Onun ətrafına yığışaq və Azərbaycanı bu faciələrdən çıxaraq. Çox təəssüf ki, o zaman mənim səsim eşdilmədi”.

F.Ağamalı deyir ki, cəbhə ilə Mütəllibovçular arasındakı danışıqlarda çox ciddi məqam yatırmış: “Ayaz Mütəllibovu da, Azərbaycan Xalq Cəbhəsini də çəkindirən Heydər Əliyev amili idi. Ayaz Mütəllibov hakimiyyətini qoruyub saxlamağa, Azərbaycan Xalq Cəbhəsi isə hakimiyyətə gəlməyə çalışırdı. Bunların hər ikisi üçün Heydər Əliyev çox ciddi maneə idi. Ona görə də çalışırdılar ki, hansısa bir yolla, vasitə ilə Heydər Əliyevi neytrallaşdırsınlar və onun Naxçıvandan Bakıya gəlişinin qarşısını alsınlar. Buna görə də ola bilsin ki, onlar arasında birlik yaranacaqdı”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...