Modern.az

Yaqub Eyyubov Bakını 2020-ci ilin Olimpiadasına hazırlayan Təşkilat Komitəsinin iclasını keçirdi

Yaqub Eyyubov Bakını 2020-ci ilin Olimpiadasına hazırlayan Təşkilat Komitəsinin iclasını keçirdi

Təhsil

3 Oktyabr 2011, 19:03

Bakı şəhərinin 2020-ci ilin Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə Təşkilat Komitəsinin ilk iclası keçirilib.

Modern.az saytı AzTV-yə istinadən bildirir ki, iclası komitənin sədri Baş nazirin birinci müavini Yaqub Eyyubov açıb. Komitə sədri bildirib ki, bədən tərbiyəsi və idman sahəsində həyata keçirilən dövlət siyasətinin daha da gücləndirilməsi, Olimpiya hərəkatının genişlənməsi və geniş coğrafi məkanda təbliğinin təşkil edilməsi məqsədi ilə Bakı şəhərinin 2020-ci ildə XXXII Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyi irəli sürülüb və qəbul edilib. İndi Bakı XXXII Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyi irəli sürülən 6 şəhərdən biridir. Bunlar İstanbul, Madrid, Doha, Tokio, Roma və nəhayət Bakıdır.  2020-ci ildə XXXII Yay Olimpiya Oyunlarını keçiriləcəyi yeri müəyyənləşdirmək üçün iki mərhələdə seçim olacaq. İlk səsvermə 2012-ci ilin mayında , yekun səsvermə isə 2013-cü ilin sentyabrında baş tutacaq. 
Baş nazirin birinci müavininin  sözlərinə görə, Azərbaycanın istər idman, istərsə də digər sahələrdə əldə etdiyi uğurlar, idmançılarımızın Olimpiya oyunlarında qazandıqları nəticələr belə mötəbər yarışların Bakıda keçirilməsinə imkan verir. Bu tədbirin də  məhz Azərbaycanın paytaxtında keçirilməsi dünya idman aləmində ölkənin nüfuzunun artmasına şərait yaradacaq. İclasda həmçinin Bakının  sosial, iqtisadi sahədə əldə etdiyi uğurlardan bəhs edən “İddia kitabı ”nın hazırlanması ilə bağlı məsələ də müzakirə edilib.

Daha sonra gənclər və idman naziri Azad Rəhimov ölkədə idman sahəsində görülən işlər barədə komitə üzvlərinə məlumat verib. Nazir “İddia kitabı”nın hazırlanması üçün artıq bir neçə təcrübəli şirkətlə maraqlandıqlarını da bildirib. Kitabda son illər Bakı şəhərində həyata keçirilən iri layihələr, yenilənən infrastruktur, tikiləcək idman kompleksləri haqqında məlumatlar öz əksini tapacaq. Azad Rəhimovun sözlərinə görə, 2018-ci ildə Azərbaycanın Rusiya ilə birgə keçirəcəyi Dünya Gənclərinin Olimpiya Oyunları da 2020-ci ildə  XXXII Yay Olimpiya Oyunlarının Bakıda baş tutması üçün imkanları daha da genişləndirəcək. 

Sonda dünya çempionu Fərid Mansurov və olimpiya çempionu Namiq Abdullayev onları təşkilat komitəsinə üzv seçdiklərinə görə Prezident İlham Əliyevə və Komitənin sədri , Baş nazirin birinci müavini Yaqub Eyyubova öz minnətdarlıqlarını bildiriblər.

Prezident İlham Əliyev Bakı şəhərinin 2020-ci ilin Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə sərəncam imzalayıb.
Sərəncama görə, Baş nazirin müavini Yaqub Eyyubovun sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. Komitənin üzvü olan vəzifəli şəxslər də müəyyənləşib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...